Azərbaycan səfirliyi Koreyada keçirilən Dünya Səyahət Sərgisində ermənilərin təxribatının qarşısını almışdır

 

İyunun 2-dən 5-dək Koreya Respublikasının paytaxtı Seulda 24-cü Dünya Səyahət Sərgisi keçirilmişdir.

 

Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, sərgidə müxtəlif dövlətlərin nümayəndələri ilə yanaşı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin bir sıra turizm təşkilatları "Azərbaycan Respublikası köşkü" ilə təmsil olunmuşlar. Azərbaycan nümayəndə heyəti respublikamızın turizm potensialı haqqında sərgi iştirakçılarına ətraflı məlumat vermiş, materiallar paylamışdır.

Koreya Dünya Səyahət Sərgisində Ermənistanı "Armintour" səyahət şirkəti təmsil etmişdir.

Diplomatik nümayəndəliyimiz tərəfindən aşkar olunmuşdur ki, "Armintour" şirkətinin payladığı səyahət broşürlərinin birində Ermənistana təşkil edilən turist marşrutlarına Azərbaycanın işğal altındakı Xankəndi və Şuşa şəhərlərinin adları da əlavə edilmişdir. Məsələ ilə bağlı Azərbaycan səfirliyi tərəfindən dərhal sərginin təşkilat komitəsinə müvafiq müraciət ünvanlanmışdır. Sərginin təşkilatçısı olan "KOTFA" şirkətinin prezidenti ilə görüş keçirilərək Azərbaycanın işğal edilmiş ərazilərinə turist marşrutlarının təşkilinin beynəlxalq qanuna zidd olduğu və ölkəmizin ərazi bütövlüyünün kobud şəkildə pozulduğu vurğulanmışdır. Erməni tərəfinin belə addımının istənilən beynəlxalq sərginin, o cümlədən Koreya Dünya Səyahət Sərgisinin imicinə xələl gətirə biləcəyi bildirilmiş, sözügedən broşürlərin erməni köşkündən yığışdırılması xahiş edilmişdir.

Koreya tərəfi Azərbaycanın mövqeyinin anlaşılan olduğunu bildirməklə yanaşı, işğal edilmiş ərazilərin səyahət marşrutlarına salınmasının və bunların reklam broşürləri vasitəsilə yayılmasının yolverilməz olduğunu demişdir. Vurğulanmışdır ki, erməni tərəfinin hazırladığı broşürlər Koreya Dünya Səyahət Sərgisindən çıxarılacaq, eləcə də cari ildə Koreya Respublikasında keçirilməsi nəzərdə tutulmuş digər beynəlxalq sərgilərdə paylanmasının qarşısı alınacaqdır.

Beləliklə, Azərbaycan səfirliyi tərəfindən Koreya Dünya Səyahət Sərgisində ermənilərin təxribatının qarşısı alınmışdır.

 

 

Azərbaycan.- 2011.- 7 iyun.- S.10.