Müəllim fərəhi

 

Yevlaxda hamının tanıdığı, hörmətlə yanaşdığı ziyalılardan biri də "Kür" qəzetinin baş redaktoru, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızıdır. Belələrinə, adətən, "əhsən səni yetişdirən valideynlərə, əhsən sənin müəllimlərinə" deyə rəğbət və razılıq ifadə edirlər. Əminə Yusifqızı bütün həyatı boyu valideynlərinə və müəllimlərinə həmişə alqış qazandıran olub.

Çoxlarına elə gəlir ki, tanınmağın yolu yalnız paytaxt şəhərlərdən keçir. Yəni bu cür yanaşmanın məntiqinə görə, əyalət yerində yaşayıb işinlə, əməlinlə ad-san sahibi olmağı arzulamaq dəryada balıq sövdasına bənzəyir. Amma haqqında söhbət açacağım insanın həyatı bu stereotipləri rədd edir. Sübuta yetirir ki, hansı peşənin sahibi olmasına baxmayaraq, ən kiçik coğrafi məkanda yaşasa belə insanın tanınmaq trayektoriyası ölkəsinin hüdudlarını əhatə edir. Yetər ki, peşəsinin xiridarı olsun, onu ürəkdən sevsin.

Əvvəl onun anasını tanımışdım. 1956-cı ildə ali təhsilimi başa vurub Yevlaxdakı 1 nömrəli məktəbə fizika-riyaziyyat müəllimi kimi işləməyə gələndə mehriban, xoşxasiyyət Nazxanım Səfərova, aramızda 14 yaş fərq olmasına baxmayaraq, daha çox könlümə yatan, dostlaşdığım həmkarım oldu. Və getdikcə münasibətlərimiz daha da möhkəmləndi. Onun ailə üzvlərini tanıdım. Nazxanım müəllimənin həyat yoldaşına ondan yaşca böyüklər "Yusif bəy", kiçiklər isə "Yusif əmi" deyə ehtiram göstərirdilər. Yaxşı tar çalmağı vardı, yanıqlı səs sahibi idi, hərdən "Zəminxarə" üstə oxuyardı. Bu da onun mükəmməl dini təhsil almasından irəli gəlirdi. Bir sözlə, əsl bəy, zadəgan idi Yusif kişi.

Belə bir ailənin övladı olub, belə bir mühitdə böyüyüb Əminə. Ona ailədə elmə böyük maraq və sevgi, əməksevərlik, fədakarlıq öyrətmişdilər. Xatırlayıram ki, əlaçı şagird olan Əminə ictimai fəallığı ilə də nümunə idi. Çox qısa vaxtdan sonra direktoru olduğum məktəbdə Əminə həm də olduqca obyektiv, ədalətli və cəsarətli bir gənc kimi rəğbətimi qazandı. Və mən əminliklə deyirəm ki, onun jurnalistlik fəaliyyətində qazandığı uğurlar, imzasının bir yazar olaraq məşhurluğu məhz xarakterindəki bu keyfiyyətlərdən qaynaqlanıb.

Bakı Dövlət Universitetinin jurnalsitika fakültəsini bitirib Yevlaxda çıxan "Təşəbbüs" (indiki adı "Kür") qəzetində işə başladığı ilk gündən fərqləndi, yazıları ilə diqqəti cəlb etdi. O, jurnalist qətiyyətini, obyektivliyini, nöqsan və çatışmazlıqlara qarşı barışmaz mövqeyini peşəkarlıqla nümayiş etdirdi. Həqiqəti dostluğa, tanışlığa, səmimi münasibətə qurban verməmək onun həyat kredosu oldu. Haqqı tapdanan ona ən yaxın adamı, doğması kimi qəlbini açıb, dərdini söyləyir, məsləhət, kömək istəyir və razı qalırdı. İndi də çoxları o zaman qəzetin "Çeşmək" satirik guşəsində gedən felyetonları yaxşı xatırlayır. İlk vaxtlar bu cür enerji və əqidə dönməzliyi ilə fəaliyyətə başlayan gənc jurnalsitə "tezliklə o da ipə-sapa yatacaq" düşüncəsi ilə yanaşanlar da olurdu, amma onu daha yaxından tanıyanlar bilirdi ki, bu yolda Əminə üçün hədəfə doğru irəliləmək var, dayanmaq, büdrəmək, geriyə baxmaq yox.

