Araz Əzimov: Azərbaycan beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri çərçivəsində çeviklik və kompromislərə hazırdır

 

Mayın 26-da Fransanın Dovil şəhərində keçirilmiş "Böyük səkkizlik" ölkələrinin sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatla çıxış etmişlər. Bu bəyanatla bağlı AzərTAc-ın sorğusunu cavablandıran Azərbaycanın xarici işlər nazirinin müavini Araz ƏZİMOV demişdir:

- Biz Fransa, Rusiya və ABŞ prezidentlərinin Dovildə verdikləri birgə bəyanatı çox böyük diqqətlə oxuduq. Bu bəyanat ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin məsələyə münasibətinin səviyyəsini nümayiş etdirir. Bəyanat Azərbaycan və Ermənistan prezidentlərini münaqişənin həlli prinsiplərini işləyib hazırlamaq üçün növbəti addımlar atmağa və bu istiqamətdə öz səylərini artırmağa çağırır.

Azərbaycanın mövqeyinin hamıya bəlli olduğunu qeyd edən nazir müavini vurğulamışdır ki, biz hər hansı dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiqini qəbuledilməz hesab edən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanırıq. Ona görə də güc tətbiq edərək ərazilərin işğal olunması və ələ keçirilməsi qəti və birmənalı şəkildə yolverilməzdir. Məhz bu prinsiplərə görə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz olaraq qalmalıdır, təbii ki, əgər bu haqda digər müqavilə yoxdursa.

A.Əzimov bildirmişdir: "Azərbaycan Helsinki Yekun Aktının bütün prinsiplərinə hörmətlə yanaşır və anlayır ki, xalqların öz müqəddəratını təyin etmək hüququ dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq həyata keçirilməlidir. Məhz bu prinsiplərdən çıxış edən Azərbaycan münaqişənin həlli nəticəsində işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çəkiləcəyini, insanların öz doğma yurd-yuvalarına qayıdacağını, həyatın normal axara düşəcəyini, azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda sülh şəraitində birgə yaşayacağını və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hər iki icması üçün özünüidarə statusunun müəyyən olunacağını gözləyir. Biz bundan artığını istəmirik, amma bundan azına da razı olmayacağıq".

Azərbaycanın beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri çərçivəsində çeviklik və kompromislərə hazır olduğunu deyən A.Əzimov vurğulamışdır ki, Azərbaycan öz ərazi bütövlüyünü heç bir danışıqların müzakirə mövzusu kimi nəzərdən keçirmir. Özünüidarəetmə statusu Dağlıq Qarabağın hər iki - azərbaycanlı və erməni icmalarının iştirakı ilə sonrakı mərhələdə müzakirə edilə bilər və ümidvarıq ki, müzakirə ediləcəkdir. Biz Ermənistan tərəfi ilə bu yolla razılığa gələ biləcəyimizə ümid edirik.

Nazir müavini qeyd etmişdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edir. Biz həmçinin həmsədr ölkələrin prezidentlərinin Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş ərazilər üzərində hazırkı "status-kvo"nun qəbuledilməz olduğunu bildirən qənaətləri ilə razıyıq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün öz səylərimizi həmsədrlərin səyləri ilə birləşdirməliyik. Əlbəttə ki, danışıqlar prosesinə rəhbərlik edən bu üç dövlətin, yuxarıda qeyd etdiyimiz kimi, Helsinki Yekun Aktına riayət olunması üçün əllərindən gələni edəcəklərini gözləyirik. Əgər bu səylər uğurla nəticələnsə, biz həmsədrlərlə birgə bu uğuru qeyd etməyə hazır olacağıq. Zamanın ötməsinə baxmayaraq, Azərbaycan ağır danışıqlar prosesində hələ də səbir, maraq və istəyini qoruyub saxlayır. Lakin, görünür, danışıqların ağırlığı obyektiv meyarlar və səbəblərdən daha çox subyektiv amillərdən və Ermənistanın daxili siyasi çətinliklərindən irəli gəlir. Biz heç vaxt Ermənistan tərəfinin Azərbaycan xalqının Dağlıq Qarabağ regionu da daxil olmaqla öz torpaqlarında yaşamaq hüququnu pozmasına icazə verməyəcəyik. Eyni zamanda, biz Dağlıq Qarabağ regionundakı erməni vətəndaşlarımızın azərbaycanlı vətəndaşlarımızla birgə yaşamalarını təmin etməyə hazırıq.

"Təəssüflər olsun ki, biz Ermənistan tərəfinin beynəlxalq hüququn prinsiplərini yanlış şərh etməsinin, uzlaşmayan məsələlərin əlaqələndirilməsi naminə onlardan sui-istifadə etməsinin və beynəlxalq hüquqda Azərbaycan torpaqlarının işğalına əsaslar tapmaq cəhdlərinin şahidi oluruq", - deyə A.Əzimov vurğulamışdır.

Nazir müavini bildirmişdir ki, biz həmçinin Ermənistan tərəfinin torpaqların qaytarılmasını daha da uzatmasını, bəzi əraziləri gələcək siyasi məsələlər naminə "girov" saxlamasını, eləcə də azərbaycanlı icmanın Dağlıq Qarabağ bölgəsinə geri qayıtmasını rədd etmək cəhdlərini görürük. Bunlar Ermənistanın əsl niyyətini nümayiş etdirir. Bu əsaslar üzərində kompromis əldə oluna bilməz. Ümid edirik ki, beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT, Helsinki Yekun Aktının prinsiplərinin bundan sonra da pozulmasına və onlardan sui-istifadə olunmasına imkan verməyəcəkdir. Biz bu münaqişənin uzun sürən həlli prosesində ATƏT-in dəstəyinə arxalanırıq.

 

 

Azərbaycan.- 2011.-9 iyun.- S. 6.