Gəncədə Nizami Gəncəvinin 870 illiyinə hazırlıqla bağlı yığıncaq keçirilmişdir

 

Gəncə Şəhər İcra Hakimiyyətində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə hazırlıqla bağlı yığıncaq keçirilmişdir.

AzərTAc xəbər verir ki, Gəncə ictimaiyyəti nümayəndələrinin, ziyalıların və Nizamişünas alimlərin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq dünya şöhrətli söz ustasının anadan olmasının 870 illiyinə hazırlıqla bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələri diqqətə çatdırmışdır. Natiq bu möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır.

Qeyd edilmişdir ki, yubiley tədbirlərinin ən çox reallaşacağı Gəncədə daha möhtəşəm hazırlıq işləri görüləcəkdir. Artıq dövlətimizin başçısının tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən şairin vətəni olan Gəncədə Nizami Mərkəzinin yaradılması barədə qərar qəbul edilmişdir. AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin nəzdində fəaliyyət göstərəcək bu mərkəz öz fəaliyyət dairəsi baxımından tamamilə fərqlənəcəkdir. Burada çalışacaq 71 nəfər elmi işçi Nizaminin irsini araşdırmaqla yanaşı, şairin əsərlərinin indiyədək tədqiq olunmayan tərəflərini, o cümlədən dahi mütəfəkkirin öz əsərlərində Gəncə ilə bağlı fikirlərini araşdıracaq və müxtəlif dillərdə çap etdirərək dünya miqyasında təbliğini təmin edəcəkdir. Mərkəzin nəzdində yüksək keyfiyyətli avadanlıqla təmin edilmiş mətbəənin qurulacağını diqqətə çatdıran şəhər icra hakimiyyətinin başçısı onu da əlavə etmişdir ki, burada Nizami Gəncəvi muzeyinin yaradılması nəzərdə tutulmuşdur.

Yığıncaqda Nizami irsinin daha dərindən öyrənilməsi, həmçinin yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə bağlı işçi qrupu yaradılmış və onun tərkibi müəyyənləşdirilmişdir. İşçi qrupunun fəaliyyəti, onun yığıncaqlarında müzakirə olunacaq məsələlərlə əlaqədar tövsiyələr verilmişdir.

Toplantıda ölkənin müxtəlif şəhər və rayonlarında, xüsusilə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan yubiley tədbirlərinə hazırlığın yüksək səviyyədə aparılması üçün qarşıda duran vəzifələrdən danışılmış, yubileylə bağlı suvenirlərin hazırlanması, üzərində dahi söz ustasının portreti olan xalçaların toxunması və s. məsələlər ətraflı müzakirə edilmişdir.

AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin direktoru, akademik Fuad Əliyev, Nizamişünas alimlərdən Nəzmiyyə Axundova, Sabir Həsənzadə, Cahan Ağamirov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov və başqaları çıxış edərək dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinə hazırlıqla bağlı rəy və təkliflərini söyləmiş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 8.