Onun jurnalist peşəsinə vurğunluğunun nəticəsi idi ki, 1990-1993-cü illərdə ölkədəki hərc-mərclik, bunun da nəticəsi olaraq yaranmış ictimai-siyasi, sosial-iqtisadi böhran üzündən əksər əyalət qəzetləri maliyyə çətinliyi səbəbindən nəşrini dayandıranda, jurnalistlər qazanc üçün başqa sahələrə üz tutanda "Kür" nəşrini davam etdirdi, az maaşa qane olan əməkdaşlar iş yerlərini tərk etmədilər. Həm də elə bu cür çətin şəraitdə yenə də həqiqət və ədalət naminə mübarizə, nöqsanlara qarşı birmənalı kəskin mövqe qəzetdə gedən yazıların əsas prinsipi, ana xətti oldu. Çoxlarının vurnuxduğu, öz yerini müəyyən etməkdə çətinlik çəkdiyi vaxtlarda o, yenə də öz əqidəsinə sadiqlik nümayiş etdirirdi. Çünki Əminə Yusifqızı ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşü ilə hər şeyin tezliklə öz yerini tapacağına, respublikada həyatın öz axarına düşəcəyinə ürəkdən inanırdı. O inanırdı ki, gün gələcək, bütün çətinliklər arxada qalacaq, "Kür"ün sözün həqiqi mənasında fədakar əməkdaşları layiq olduqları qiyməti alacaq, haqq etdikləri qayğı ilə əhatə olunacaqlar.

2004-cü ildən sonrakı dövrü rəhbərlik etdiyi qəzetin fəaliyyətinin "qızıl dövrü" adlandırır Əminə xanım. Söz düşəndə isə bunu belə əsaslandırır:

- Qəzetimizin yaxşı jurnalist kadrları var. Həmişə vicdanla işləmişik, jurnalist adına hörmət, şərəf gətirən fəaliyyət göstərməyə çalışmışıq. Yaradıcı adamlar həddən artıq həssas, hissiyyatlı olurlar. Onların xoş sözə, isti münasibətə, qayğıya ehtiyacları var. Bu mənada Yevlax Şəhər İcra Hakimiyyətinə rəhbərlik etdiyi müddətdə Elmar Vəliyevin qəzetin həyatındakı rolu təqdirəlayiqdir. Məhz onun diqqəti və yaxından köməyi ilə qəzetin əvvəlki şöhrəti özünə qaytarıldı. "Kür"ün tirajı görünməmiş sürətlə artdı. İndi 7200 tirajla nəşr olunur. Şəhərin mərkəzində uzun illərdir ki, fəaliyyət göstərdiyimiz ikimərtəbəli, geniş həyəti olan bina ŞİH başçısının sərəncamı ilə redaksiyanın balansına verildi. İxtiyarımızda xarici markalı maşın var. Qəzetin maddi-texniki bazasının müasir tələblər səviyyəsində olması da rayon rəhbərliyinin qayğısı ilə mümkün olmuşdur. Ölkə başçısı möhtərəm İlham Əliyevin medianın inkişafına göstərdiyi qayğıdan, jurnalistlərin azad, sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən istifadə edərək qəzetimizin hər sayında sözümüzü deyə bilirik.

