Naxçıvan ziyarəti

 

* Yazıçının yol qeydləri *

 

Naxçıvanın - bu qədim yurdun havasında nur yağışından çıxmış çiçəklərin ətir-qoxusu vardı, təndir, çörək-bərəkət tamı beləcə bu torpağın canına hopub buğlanırdı...

Naxçıvan şəhərinin mərkəzində dolaşırıq, müşahidə etdiyimiz mənzərələr, torpaq üzərindən çox, dahiyanə bir rəsm əsərində nəqş olunmuş kimidir. Ətrafdakı bütün binalar, küçələr, park və bağlar hissələrə bölünüb, müxtəlif təşkilatların işçiləri tərəfindən qulluq göstərilir, insanlar asudə vaxtlarının bir hissəsini buradakı iməciliklərdə keçirirlər.

Bu, Naxçıvan sakinləri üçün öz övladlarına gözəl, qənirsiz bir şəhər yaratmaq fürsətidir.

Yaşıllıq ərazilər sanki nəhəng pərgarla ölçülərək nizamlanıb, amma bu nizamın özündə də təbiətin bakirəliyi var, hər tərəf yaşıllıq, gül-çiçək, mövsüm vaxtı yol üstə addımbaşı dadlı, lətafətli nemətlərini təklif edən meyvə ağacları...

Əcəmi seyrəngahından, Heydər Əliyevin əzəmətli büstü önündən keçib Möminə xatun türbəsinə yaxınlaşırıq.

İnsan sevgisi maddi formada təsəvvürü mümkün olmayan bir hissdir, amma bu abidəni seyr etdikcə, mənə belə gəlir ki, onun naxışları başdan-başa insan sevgisinin maddi nişanələridir.

Memar Əcəmi bu abidədə tişəsinin qüdrəti ilə sevginin özünə abidə ucaldıb sanki...

Naxçıvan Muxtar Respublikası başdan-başa muzeylər diyarıdır, hər biri haqqında təfərrüatlara varmağı başqa bir yazı üçün arzulayaq. Amma Möminə xatun türbəsi yaxınlığında yaradılmış Açıq səma altında muzeydə bir anlıq ayaq saxlamasaq, olmaz...

Naxçıvandakı qədim insan məskənlərindən tapılmış sivilizasiya izlərinin öz təbii formasında sərgiləndiyi bu yer düşüncələri tarixin alt qatlarına doğru çəkir, zamanın bioloji varlıq olaraq insanı tarix qarşısında zərrə boyda kiçiltdiyi qədər də onu öz nəcib əməlləri, nəsillərə bəxş etdiyi ərməğanlarla tarixin fövqünə ucaltdığını anladır.

Burası bir düşüncə məkanı, insanın öz kiçicik ömründə dünyaya, insanlara verdikləri, özündən sonra adının hansı nişanələrdə yaşayacağı barədə özü ilə həsbi-hal anı...

 

***

 

Yolumuz Naxçıvan şəhərinə özünəməxsus gözəllik verən müasir üslublu binaların, yeni salınmış parkların, istirahət yerlərinin əhatəsindən keçir. Şəhərin mərkəz hissələrindən birində görkəmi ilə göz oxşayan şəhərciklə maraqlanırıq, bu, Naxçıvan Dövlət Universiteti üçün salınmış şəhərcikdir.

Bu sətirləri yazınca, səfərimi ondan da oğrun saxladığım üçün Naxçıvan Dövlət Universitetinin rektoru, deputat həmkarım və ziyalı dostum, akademik İsa Həbibbəylidən gərək üzr diləyəm. Yazını oxuyarkən, Naxçıvana ondan və digər dostlarımdan, xətrini əziz tutduğum deputat həmkarlarımdan, həmçinin kasıb və ehtiyac dolu, müqədəs tələbəlik illərimin yadigarı, bu gün Naxçıvanda mühum dövlət postu tutan Əli müəllimdən xəbərsiz gəlib-getdiyimə görə yəqin ki, xeyli məzəmmət ediləcəyimi də yaxşı bilirdim...

