Rusiyalı alim MDU-nun Bakı filialında məruzə ilə çıxış etmişdir

 

M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında elmi-pedaqoji ictimaiyyətin MDU-nun kimya texnologiyası və yeni materiallar kafedrasının müdiri, kimya elmləri doktoru, professor Viktor Avdeyevlə görüşü olmuşdur.

MDU-nun Bakı filialının prorektoru Azad Tağızadə iyirmi ildən artıq müddətdə karbonlu materialların kimyası və texnologiyası sahəsində elmi araşdırmalar aparan V.Avdeyevi kimya fakültəsinin elmi-pedaqoji ictimaiyyətinə və filialın tələbələrinə təqdim edərək demişdir ki, çoxsaylı elmi əsərlərin müəllifi olan rusiyalı alim öz elmi nəticələrinə görə çoxlu patent və müəlliflik şəhadətnamələri almışdır.

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, MDU-nun kimya fakültəsinin dekanı Valeri Lunun bildirmişdir ki, BMT 2011-ci ili Beynəlxalq Kimya İli elan etmişdir. İyunun 16-da MDU-da kimya elminin inkişafında qadınların rolu mövzusuna həsr edilmiş beynəlxalq konfrans keçiriləcəkdir. Alim demişdir ki, kimya iqtisadiyyatın mühüm sahəsidir, iqtisadiyyatın gələcəyi bu gün hazırlanan mütəxəssislərin səviyyəsindən asılıdır. Akademik gələn il MDU-nun Bakı filialında ilk buraxılış olacağını xatırladaraq demişdir: "Bu məzunların taleyi bizi maraqlandırır".

Pofessor Viktor Avdeyev "Gələcəyin şəhəri üçün nanomateriallar" mövzusunda məruzə ilə çıxış etmişdir. Alim gələcəyin şəhərlərinin üzləşəcəyi problemləri göstərmiş, o cümlədən həmin problemlərin nəqliyyat, energetika və ekoloji aspektlərini qeyd etmişdir. V.Avdeyevin sözlərinə görə, urbanizasiya da ciddi problemdir. Alim demişdir: "Rusiyada əhalinin 80 faizi şəhərlərdə yaşayır". Professor öz məruzəsində gələcəyin şəhəri barədə öz təsəvvürlərini şərh etməklə bərabər, bu problemlərin həllinə Yaponiyada, Çində, Koreyada və Almaniyada yanaşmalar barədə də söhbət açmışdır.

 

 

Azərbaycan.- 2011.-11 iyun.- S. 4.