Pakistanın nüfuzlu "Diplomatik fokus" jurnalında Azərbaycan ilə bağlı məqalə dərc olunmuşdur

 

Pakistanın nüfuzlu "Diplomatik fokus" jurnalında "Azərbaycan Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatının digər ölkələri ilə dostluq münasibətlərini inkişaf etdirir" sərlövhəli məqalə dərc edilmişdir.

M.Elahinin müəllifi olduğu məqalədə Pakistanda 28 May - Respublika Gününün qeyd olunması barədə ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan qədim tarixi keçmişə və zəngin mədəniyyətə malikdir. Azərbaycan xalqı uzunmüddətli azadlıq mübarizəsi nəticəsində 1918-ci ildə öz müstəqil dövlətini - Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdur. Bu, müsəlman Şərqində ilk demokratik respublika olmuşdur.

Pakistanlı müəllif yazıda respublikamızda insan hüquqlarının inkişafına toxunmuş, əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda dini dözümlülüyə yüksək dəyər verildiyi, digər azlıqların heç bir ayrı-seçkiliyə məruz qalmadan sülh şəraitində yaşadığı barədə məlumat vermişdir.

Məqalədə qeyd olunmuşdur ki, zəngin təbii ehtiyatlara malik Azərbaycanda xalqın sosial rifahının təmin edilməsinə xüsusi diqqət yetirilir.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur. Vurğulanmışdır ki, Ermənistan qədim Azərbaycan torpaqlarını işğal etmişdir. Pakistan münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Müəllif Azərbaycan-Pakistan münasibətlərinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu diqqətə çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 iyun.- S. 11.