Naxçıvan Muxtar Respublikasının mühüm təhsil, elm və mədəniyyət mərkəzi sayılan bu universitetin hazırda 46 ixtisas üzrə mütəxəssis hazırlığı aparan 10 fakültəsi var. Özünün xəstəxanasına, daxili televiziyasına, elektron kitabxanasına, problem laboratoriyasına, İnformatika mərkəzinə, konservatoriyasına, tələbə teatrı və opera studiyalarına, şən və hazırcavablar klubuna, muzeyinə malik olan universitet həm də dünyanın bir çox dövlətlərinin ali məktəbləri ilə sıx əlaqə saxlayır.

 

***

 

Şəhərdən çıxırıq, Naxçıvanın mərkəzində izlədiyimiz inkişaf mənzərələri son dərəcə abad yollarla bizi ucqarlarda da müşayiət edir.

Burada ən ucqar yaşayış yerlərinə də yeni yollar çəkilib, rahatlığı, səliqəsi ilə yol adamının ruhunu oxşayan bu yollar, yeni tikildiyi yaxından-uzaqdan hiss edilən binalarla əhatələnib: bunlar son illər Naxçıvanın bütün rayonlarında, bütün kəndlərində inşa edilmiş məktəblər, xəstəxanalar, uşaq bağçaları, minlərlə vətəndaşımızın hər axşam evinə çörək apardığı yeni istehsal-emal müəssisələri və digər sosial obyektlərdir...

Şəhərdən uzaqlaşdıqca, sənaye öz inkişaf səviyyəsini kənd təsərrüfatına ötürür, burada aqrar sektorun yüksək templə inkişafı göz qabağındadır. Naxçıvanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin xeyli hissəsi suvarılan torpaqlardır. Muxtar respublika ərazisindəki çaylar üzərində tikilmiş Araz, Arpaçay, Heydər Əliyev adına, Sirab, Uzunoba, Bənəniyar su anbarları torpağın damarına qan verir, üfüqlə qovuşan yaşıl tarlaları, biçənəkləri, meyvə bağları, otlaqlara bəzək verən mal-davar sürüləri ilə təbiət gözlərimiz önündə öyünür sanki, Bakıdan gəlmiş qonaqlara öz gücünü, qüdrətini, bərəkətini göstərir elə bil....

Təbiətin bu qüruru üzü sac üstündə gəlin həyası kimi allanmış, adı dillər əzbəri Naxçıvan lavaşının, çiçək ətirli Naxçıvan pendirinin, min bir Naxçıvan nemətinin tamına qarışıb. Bu nemətlər öz tamını, təbiiliyini, halallığını o qədər qoruyub ki, daddıqca, torpağın ismətinə xələl gətirən, bitkilərin geninə əl uzadan, süni meyvə-tərəvəzləri ilə ağzımızın dadını qaçıran narahat bir dünyada yaşadığını unudub, Naxçıvan nemətlərində duyulan tamın başlandığı yerə, ruhumuzun doğulduğu vaxt və məkana dönmək istəyirsən.

 

***

 

Yolumuz Naxçıvanın dünyaca məşhur daha bir yerindən keçəcək: Duzdağ Fizioterapiya Mərkəzi. Bura duz dağının köksündə tunel formasında uzandıqca uzanan bir Tanrı möcüzəsidir. Xəstələr yeraltı şaxtalardakı köhnə duz mədənlərində qoyulmuş çarpayılarda gecələyir, bronxial astma, ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərinin ən ağır formalarından əziyyət çəkən insanlar burada şəfa tapır.

Heç vaxt təsəvvürümə gətirməzdim ki, burada xəstə övladını artıq üçüncü dəfədir ki, uzaq Sibirdən Duzdağa gətirən rus qadını ilə rastlaşa bilərəm. Onun bu möcüzəli Naxçıvan dağlarında balasına şəfa vermiş Tanrıya ünvanlı dualarını dinləmək o qədər xoş bir hiss idi ki...

Avtomobilimiz dağ yollarını burula-burula Batabat yaylağına qalxır, hər dolanbacda havanın necə dəyişdiyini, daha da təravətləndiyini hiss edirik. Dağların belinə kəmərlənmiş bu dolanbaclarda hərdən yağış döyür, hərdən də Günəş boy uzadır...

