Sumqayıt sürətli inkişaf yolunda yeni uğurlara imza atır

 

Şəhərdə yenidənqurma işləri geniş vüsət alır

 

 Sosial-iqtisadi sahədə dinamik tərəqqisini yeni nailiyyətlər qazanaraq daha modern hala gətirən Azərbaycan üçün əsas xüsusiyyətlərdən biri yaşanan inkişafın davamlı xarakter daşıması məqsədilə möhkəm bazisin yaradılmasıdır. Bu, qarşıdakı dövr ərzində də Azərbaycanın sözügedən sahədə yeni müvəffəqiyyətlərin müəllifi kimi çıxış etməsini şərtləndirir, onu daha qüdrətli dövlətə çevirir. Qeyd edilənlər öz növbəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən, Azərbaycanı lider dövlətlər cərgəsinə yüksəldən inkişaf strategiyasının nə dərəcədə uzaqgörənliklə müəyyənləşdirildiyini praktiki olaraq sübuta yetirir.

Hazırda dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın bu sahədə qazandığı müvəffəqiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də ölkə iqtisadiyyatının çoxşaxəli xarakter daşımasıdır. Beləliklə, ölkəmizdə iqtisadiyyatın uğurlu diversifikasiyası həm yeni istehsal sahələrinin yaradılmasında, həm də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində vacib rol oynayan faktorlar sırasında yer alır. Sözügedən kontekstdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir, bu sahədə zamanın tələblərinə cavab verən islahatlar reallaşdırılır. Yaşanan bu dinamik inkişaf hazırda  Azərbaycanın bütün bölgələrində, o cümlədən ölkəmizin əsas sənaye mərkəzi sayılan Sumqayıtda özünü qabarıq formada büruzə verir.

Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Sumqayıt iqtisadi sferada sürətli yüksəliş dövrünü yaşayır, eyni zamanda yaşanan tərəqqi ictimai həyatın digər vacib sahələrini özündə ehtiva edir. Sumqayıtın mövcud sosial-iqtisadi tərəqqisinin dinamik və hərtərəfli xarakter almasına respublikamızın regionlarının inkişafına dair birinci və ikinci dövlət proqramları kifayət qədər böyük töhfələr verib. Görülən işlər sayəsində bütün ölkədə olduğu kimi, Sumqayıtda da əhalinin həyat səviyyəsi ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib və sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi burada mühüm rol oynayıb. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatların, imzalanan mühüm fərman və sərəncamların Sumqayıtda da özünü göstərən konkret nəticələrindən biridir.

Şəhərdə görülən işlər sayəsində sənayenin inkişafı daha geniş vüsət alıb, kimya və neft-kimya sənayesi yeni yüksəliş mərhələsinə qədəm qoyub. Burada müasir texnologiyalar əsasında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik sənaye məhsullarının istehsalı həyata keçirilir. Sumqayıtın inkişafının müstəsna əhəmiyyəti nəzərə alınaraq, həyata keçirilən bir sıra mühüm layihələr, o cümlədən inşa edilən Texnologiyalar Parkı şəhərin yüksək templərlə müşayiət olunan tərəqqisinin bariz göstəricilərindəndir. Şəhərdə infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təminatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülüb. Biznes mühitinin daha da genişləndirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, müasir texnologiyalara əsaslanan yerli istehsalın gücləndirilməsi Sumqayıtda inkişafın başlıca xüsusiyyətlərindən olub. Şəhər iqtisadiyyatına irihəcmli investisiya qoyuluşu uzunmüddətli perspektivdə müxtəlif sahələrdə, xüsusən də qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığını təmin edən əsas faktorlardan biri kimi çıxış edir. Artan iqtisadi imkanlar fonunda infrastrukturun yeniləşməsi və yenilərinin yaradılması prosesinə bütün ölkə ərazisində olduğu kimi,  Sumqayıtda da geniş diqqət yetirilir.

