Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

Nazirlər Kabineti son günlər dörd yeni qərar qəbul etmişdir.

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 82-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 aprel tarixli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti özünün 2007-ci il 6 oktyabr tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Qərar mayın 27-dən qüvvəyə minmişdir.

"Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 dekabr tarixli fərmanına əsasən, Nazirlər Kabineti "Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə" özünün 2010-cu il 9 avqust tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Qərar iyunun 2-dən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 mart tarixli fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında" qərar qəbul etmişdir.

Qərar iyunun 3-dən qüvvəyə minmişdir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 2.2-ci bəndinə əsasən və respublika müdafiə sənayesi kompleksinin yüksəkixtisaslı kadrlara olan tələbatının ödənilməsi məqsədilə Təhsil Nazirliyinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti

"Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında" qərar qəbul etmişdir.

Qərar iyunun 7-dən qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2011.- 11 iyun.- S. 3.