ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunlarına dair bəyanat yaymışlar

 

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 6-dan 9-dək Bakı, Dağlıq Qarabağ və Yerevana gerçəkləşdirdikləri səfərin nəticələri barədə bəyanat yaymışlar.

ATƏT-in rəsmi saytına yerləşdirilmiş bəyanatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin də qatıldığı səfər zamanı həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağda separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirmişlər.

Bəyanatda qeyd edilir ki, prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın qarşıdan gələn görüşünə hazırlıq çərçivəsində həmsədrlər tərəflərlə prezidentlər Medvedev, Obama və Sarkozinin mayın 26-da Dovildə birgə bəyanatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinin Baza Prinsiplərinin tamamlanması və təsdiqlənməsinə yönəlmiş və münaqişənin sülh yolu ilə həllinin əsasını təşkil edəcək addımları müzakirə etmişlər.

İyunun 7-də həmsədrlər Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların təmas xəttini piyada keçmişlər və bu, son 10 ayda üçüncü belə hadisə olmuşdur. Son 16 ildə baş vermiş belə hallar nümayiş etdirir ki, tərəflər 1994-cü ildə bağlanmış atəşkəs rejiminə riayət etmək üçün əməkdaşlıq edə bilərlər.

Bununla əlaqədar həmsədrlər tərəfləri bu gərgin mərhələdə danışıqlar prosesinə zərbə vuracaq hər hansı təxribat xarakterli addım və hərəkətlərə yol verməməyə çağırmışlar.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2011.-11 iyun.- S. 5.