Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Berlində səfərdə olmuşdur

 

Almaniyanın qabaqcıl universitetlərindən biri olan Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının işi ilə tanış olmaq, eləcə də universitetin tələbələri qarşısında ölkəmiz haqqında məruzə ilə çıxış etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov iyunun 8-dən 11-dək Berlində səfərdə olmuşdur.

İyunun 9-da Humboldt Universitetində Almaniya ictimaiyyətinin və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə Əli Həsənov “Azərbaycanın müasir inkişafı: Mövcud vəziyyət və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış etmiş, iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Professor Əli Həsənov iyunun 10-da Humboldt Universitetində Azərbaycan tarixini öyrənən tələbələr qarşısında “Cənubi Qafqaz, mövcud geosiyasi vəziyyət və Azərbaycan” mövzusunda ikinci məruzə ilə çıxış etmiş, dinləyiciləri maraqlandıran çoxsaylı suallara cavab vermişdir. Sonra şöbə müdiri Azərbaycan tarixi kafedrasına, universitetin arxivi və kitabxanasına baş çəkmiş, onların fəaliyyəti ilə tanış olmuşdur.

Səfər proqramı çərçivəsində Əli Həsənov Berlində Almaniya Bundestaqının üzvü Philipp Misfelder ilə görüşmüş, Almaniya ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf yollarını müzakirə etmişdir. Şöbə müdiri, həmçinin Berlindəki Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinə baş çəkmiş, Mərkəzin fəaliyyəti ilə tanış olmuş, tövsiyələrini vermişdir.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov görüşlərdə iştirak etmişdir.

Şöbə müdiri Əli Həsənov ölkəmizin Almaniyadakı səfirliyində olmuş, səfirliyin kollektivi ilə geniş tərkibdə görüş keçirmiş, Azərbaycan dövlətinin xarici siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bu istiqamətdə görüləcək işlərlə bağlı bir sıra tövsiyələr vermişdir.

 

 

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-11 iyun.- S. 5.