Maraqlı və unudulmaz görüş

 

Artıq bir neçə gündür ki, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) üzvləri Bakıya gəliblər. Məqsəd neçə ildən bəri bir ənənəyə çevrilən 15-ci "Türk dünyasına xidmət" mükafatını təqdim etmək idi. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın da qatıldığı tədbirdə türkdilli ölkələrin Bakıdakı nümayəndələri, millət vəkilləri, yazıçılar və digər şəxslər iştirak etdilər. TÜRKSAV başqanı Yəhya Akengin mərasimi açaraq bildirdi ki, bu mükafat əvvəllər Türkiyədə, sonrakı illərdə isə digər ölkələrdə təqdim olunur. Vaxtilə Azərbaycan Prezidenti Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və digər tanınmış şəxslərə də bu mükafatın təqdim olunduğu bildirildi.

Builki təqdimat mərasimi isə Azərbaycanın payına düşüb. Təltif olunanlar içərisində ilk olaraq Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı çəkildi. Azərbaycanın birinci xanımı bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, eləcə də Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görüldü.

Daha sonra "Türk dünyasına xidmət" mükafatına layiq görülən, müxtəlif ölkələrdə yaşayan digər ziyalıların adları açıqlandı. Bunlar Almaniyadan Yücel Feyzioğlu, Qazaxıstandan Dosay Kençetay, Macarıstandan Edit Tasnadi, Türkiyədən Türk Dil Qurumunun rəhbəri Şükrü Haluk Akalın, Ali İhsan Kolçu, Çingiz Alyılmaz, Türkiyə Mühəndislər və Memarlar Birliyi və "Yeni səs" dərgisidir.

Bir gün sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar nümayəndə heyətini qəbul edərkən də türk dünyasında baş verən hadisələrə, ədəbi-mədəni əlaqələrə münasibət bildirildi. Anar qeyd etdi ki, Türkiyə istisna olmaqla, digər türk dövlətləri müstəqilliklərinin 20 illiyini yaşayırlar. "Müstəqillik Azərbaycanın son 20 ildə qazandığı ən böyük nemətdir" - deyən Anar Türkiyə ilə Azərbaycan arasında itirilmiş əlaqələrin bərpasını da xüsusi vurğuladı.

Almaniyadan Yücel Feyzioğlu alman birliyinin tarixindən danışaraq: "Niyə türk birliyi olmasın? - dedi. - Biz təkcə neftlə, qazla deyil, ağılla da zənginik". Yücel bəy daha sürətli inkişafımız üçün təhsilin, mətbuatın üzərində böyük məsuliyyət olduğunu da söylədi.

Çingiz Alyılmaz isə türklərin dünyanın hər yerində yaşadığını, təmsil etdiyi qurumun Yaponiyadan, Çindən, Monqolustandan, Tuvadan başlayaraq Qobuya, Qobustana, Dübəndi kəndinə qədər 32 ölkəni əhatə edən geniş bir coğrafiyada araşdırmalar apardığını, Qarabağın özündə türk ruhunu qoruyub saxlayan belə abidələrin sayının 250-dən çox olduğunu qürurla bildirdi. "Biz Qobu ilə, Qobustanla qədim Qobu səhrasını birləşdirən telləri axtarırıq" - deyən Çingiz bəy eyni zamanda Astanada türk tarix və mədəniyyətini öyrənmək üçün təşkil olunan bir tədbirə Azərbaycandan 50 nəfər dəvət etsələr də, kiminsə laqeydliyi nəticəsində cəmi 4 nəfərin gəldiyini də təəssüflə hamının nəzərinə çatdırdı.

