Müstəqilliyi möhkəmləndirən mütərəqqi inkişaf strategiyası

 

Tarix sübut edir ki, müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti üzərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Belə taleyüklü mərhələlərdə bir həqiqət də təsdiqini tapmışdır ki, hər bir dövlətin üzləşdiyi təhdidlərə qarşı əzmkar müqavimət göstərməsi, ilk növbədə, ona rəhbərlik edən siyasi liderin şəxsiyyətindən, idarəçilik səriştəsindən və qətiyyətindən asılıdır.

Bu ilin oktyabrında müstəqilliyinin bərpasının iyirminci ildönümünü təntənəli surətdə qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasının ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi böyük sarsıntı və çətinliklər milli dövlətçilikdə lider amilinin müstəsna rolunu bir daha təsdiqləyir. Müstəqil Azərbaycanı iqtisadi sahədə sürətlə inkişaf edən və qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyən dövlətə çevirən möhtərəm Prezident İlham Əliyevin 2011-ci il yanvarın 21-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda da bu reallıq önə çəkilir, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyin qurtuluşu yolundakı tarixi xidmətləri xüsusi vurğulanır. 1993-cü ildə ulu öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın xaos və anarxiyadan qurtularaq davamlı inkişaf yoluna qədəm qoyduğu xüsusi vurğulanır: "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".

 

Hərtərəfli inkişafın uğurlu təməli

 

Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı təminat yaratmaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi bu taleyüklu mərhələni məhz qətiyyətli və müdrik lideri Heydər Əliyevin rəhbərliyi altında geridə qoymuş, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirmişdir.

Ümummilli lider özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürmüş və onun həyata keçirilməsini mərhələlərlə təmin etmişdir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin davamlı intibaha xidmət edən milli inkişaf modelinin prioritet istiqamətləri sırasında:

1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmini mühüm yer tutmuşdur.

Ulu öndər Heydər Əliyev böyük müdrikliklə bildirmişdir ki, bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Ümummilli lider sosializm dövrünün populizmə əsaslanan "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizindən, formal səciyyə daşıyan "sosial bərabərlik" şüarından fərqli olaraq Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin qorunması yolu ilə yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi üçün sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə bərqərar olmasına çalışmışdır. Bu model məhz cəmiyyətdə sosial ədalət prinsipinin qorunmasına xidmət etmişdir.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi xırda çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Özəlləşdirmə prosesi ilə paralel respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir.

 

Yeni neft strategiyası - davamlı inkişafa təminat

 

20 illik müstəqillik yolunun mühüm göstəricilərindən biri də xalqın təbii sərvətləri üzərində yiyəlik hüququ qazanması və davamlı inkişafı naminə məqsədyönlü şəkildə istifadə etməsidir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müdrik siyasətçi kimi yaxşı bilirdi ki, Azərbaycanın dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi inkişafı heç də sırf təbii sərvətlərin zənginliyinə söykənmir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft amili üzərində qurulması və neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi presedent də var.

İqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü. 1994-cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi də ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrildi. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşürdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşən cənab İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək Qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail oldu. Bu hadisə bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən çətin, mürəkkəb situasiyalarda belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir.

Beləliklə, Azərbaycan rəhbərliyi həmin illərdə nüfuzlu Qərb şirkətləri ilə aparılan danışıqların uğurlu məntiqi sonluqla yekunlaşmasına nail oldu. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyırdı.

Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu qlobal enerji müqaviləsi eyni zamanda Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi. Regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında da müsbət presedent yarandı, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başladı. Azərbaycanın keçdiyi yol və bugünkü uğurları yeni neft strategiyasının milli müstəqilliyin möhkəmləndirilməsindəki müstəsna rolunu bir daha təsdiqləyir.

 

Sahibkarlıq fəaliyyəti üçün mükəmməl qanunvericilik sistemi

 

Bazar iqtisadiyyatı yolunu seçmiş dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının sədr müavini kimi deyə bilərəm ki, həmin illərdə investisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət Proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı" özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Ulu öndər dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılmasını da Azərbaycanda sahibkarlığın davamlı inkişafının təmin edilməsi baxımından son dərəcə vacib saymışdır. Bu baxımdan yaradılmış mexanizmlər dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamışdır. Şuranın əsas məqsədi Azərbaycanda sahibkarlığın inkişafına nail olmaq, sahibkarların dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir. Belə bir qurumun yaradılması həm də ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesinə böyük töhfə olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.

 

Müstəqil siyasətin uğurlu davamı

 

Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasəti XXI əsrin başlanğıcında layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir.

2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!" - deyən dövlət başçısı ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir.

Müstəqilliyin Azərbaycana nə verdiyini ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi uğurlar bir daha təsdiqləyir. Bu gün regionda ikinci elə bir dövlət tapmaq çətindir ki, ümumi daxili məhsulun artım tempinə görə dünyada öncül mövqeyini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 12 dəfədən çox artırsın. Azərbaycan qlobal böhranın hökm sürdüyü son 3 ildə strateji valyuta ehtiyatlarını 27,2 milyard artırmışdır. Ölkənin gəlirlərinin sürətli inkişafı ilə əlaqədar bir müddət əvvəl Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılmış, ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard ABŞ dollarını ötmüşdür.

28 May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda möhtərəm Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bu il büdcəmizə edilən əlavələr, yəni dürüstləşmə nəticəsində tarixdə ilk dəfə Azərbaycan büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8 il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür. Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir".

