Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rusiyalı həmkarı Sergey Narışkinlə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə etmişdir

 

Moskvadakı "Prezident otel"də Bakı Humanitar Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin iştirak etmişlər. Təşkilat Komitəsinin iclası çərçivəsində R.Mehdiyev və S.Narışkinin bu il oktyabrın əvvəlində Bakıda keçiriləcək foruma həsr edilmiş ikitərəfli görüşü olmuşdur.

RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin görüşdə demişdir ki, Rusiyada Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edirlər. O demişdir: "Ölkələrimiz arasında əməkdaşlıqdan çox məmnunuq. İqtisadi sahədə qarşılıqlı əlaqələrimiz dinamik inkişaf edir. Beynəlxalq məsələlər barəsində mövqelərimiz oxşardır, bəzən isə tamamilə üst-üstə düşür. Rusiya və Azərbaycan humanitar məsələlərə böyük əhəmiyyət verirlər. Bu, çox geniş sahədir, əslində, ölkələrimizin prezidentləri tərəfindən dəstəklənmiş Bakı Humanitar Forumu ideyası da bunun sayəsində yaranmışdır".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dəvət üçün S.Narışkinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi təşəbbüsü iki ölkənin prezidentlərinə məxsusdur. "Azərbaycanda biz bu məsələyə çox diqqətlə və böyük məsuliyyətlə yanaşırıq. Bu, çox ciddi tədbirdir və biz buraya yeni konkret təkliflərlə gəlmişik", - deyə vurğulayan R.Mehdiyev bu forumun Təşkilat Komitəsinin Bakıda Sergey Narışkinin iştirakı ilə keçirilmiş iclasını, həmin iclasın gündəliyinə daxil edilmiş çoxsaylı məsələnin müzakirə edilməsini xatırlatmışdır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri daha sonra demişdir: "İndi nəzərdə tutulanları həyata keçirmək lazımdır. Fikrimizcə, bu forum təkcə mədəniyyət, iqtisadiyyat sahəsində deyil, bütövlükdə humanitar problemlər üzrə Moskva ilə Bakının əməkdaşlığının inkişafını göstərən çox əlamətdar forum olacaqdır. Zənnimizcə, bu, iki müstəqil dövlətin qarşılıqlı fəaliyyətinin yaxşı göstəricisi olacaqdır".

Ramiz Mehdiyev onu da qeyd etmişdir ki, foruma təkcə Rusiyadan deyil, bütün dünyadan çoxlu tanınmış insanlar gələcəkdir. Qərb dövlətləri, o cümlədən Avropa ölkələri həmin forumda iştirak etmək üçün öz sifarişlərini artıq təqdim etmişlər. Bir sözlə, dünyada bu foruma çox böyük maraq vardır. Xoşagələn haldır ki, forum hər cəhətdən inkişaf edən Azərbaycanda keçirilir. Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, mədəni baxımdan da inkişaf edir. Bakı forumu bir daha təsdiq edəcəkdir ki, Rusiya və Azərbaycan arasında humanitar sahədə qarşılıqlı əlaqələr beynəlxalq səviyyəyə yüksəlir.

Sonra hər iki ölkənin prezident administrasiyalarının rəhbərləri görüşü forumun Təşkilat Komitəsinin üzvlərinin iştirakı ilə geniş tərkibdə davam etdirmişlər. Sergey Narışkin görüşü açaraq qeyd etmişdir ki, Moskva görüşünün məqsədi hər iki ölkənin işçi qrupları tərəfindən işlənilmiş məsələlərin hazırlıq dərəcəsini müəyyənləşdirmək və onları müzakirə etməkdir. O, xüsüsi vurğulamışdır: "Humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığın mühüm tərkib hissələrindən biridir. Tərəfdaşlıq münasibətləri isə həqiqətən strateji münasibətlər kimi qiymətləndirilir".

Ramiz Mehdiyev əlavə etmişdir ki, artıq yarım ildir bu hadisəyə hazırlıq gedir və Azərbaycan bu məsələyə böyük məsuliyyətlə yanaşır. R.Mehdiyev demişdir: "İndi hazırlığın ikinci mərtəbəsi başlanmışdır. Onu daha məsuliyyətli mərhələ kimi səciyyələndirmək olar. Bugünkü müzakirələr forumun keçirilməsinə hazırlıqda sonuncu olmasa da, həlledici məqam olacaqdır. Bu təşəbbüs Azərbaycan və Rusiya prezidentlərinə məxsusdur və bu, işçi qrupun üzərinə daha böyük məsuliyyət qoyur".

Təşkilat Komitəsinin iclasının işində Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, RF XİN-in, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndələri və başqaları iştirak edirdilər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-11 iyun.- S. 4.