Türk Dil Qurumunun rəhbəri Şükrü Haluk Akalın isə bütün türk dünyasının şah əsərlərindən olan, 20-dən çox türk xalqının adı çəkilən, tariximizi öyrənmək baxımından əvəzsiz bir mənbə rolu oynayan Kaşqarlı Mahmudun "Kitabi-lüğətül-türk" kitabını yada salaraq Mustafa Kamal Atatürkün göstərişi ilə hələ o illərdə dərhal onun nəşr edildiyini xatırladı, o vaxt Bakıda təşkil olunan 1-ci Türkologiya qurultayına türk birliyinin məşhur ideoloqlarından biri Əli bəy Hüseynzadənin də qatıldığı böyük bir nümayəndə heyətinin göndərildiyini yada saldı. O, eyni zamanda, yeni ümumtürk lüğətlərinin hazırlandığını, tezliklə onların buraya da göndəriləcəyini bildirdi.

Türkiyə Mühəndislər və Memarlar Birliyinin rəhbəri İbrahim Tərzioğlu dünyada 400 milyondan artıq türkün yaşadığını, əsas türk dövlətlərinin əski sovetlər birliyinin tərkibində olduğunu, hələ 1933-cü ildə Atatürkün tezliklə "sovetlərin dağılacağını, o vaxt bizim qan qardaşlarımıza kömək etməyə hazır olmamızı" istədiyini bildirdi. "Amma biz buna nə qədər hazır olduq? 1915-ci ildə erməni qırğınlarına, soyqırımına məruz qalan bölgələrimiz arasında Ərzurum və Van heç vaxt yaddan çıxmaz. Törətdikləri vəhşiliklərdən sonra həmin vilayətlərdə erməni yaşamasa da, indi orda Axtamar kilsəsinin yenidən bərpa olunaraq fəaliyyətə başlamasına şərait yaradılması nə qədər doğrudur? Ümumiyyətlə, lazımdırmı?"

Vaxtilə Ankarada Keçiörən Bələdiyyəsinin sədr müavini işləyərkən Xocalı şəhidlərinin xatirəsinə ucaltdıqları abidədən, bələdiyyənin qərarı ilə Xocalı faciəsini rəsmi soyqırımı kimi tanıdıqlarını yada salan İbrahim bəy haqlı bir sual da verdi: "Niyə harda müsəlman varsa, orda qan var?" Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" əsərinə Ankarada tamaşa edərkən hamının göz yaşı tökdüyünün şahidi olduğunu söyləməklə "Türk olmaq-hər şeydən əvvəl türkcə danışmaqdır. Türk olmaq xoşbəxtlikdir" - deməyi də unutmadı.

Tədbirdə xalq şairi Fikrət Qoca, İlyas Tapdıq, Ayaz Vəfalı, Abbas Abdulla, Gültəkin Hacıbəyli və başqaları da cıxışlar etdilər, xatirələrini söylədilər, arzularını bildirdilər. Yazıcılar Birliyinin katibi Arif Əmrahoğlu isə ali məktəbdə dərs dediyini, türkcə dərs vəsaitlərinə ehtiyac olduğunu bildirdi.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc da çıxış edərək iki ölkə arasında münasibətlərin təkcə əsgəri deyil, həm də bir qardaşlıq münasibəti olduğunu bildirdi: "Azərbaycan bizim Vətənimizdir... Türkiyə Ermənistanla sərhədlərini niyə bağladı? Bu birlik, bərabərlik mesajı idi. Azərbaycan torpaqları geri qayıtmayanacan sərhədlər açılmayacaq". "Evrovision-2011" mahnı müsabiqəsindəki qələbəyə toxunan səfir gələn il bu mükafatın Eldarla Nigara da verilməsini arzuladığını bildirdi. "İndiyə kimi elədiklərimiz dostları sevindirəcək, düşmənləri ağladacaq".

TÜRKSAV başqanı Yəhya bəy türk dünyasının problemlərindən danışaraq Qarabağı Qəzza ilə müqayisə etdi: "Qəzza kimi, Qarabağ da islam dünyasının qanayan yarası olmalıdır. Qəzzaya gedən gəmilər dünyanın diqqətini bu bölgəyə çəkdiyi kimi, Qarabağla bağlı belə addımlar atılmalıdır".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 3.