Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2010-cu il 6 dekabr tarixli, 19952 saylı müraciəti əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin "... məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun" müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmin olunması cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı deyildir. Müdafiəçinin məcburi iştirakı həmin Məcəllənin 92.3.1-ci maddəsinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin tələb etdiyi halda, Məcəllənin 92.3.2-92.3.13-cü maddələrində göstərilən hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edib-etməməsindən asılı olmayaraq cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin edilməlidir.

Ədalət mühakiməsinin maraqları tələb etdiyi hallarda cinayət prosesini həyata keçirən orqanlar cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının konkret hallarını nəzərə alaraq (cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin edilə biləcək cəzanın ağırlığını, işin mürəkkəbliyini və s.) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmayan hallarda da şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edə bilərlər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsində nəzərdə tutulan müdafiəçidən imtina edilməsi qaydası həmin Məcəllənin 92.3.1-ci, 92.3.6-cı, 92.3.7-ci, 92.3.9-92.3.11-ci maddələrinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsə təyin edilmiş müdafiəçidən, habelə ədalət mühakiməsinin maraqları tələb etdiyinə görə cinayət prosesini həyata keçirən orqanın mülahizəsi əsasında təyin edilmiş müdafiəçidən imtina etməsi hallarına şamil edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

Azərbaycan.- 2011.- 8 iyun.- S.4.