Sumqayıtda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılıb və bu siyasət davam etdirilməkdədir. Həmçinin əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun təhsilin verilməsi Sumqayıtda da həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindəndir. Son illər iqtisadiyyatın yüksək inkişafı qeyd edilən sahələrə də öz təsirini göstərib və aparılan islahatlar nəticəsində yeni nailiyyətlər qazanılıb. Şəhərdə müəssisələrin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. İrimiqyaslı tikinti-quraşdırma işləri, qabaqcıl dünya texnologiyalarının tətbiqi, yeni istehsal müəssisələrinin yaradılması və yeni iş yerlərinin açılması Sumqayıtda inkişafı xarakterizə edən əsas xüsusiyyətlətdəndir.

Şəhərdə diqqət çəkən məsələlərdən biri də park və bağlarda aparılan təmir işləridir. Ölkəmizin tanınmış memarlarının layihəsi əsasında Heydər Əliyev parkında əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Bu parkda yaşıl örtükdən başqa hər şey dəyişdirilir. Parkın içindəki oturacaqlar, döşəmə, işıqlanma sistemi müasir standartlara uyğun yenilərilə əvəzlənir. Giriş qapısı da sökülərək yeni layihə əsasında tikilir. Artıq parkda qurulacaq fontanların yerləri müəyyənləşdirilib. Sumqayıt Bələdiyyə parkında da əsaslı təmir işləri davam etdirilir. Əhalinin sevimli istirahət yerlərindən olan bu park da tezliklə ən müasir tələblər səviyyəsində təmir edilərək istifadəyə veriləcəkdir.

Bu gün Sumqayıtın elə bir guşəsi yoxdur ki, orada yenidənqurma işləri aparılmasın. Ölkə rəhbərinin tapşırığına əsasən Nəsimi parkının və sahilboyu ərazinin ən müasir tələblər səviyyəsində yenidən qurulması üçün respublikanın tanınmış memarlarının iştirakı ilə möhtəşəm layihə hazirlanıb. Burada beşulduzlu mehmanxananın, yaxt-klubun, müasir istirahət komplekslərinin tikintisi planlaşdırılıb. 80 hektar əraziyə malik olan bu istirahət guşəsi gözəl və unikal istirahət yerlərindən birinə çevriləcəkdir. İ.Nəsiminin heykəli dəyişdirilərək daha münasib yerdə ucaldılıb. Parkın girəcəyindən başlayaraq səkilər, gediş-gəliş zolaqları sökülərək, yeni və müasir tələblərə cavab verən döşəmə materialları ilə əvəzlənir.

Xəzər dənizinin Sumqayıt sahillərində də təmir işlərinə başlanılıb. Belə ki, sahil boyu çəkiləcək yolun layihəsi artıq təsdiq edilib. Sumqayıta təşrif buyuranların şəhərə daxil olmadan gəlib-getmələri üçün çəkiləcək bu yolun böyük əhəmiyyəti olacaqdır. Hazırda həmin ərazilərdə bataqlıqların qurudulması işləri aparılır.

Şəhərin müxtəlif məhəllə və mikrorayonlarında müasir və əhalinin istirahətini normal qaydada təşkil edəcək nümunəvi yaşayış massivlərinin yaradılması istiqamətində xeyli işlər görülmüşdür. Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən yaradılan bu istirahət zonalarında insanlar günün hər hansı bir vaxtında istirahət etmək imkanı əldə edəcəklər. Bu gün Sumqayıtın 18-ci və 13-cü mikrorayonlarında belə nümunəvi məhəllələr yaradılıb. Şəhər sakinləri onlara göstərilən qayğıdan razı qaldıqlarını bildirirlər. 18-ci mikrorayonun sakinləri adından Nağı Hacıyev ölkə başçısına onlara göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirdi. Müxtəlif yaş hədlərində olan insanların istirahəti üçün yaradılan belə məhəllələrin sayının ilin sonunadək 30-a çatdırılması nəzərdə tutulur.

