"Bərabər hüquq və imkanlar" adlı sosial çarx təqdim edilmişdir

 

İyunun 8-də Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) təşəbbüsü və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış "Bərabər hüquq və imkanlar" adlı sosial videoçarxın təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların və KİV-in nümayəndələrinin iştirak etdikləri tədbiri UAFA-nın rəhbəri Qvendolin Börçel açaraq rəhbərlik etdiyi təşkilat və Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış sosial klip haqqında məlumat vermişdir.

Bildirmişdir ki, sosial klipin əsas ideya və məqsədi əlilliyi olan insanlara cəmiyyətin yanaşma tərzini dəyişmək, onlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq və problemlərinin həllinə dəstək verməkdir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əlilliyi olan insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açmışdır. Natiq həmçinin bu sahədə qəbul olunmuş qanunvericilik aktları və dövlət proqramları haqqında ətraflı məlumat vermişdir.

Tədbirdə mövzu ilə bağlı sosial videoçarx nümayiş olunmuşdur. Sonda Q.Börçel tədbir iştirakçılarına, xüsusilə də KİV nümayəndələrinə əlilliyi olan insanlara dəstək verdikləri üçün minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 6.