Azərbaycan ilə İsveç arasında siyasi dialoq yüksək səviyyədədir

 

İyunun 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri Karl Bildt ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyini isveçli həmkarının diqqətinə çatdırmış, danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı məlumat vermişdir.

E.Məmmədyarov Azərbaycan ilə İsveç arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcudluğunu qeyd edərək bu əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulamışdır. Xüsusilə iqtisadi sahədə münasibətlərin inkişaf səviyyəsindən razılıq və İsveç şirkətlərinin Azərbaycanda bir sıra sahələrdə geniş fəaliyyət göstərməsi qeyd olunmuşdur.

Azərbaycana səfərindən məmnunluğunu bildirən K.Bildt ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulamışdır. İkitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu qeyd edən isveçli nazir beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərin genişlənməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İsveçin xarici siyasət idarəsinin rəhbəri ölkəsinin danışıqlar prosesini dəstəklədiyini və uzun illər davam edən münaqişənin həlli istiqamətində əldə edilən istənilən nailiyyətin çox önəmli olduğunu vurğulamışdır.

K.Bildt Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ sazişin imzalanmasının vacibliyini də diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu saziş Azərbaycanda inkişaf prosesinə öz töhfəsini verəcəkdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 2.