Fransanın Qime Muzeyinin direktoru Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir

 

Fransanın məşhur Qime (Guimet) Muzeyinin direktoru Jak Jies Azərbaycana mayın 31-də başlamış və iyunun 7-dək davam edəcək səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir.

AzərTAc xəbər verir ki, fransalı qonaq Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda, Qız qalası incəsənət qalereyasında, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, Miniatür Kitab Muzeyində, "Şirvanşahlar Sarayı Kompleksi"ndə, Art Gallery, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat, Milli Azərbaycan Tarixi muzeylərində olmuşdur. Həmin mədəniyyət və incəsənət müəssisələrində keçirilmiş görüşlərdə Azərbaycan-Fransa mədəni əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.

Səfərinin növbəti günlərində Jak Jiesin Müasir İncəsənət Muzeyini, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini, Dövlət Musiqi Mədəniyyəti, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeylərini və yeni inşa olunan xalça muzeyi binasını ziyarət etməsi nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 2.