Şəhərin giriş qapısı, küçələrin abadlaşdırılması, genişləndirilməsi, yaşıllıqların yaradılması və digər məsələlər artıq müəyyənləşdirilib, artıq bəzi işlərin bir hissəsinə başlanılıb. Şəhərin girəcəyindən başlayaraq abadlıq-tikinti işləri davamlı olaraq aparılır. Köhnə işıq dirəkləri yenilərilə dəyişdirilmiş, küçələrin yaşıllıq zolaqları qaydaya salınmışdır. Heydər Əliyev prospektində, Sülh, Azərbaycan, Nərimanov küçələrində piyadalar üçün səkilərin döşəməsi yaraşıqlı daşlarla əvəzlənməkdədir. Yeni salınmış yaşıl zolaqlar vaxtaşırı suvarılır, bəzi yerlərdə arıtlama işləri görülür. Dövlət mənzil fonduna daxil olan binaların həm dam örtüklərinin, həm də fasadlarının klassik formada yenilənməsinə start verilib. Artıq Heydər Əliyev prospektində 17 binanın təmiri sona çatmaq üzrədir.

 Bu gün təkcə şəhər daxilində deyil, ətraf qəsəbələrdə də tikinti-abadlıq işləri görülür. Qədim tarixə malik Corat qəsəbəsinin girəcəyinin dəyişdirilməsi istiqamətində müəyyən işlərin görülməsinə başlanıb. Corat kəndinin mərkəzində yerləşən, illərlə baxımsızlıq ucbatından yararsız hala düşən park və onun ətrafı artıq təmir edilərək sakinlərin istifadəsinə verilib. Corat sakinləri Şirin Dəmirov, Almaz Əliyev, Zakir Balamiyev və digərləri az müddət ərzində görülən abadlıq işlərinə görə əlaqədar təşkilatlara minnətdarlıqlarını bildirdilər.

Sumqayıtda Cümə məsçidində də təmir işlərinin görülməsi nəzərdə tutulur. Şəhər dindarlarının inanc yeri olan məsçidin minarəsinin olmaması narahatlıq doğururdu. Bu günlərdə yayılan xoş xəbəri şəhər əhalisi böyük məmnunluqla qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə məsçidin yanında minarə ucaldılması qərara alınıb. 30 metr hündürlükdə olacaq minarədən şəhərin hər tərəfi görünəcəkdir.

Sumqayıtın əhalisi sürətlə artır. Aprel ayından etibarən su-kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb. Müəyyən zaman kəsiyindən sonra Sumqayıtda bu problem tamamilə öz həllini tapacaq.

Son aylar görülən tikinti-abadlıq işləri təkcə bunlarla tamamlanmır. Sumqayıtın ictimai həyatında baş verən böyük dəyişikliklər son aylarda açıq-aydın görünməkdədir. Hərbi-vətənpərvərlik tədbirlərinin bir-birini əvəz etməsi, mini-futbol yarışlarının keçirilməsi, məktəblərin hərbi paradı, məhəllələrarası yarışların vaxtaşırı təşkili, əlamətdar günlərin yüksək səviyyədə qeyd edilməsi sakinlər tərəfindən razılıqla qarşılanmışdır.

Bu gün Sumqayıt nəhəng bir tikinti meydanını xatırladır. Şəhərdə görülən işlər insan faktorunun inkişafına, gənc nəslin tərbiyəsinə, əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir. Qəbul olunan II Dövlət Proqramının icrası respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da uğurlu gələcəyə təminat yaradır. Ümummilli lider Heydər Əliyev tərəfindən "Kiçik Azərbaycan" adlandırılan Sumqayıt artıq öz xoş ömrünü yaşamaqdadır. İnkişaf edən Azərbaycanın gənclər şəhəri adlandırılan Sumqayıt bu gün böyük iqtisadi nailiyyətlərə imza atır. Hər bir sumqayıtlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı və diqqəti nəticəsində doğma şəhərləri təkcə ölkəmizin deyil, dünyanın önəmli şəhərlərindən birinə çevriləcəkdir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.-14 iyun.- S.6.