Ən ucqar dağ kəndlərinə də mavi yanacaq ötürən qaz boruları dağların sinəsində qızıl həmayil kimi saralır. Planlı idarəetmə və səriştəli təsərrüfatçılıq sayəsində, demək olar ki, qazsız, işıqsız kənd, qəsəbə qalmayıb...

Ətrafda təbiət bütün səxavətini ortaya qoyub. Meşələri başına götürən palıd, vələs, çökə ağacları, süsən, şərq laləsi, ətirli yabanı qərənfil, səhləb çiçəkləri...

Ləçəyində, yarpağında, gövdəsində min bir dərdin şəfasını gizlədən bitkilər xalça kimi torpağın üzərinə döşənib...

Tanrının qüdrət əlinin yaratdıqlarına dayana bilmirik, avtomobili əyləyib göz önündəki gözəlliklərə qarışmaq, bu təkrarsız mənzərənin bir parçasına çevrilmək istəyirik, evimizin sonbeşiyi - dədəm və oğlum İbişlə dizimizi şehə batırıb dağ çiçəklərindən dəstə bağlayırıq. Nə gözəl, qərib torpaqlara həsrət insanlar kimi- uçmağa qanadımız yox...

Hələ Batabat gölündəki məşhur üzən ada, diş göynədən suyundan bircə ovuc içməyə təpər istəyən Zorbulaq...

Bu gözəllikləri hər zərrəsinə, hər otuna-çiçəyinə, hər daşına-qayasına, hər ağacına, koluna qədər təsvir etmək istəyirəm, bu əlvanlığın sözlə rəsmini cızmağa can atıram, amma əlimdəki qələm təbiətin qələmi deyil ki...

Bütün bunlar, bircə gün içində baş verir və bu qədər təəssüratın cəmi bir günə sığışmasına təəccüblənmirəm.

Çünki burada Vaxt insan ömrünə qarşı böyük şəhərlərdəki qədər amansız deyil...

Burada Vaxt İnsanın yox, İnsan Vaxtının hakimidir və vaxt üzərində ilk dəfə bu qədər üstünlük duyğusunun rahatlığı içində hiss edirəm ki, insan bu torpaqlarda yüz illər boyu yaşaya biləcək.... Onun buna haqqı var!...

...Təyyarədən yerə baxıram - aşağıda müdrik qocalar kimi fikrə gedən və bağlı yollarının həsrətini çəkmiş kimi görünən qırmızı dağlar boy-boya dayanıb, çiyin-çiyinə söykənib.

Bu yerlərdə təbiət də öz qurucu-yaradıcı övladları kimidir, düşünür, yaşayır, yaradır...

Doğrudan da, hər insan doğulduğu torpağa oxşayırmış.

Bu yerlərdə yaşayanlara, bu yerləri yaşadanlara sevgi və rəğbət duyğularım sözün ifadə imkanlarından çox böyükdür...

Biz bu dağlara Tanrıya onların yüksəkliyi qədər yaxın olmaqdan ötrü üz tutduq. Bu yüksəkliklərdən qərib ellərimiz, ocağı sönmüş nigaran yurdlarımız da görünürdü...

Tanrının dərgahına əl açdıq burada, dualar etdik. Dualarımız içində Azərbaycanın, Naxçıvanın bu günündən şükranlıq duyğuları da vardı, bundan daha yaxşı günlərin diləyi də, göyüm-göyüm göynəyən yurd nisgilimizin ovunması ümidi də...

Dua etdik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimiz daha da ucalara yüksəlsin, dua etdik ki, Naxçıvan torpağı tezliklə mühasirədən çıxsın.

Dua etdik ki, dağların o üzündən qərib-qərib bizə tərəf boylanan ellərimiz azadlığa qovuşub, yenidən Naxçıvanla çiyin-çiyinə, ürək-ürəyə dayansın, abad yolları ilə yenidən Böyük Azərbaycanımızın boynuna sarılsın...

Həm də inandıq ki, Allah dualarımızı eşidəcək, mütləq eşidəcək!..

İnamımız və ümidimiz işıqlı olsun həmişə!..

 

 

İmamverdi İSMAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 8.