Bir zamanın tarixi, yaxud tarixi zaman

 

Azərbaycan Dövlət Nəşriyyatı bu günlərdə serb yazıçısı Milorad Paviçin "Xəzər lüğəti" kitabını nəfis şəkildə çap etmişdir. Kitabın Azərbaycan dilinə tərcüməsinə və nəşrinə ilk dəfə Azərbaycan Respublikasının Serbiyadakı səfirliyi maraq göstərmiş, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov kitabı dilimizə çevirmişdir. Milorad Paviçin "Xəzər lüğəti" kitabı əsasən xəzərlərin tarixi ilə bağlıdır. Əsərdə təsvir edilən hadisələr bizim eranın VII və ya IX əsrlərində baş vermiş və "Xəzər polemikası" adı ilə tarixə düşmüşdür. Müəllif bu olayların bir neçə dəfə təkrarlandığını da mümkün sayır.

Serb yazıçısı "Xəzər lüğəti" haqqında belə bir maraqlı bilgi vermişdir ki, bu kitabın ilk müəllifi polyak Daubmannus olmuş, onu 1691-ci ildə Prussiyada çap etdirmişdir. Təəssüf ki, kitab 1692-ci ildə məhv edilmişdir. Milorad Paviç, əslində, həmin kitabı bərpa etməyi qarşısına məqsəd qoymuş, bunun üçün çox böyük əziyyətlərə qatlaşmış, özündən üç əsr əvvəl yaşamış sələfinin sıradan çıxarılmış bir əsərinə yenidən həyat vermişdir.

Milorad Paviç öz əsərini üç kitab şəklində yazmışdır. O, Xəzər məsələsi haqqında xristian mənbələrinə aid birinci hissəni "Qırmızı kitab", Xəzər məsələsi haqqında islam mənbələrinə aid ikinci hissəni "Yaşıl kitab", Xəzər məsələsi haqqında yəhudi mənbələrinə aid üçüncü hissəni isə "Sarı kitab" adlandırmışdır.

Bu kitabların hər biri ayrı-ayrılıqda böyük zəhmət və gərgin axtarışların bəhrəsi olub, bütövlükdə "Xəzər lüğəti"ni təşkil edir. Məsələn, "Qırmızı kitab"da xəzərlər haqqında belə bir bilgi verilir: "Sarmatiyada birinci olaraq Berzilyanın ən ucqar yerlərindən böyük Xəzər xalqı meydana çıxdı və Qara dənizə qədər olan bütün əraziləri ələ keçirdi. V əsrdə xəzərlər Hun imperiyasına daxil idilər və akasirlər adlanırdılar. Xəzərlər Allahı öz dillərində şərəfləndirirdilər".

Bu qısa mətndə xəzərlərin tarixi ilə bağlı xeyli bilgi verilmişdir. V əsrdə xəzərlər böyük xalq idisə, bu onların tarixinin çox qədim olduğunu göstərir. Axı böyük xalq olmaq üçün neçə minilliklər tələb olunur. Xəzərlər Allahı öz dillərində şərəfləndirirdilərsə, bu da onların öz dillərinin, dinlərinin, inam və etiqadlarının, mifologiyalarının mövcudluğunu söyləməyə əsas verir. V əsrdə xəzərlər Hun imperiyasına daxil idilərsə, bu da daha çox onların qohum tayfalar, etnoslar olduğuna işarədir.

"Qırmızı kitab"da deyilir ki, yunan imperatoru III Leo İsavriyski öz oğlu Konstantini Xəzər xaqanının qızı İrina ilə evləndirib və onların oğlu IV Leo Xəzər 775-780-ci illərdə yunan imperatoru olub. Tarixdən bəllidir ki, kiçik, yaxud zəif hökmdarlar həmişə daha böyük və güclü hökmdarların himayəsindən istifadə etmək məqsədilə onlarla qohumluğa can atırdılar. Yuxarıdakı fakt göstərir ki, yunan imperatoru da məhz bu məqsədlə Xəzər xaqanı ilə qohum olmuş, onun böyüklüyünə və gücünə arxalanmışdır. Deməli, xəzərlər böyük və güclü xaqanlıq yaratmışlar.

"Xəzər lüğəti"ndə arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələrinə də yer ayrılmışdır. Onlardan biri də xəzərlərə aid sikkələrdir. Bu sikkələrdən birinin üzərində üç çubuq təsviri var. Ayrı-ayrı müəlliflər bu çubuqları eyni cür mənalandırmamışlar. Skif rəvayətlərindəki bu motiv Herodot tərəfindən qələmə alınmışdır. Xəzərlərə aid sikkənin üstündəki üç çubuq, çox güman ki, xaqanın oğlanlarının sayını göstərir və burada onların birlikdə güclü olacaqları, tək-tək isə gücsüzləşəcəkləri ifadə edilmişdir. Bu motiv türk mifologiyasında geniş yayılmışdır.

Kitabda xəzərlərin tarixi ilə bağlı olayların təsviri ilə yanaşı, ayrı-ayrı tarixi şəxsiyyətlər haqqında verilən yığcam bilgilər də böyük əhəmiyyət kəsb edir. Burada bircə adı xatırlatmaq olar: Xəzərlərdəki Skila ilə hunlardakı Skilur adlarının oxşarlığı göz qabağındadır. Digər faktlarla birlikdə bütün bu oxşarlıqların təhlili skiflərin, hunların və xəzərlərin qohum etnoslar olduğunu söyləməyə əsas verir. Kitabda xəzərlərin türk olduqlarını təsdiqləyən faktlar isə yetərincə çoxdur.

Milorad Paviçin "Xəzər lüğəti" Azərbaycan və bütövlükdə türk tarixinin, onun xəzərlərlə bağlı səhifələrinin öyrənilməsində dəyərli mənbədir. Çox güman ki, bu kitab tarixçilər tərəfindən geniş şəkildə araşdırılacaq, oradakı faktlardan lazımınca istifadə olunacaq.

 

 

İslam SADIQ

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 5.