“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabı və www.mediaclimate.org saytı təqdim edilmişdir

 

İyunun 8-də Mətbuat Şurası, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabını, www.mediaclimate.org saytını təqdim etmişlər.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə YUNESKO-nun Moskva ofisinin məsul işçiləri, ətraf təbii mühit üzrə alimlər, media mütəxəssisləri və KİV nümayəndələri iştirak etmişlər. Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu layihənin icrası ilə bağlı məlumat vermişdir. Bildirmişdir ki, ötən ilin dekabrında “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində KİV nümayəndələrindən ötrü konfrans keçirilmişdir. Bu gün təqdim etdiyimiz kitab və sayt da həmin layihənin tərkib hissəsidir. Kitaba ön sözü YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, giriş sözünü isə Mətbuat Şurasının sədri Əflatun Amaşov və akademik Urxan Ələkbərli yazmışlar. Nəşrə YUNESKO-nun Yayım Mediası və İqlim Dəyişikliklərinə dair Beynəlxalq Konfransında qəbul olunmuş “TV və radio mediası və iqlim dəyişikliyi” barədə Paris deklarasiyası və BMT-nin baş katibi Pan Gi Munun konfrans iştirakçılarına ünvanladığı müraciət də daxil edilmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, saytın məqsədi qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında KİV-lərin təcrübəsinin artırılmasına, jurnalistlərin bu mövzuda beynəlxalq layihə və tədbirlərdə iştirakına kömək göstərməkdir. Saytda qlobal istiləşmənin səbəbləri və nəticələri, gələcək vəziyyət, statistik göstəricilər əksini tapmış, ekologiya mövzusunda xəbərlər, bələdçi materiallar, xarici nəşrlər yerləşdirilmişdir.

Mərasimdə YUNESKO-nun Moskva ofisinin direktoru Dendev Badarç və Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun informasiya xidməti qrupunun rəhbəri Svetlana Knyazeva, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli, saytın redaktoru Səid Hüseynov və başqaları kitab və saytın jurnalistlərin informasiya əldə etməsində mühüm rol oynayacağını bildirmişlər.

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 6.