 

Sahibkarlığa qayğı iqtisadi siyasətin prioritet istiqamətidir

 

Prezident İlham Əliyev ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşlarımızın sayının artması dünyanın butun demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Prezident İlham Əliyevin ötən müddətdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər də ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, bəzi icra strukturlarının, dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərlə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.

Cənab İlham Əliyevin ötən illərdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman respublikamızda sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması tədbirlərinin ardıcıl və davamlı səciyyə daşıdığını bir daha təsdiqləmişdir. Bu fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlər həllini tapmış, o cümlədən süründürməçilik halları, bürokratik əngəllər aradan qaldırılmışdır. Sərəncam əsasında vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır. Prezident İlham Əliyevin yeni dövrün tələbləri ilə tam səsləşən bu fərmanı sahibkarlar tərəfindən dəstəklənərək böyük rəğbətlə qarşılanmışdır.

Dövlət başçısı İlham Əliyev 28 May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda sahibkarlığın inkişafına xidmət edən tədbirlərin davam etdiriləcəyini bir daha vurğulamışdır: "...Ölkə iqtisadiyyatına xaricdən və yerli sahibkarlar tərəfindən qoyulan investisiyaların həcmi artır. Azərbaycan investisiyaların cəlb edilməsi istiqamətində çox böyük addımlar atmışdır. Adambaşına düşən xarici sərmayələrin həcminə görə həmişə olduğu kimi, biz MDB məkanında qabaqcıl yerlərdəyik. Çox sevindirici haldır ki, son bir neçə il ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu onu göstərir ki, həm dövlət xətti ilə qoyulan sərmayə səmərəsini verir, həm də özəl sektor güclənib və ölkə iqtisadiyyatına sərmayə qoyur".

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, son aylarda Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi, şəffaflığın bütün sahələrdə təmin edilməsi sahibkarlar tərəfindən də rəğbətlə qarşılanır, dəstəklənir.

 

Regional inkişaf proqramlarının uğurlu nəticələri

 

Azərbaycanın müstəqilliyinin ən böyük uğurlarından biri də respublikanın bütün bölgələrində böyük abadlıq, quruculuq işlərinin aparılması, sovet dövründən qalma yararsız infrastrukturun müasirləşdirilməsidir. Regionlarda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən davamlı və sistemli tədbirlər də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev qeyri-neft sektorunun inkişafının, enerji resurslarından asılılığın azaldılmasının hökumət qarşısında prioritet vəzifələrdən biri olduğunu bir daha vurğulamış, bununla bağlı müvafiq tapşırıq və göstərişlərini vermişdir. Hesabat dövrünün mühüm uğurlarından biri də qeyri-neft sektorunun 5,6 faiz artması, regional inkişaf tədbirlərinin keyfiyyətcə yeni mərhələdə yeni dinamizmlə davam etdirilməsidir. Bu sektorda iqtisadi fəallığın artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin real nəticəsi kimi daxilolmaların həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi daxilolmalarının xüsusi çəkisi isə 3,5 faiz artaraq 67,6 faizdən 71,1 faizə çatmışdır.

2011-ci ilin dövlət büdcəsində bölgələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin artması da regional inkişaf tədbirlərinin mühüm tərkib hissəsidir. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması isə tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin də təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 8 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır. Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihə icra olunmuşdur.

Regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri də dinamik inkişaf edir, müasirləşir. Cənab İlham Əliyevin ötən illərdə bir neçə dəfə Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi şəhərə yüksək diqqətin bariz təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 24 aprel 2009-cu il tarixli sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmişdir. Belə bir sərəncamın imzalanması Sumqayıta göstərilən yüksək diqqət və qayğının tərkib hissəsi olmaqla şəhər sakinləri tərəfindən də razılıqla qarşılanmışdır.

Möhtərəm Prezident İlham Əliyev 2011-ci ilin aprelində Sumqayıtın inkişafı ilə bağlı növbəti müdrik addımlarını atmış, son aylarda şəhərin inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Həyata keçirilən kompleks tədbirlər Sumqayıtın həm yaşayış, həm də ərazi-təsərrüfat kompleksi kimi problemlərinin həllinə, sakinləri narahat edən çətinliklərin aradan qaldırılmasına xidmət edir. Təqdirəlayiq məqamlardan biri də şəhərdə iş adamlarının problemlərinin, onların fəaliyyətinə qanunsuz müdaxilə hallarının araşdırılması və həllinə kömək göstərilməsi məqsədilə müasir və çevik mexanizmlərin tətbiqidir.

İnanırıq ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi kimi, Sumqayıt şəhəri də daha sürətlə inkişaf edəcək, əvvəlki sənaye və istehsal potensialının bərpasına nail olaraq milli iqtisadiyyatın möhkəmlənməsinə layiqli töhfəsini verəcəkdir.

Ölkədə həyata keçirilən siyasətin nəticəsi kimi, Azərbaycanın dövlət müstəqilliyi ötən 20 ildə hər bir vətəndaş üçün əvəzsiz nemətə, qürur, fəxarət ünvanına çevrilmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq bu gün heç kim respublikamızın dövlət müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün "nostalgiyası" ilə yaşamır. Çünki bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Müstəqilliyin bəhrələrini zaman keçdikcə Azərbaycan insanı öz taleyində, həyatında daha qabarıq hiss edir. Və həm də ürəkdən inanır ki, Prezident İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məramını da uğurla gerçəkləşdirəcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 3.