Ötən ilin dekabrında "Kür"ün 75 illik yubileyi keçirildi. Bu, Əminə xanım üçün ikiqat yubiley hesab oluna bilərdi. Çünki onun qəzetdə fəaliyyətinin 35 ili tamam olurdu. Şəhərimizdəki ulu öndərin adını daşıyan möhtəşəm sarayda keçirilən tədbirdə böyük qələbəlik vardı. Respublika mətbuatının tanınmış simaları da öz çıxışlarında bu qələbəliyi oxucu məhəbbəti və sevgisi ilə bağladılar. Bu sevginin qazanılmasında isə, təbii ki, qəzetin baş redaktoru kimi Əminə Yusifqızının əməyi danılmazdır.

Ə.Yusifqızı YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri, "Qızıl qələm", Həsən bəy Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının laureatıdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Bu günlərdə eşidəndə ki sevimli şagirdimin yubileyidir və bu yubiley şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə ümumrayon səviyyəsində qeyd edilir, hədsiz sevindim. Bu, fəaliyyətini qəzetçiliklə bitmiş hesab etməyən, şəhərin ictimai həyatında fəallığı ilə seçilən, hətta el məclislərində yaxından iştirak edərək sıravi insanların da hüsn-rəğbətini qazanan bir ziyalı kimi Əminə Yusifqızının halal haqqıdır. Yubiley mərasimində respublikanın tanınmış jurnalist təşkilatlarının rəhbərlərinin iştirakı, yubilyar haqqında söylədikləri fikirlər Əminə Yusifqızı imzasının Azərbaycanın media məkanında yeri və mövqeyindən xəbər verir.

İnsanlar ona bir ümid yeri kimi baxırlar. Bu da səbəbsiz deyil, çünki o, insanların problem və qayğılarının həlli ilə bağlı çalışmalarını jurnalist fəaliyyəti ilə həmişə paralel aparıb. Onlarla insana iş tapmaqda yardımçı olan bu xanımla insanlar həm də öz şəxsi problemlərini, dərdlərini də bölüşür, ondan aldıqları dəyərli məsləhətlər və yardımlardan faydalanırlar.

Əminə həm də gözəl bir ailə sahibidir. Təhsil görmüş, cəmiyyət içərisində layiqli insanlar kimi tanınan övladların anası, bir-birindən şirin-şəkər nəvələrin sevimli nənəsidir.

Hər şeyin ən yaxşısını bacarmaq, yaxşı insan, yaxşı mütəxəssis, yaxşı vətəndaş, yaxşı həyat yoldaşı, ana, nənə olmaq olduqca çətin bir işdir. Amma mənim lap uşaqlıqdan tanıdığım Əminə Yusifqızı bütün bu çətinliklərin öhdəsindən bacarıqla gəlir. Bir daha qeyd etmək istəyirəm ki, məhz malik olduğu yüksək şəxsi keyfiyyətləri nəticəsində.

56 illik pedaqoji fəaliyyətimin 45 ili direktor olduğum illərdir. Bu 45 ildə 6 minə yaxın məzunumuz olub. Onların içərisində vətənə, xalqa, dövlətə, valideynlərinə, müəllimlərinə sadiq olanları saysız-hesabsızdır. Əminə Yusifqızı onların ən birincilərindəndir. "O, mənim şagirdim olub" sözlərini həmişə fəxrlə söyləmişəm və bundan böyük zövq almışam.

Bir insana lazım olan nə varsa, Əminə Yusifqızı ona sahibdir. İndi mənimlə razılaşarsınız ki, insanın tanınmasında çoxlarının can atdığı, nəhəng elmi mərkəzlərin yerləşdiyi, həyatın daha çox qaynadığı böyük şəhərlərin deyil, onun fəal vətəndaşlıq mövqeyinin rolu daha böyükdür. Harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, insan məsul olduğu sahədə vicdanla, torpağına və yurddaşlarına sevgi dolu ürəklə çalışanda hər şeyə nail olur. Əminə Yusifqızı kimi.

 

 

Qiyas QULİYEV,

Yevlax Rayon Ziyalılar

Cəmiyyətinin sədri,

əməkdar müəllim

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 7.