Elmi-texniki tərəqqi insanların sağlamlığı üçün təhlükəyə çevrilməməlidir

 

YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilmiş 18-ci sessiyası bu baxımdan faydalı müzakirə və nəticələrlə yadda qaldı

 

XXI yüzillik elmi-texniki və mədəni tərəqqinin geniş vüsət alması ilə səciyyəvidir. Özlüyündə mütərəqqi mahiyyət kəsb edən bu proses bəşəriyyəti müəyyən arzuolunmaz problemlərlə də üzləşdirir. Təzadlı məqam bundadır ki, müxtəlif elm sahələrində innovasiyalara can atan, heyrətamiz ixtira və kəşflər edən, ən modern texnologiyalar yaradan insan bəzən bu yeniliklərin doğurduğu fəsadları aradan götürməyə aciz qalır. Onlar insanların təkcə fiziki sağlamlığına deyil, həm də mənəvi-psixoloji durumuna qarşı yönəlir.

Bu gün nə qloballaşma proseslərinin, nə də elmi-texniki tərəqqinin qarşısına sipər çəkmək mümkündür. Zəruri olan həmin proseslərin doğurduğu çeşidli problemləri əvvəlcədən müəyyənləşdirərək qabaqlayıcı tədbirlər görmək, cəmiyyətin zərər çəkməsinin qarşısını almaqdır. Bu qlobal problem hazırda bütün dünya alimlərini birləşdirməyə, insanların normal fiziki, sosial, mənəvi yaşam tərzinə yönələn açıq təhdidlərə qarşı səmərəli mexanizmlər üzərində düşünməyə məcbur edir. Elmi ictimaiyyətlə yanaşı, hazırda "üçüncü sektor"un təmsilçiləri - qeyri-hökumət təşkilatları da qlobal çağırışlara cavab verərək bəşəri səviyyədə aktual olan ekoloji, tibbi, texnoloji və s. problemlərin həllində təşəbbüskarlıq göstərməyə çalışırlar.

Azərbaycanda belə bir nəcib və insanpərvər missiyanı isə Heydər Əliyev Fondu üzərinə götürüb. 2004-cü ildə yaradılan və ictimai statusda fəaliyyət göstərən Fond ötən 7 ildə Heydər Əliyev irsinin ən ardıcıl, fəal araşdırıcısı olmaqla bahəm, cəmiyyət üçün taleyüklü bir sıra problemlərin həllinə də dəstək verib. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya və digər sahələrdə həyata keçirdiyi səmərəli layihələrlə diqqət mərkəzində olub. Eyni zamanda, ölkənin problemlərinin həllinə müxtəlif beynəlxalq təşkilatların diqqətini cəlb edə bilib. Fondun xüsusən BMT-nin ali mədəniyyət qurumu olan YUNESKO ilə əməkdaşlığı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Onun bu mötəbər təşkilatla əməkdaşlığı konkret sahə ilə məhdudlaşmayıb, təhsil, mədəniyyət, elm, səhiyyə, sivilizasiyalararası dialoq, gender tarazlığı, dini-etnik tolerantlıq və s. aktual məsələləri əhatə edir. Birgə təşkil olunan müxtəlif beynəlxalq tədbirlər qlobal problemlərin həlli baxımından faydalı olmaqla yanaşı, respublikamızın beynəlxalq arenada müsbət imicinin formalaşmasına da müsbət təsirini göstərir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının bir neçə gün əvvəl Bakıda keçirilməsi də qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin nəticəsidir. Yüksək səviyyəli tədbirdə 80-ə yaxın xarici qonaq, o cümlədən təşkilatın əməkdaşları və Beynəlxalq Bioetika Komitəsinin üzvləri, məruzəçilər, müşahidəçilər, Azərbaycan hökumətinin təmsilçiləri, elm xadimləri, eləcə də diplomatik korpusun nümayəndələri iştirak edirdilər. Sessiyada ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində YUNESKO bəyannamələrinin icrası kimi məsələlər müzakirə edildi, bu sahədə mövcud problemlər ətrafında geniş müzakirələr aparıldı.

Tədbirdə Azərbaycan ilə YUNESKO arasında sıx əməkdaşlığın qurulduğu, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin mühüm nəticələr verdiyi bir daha vurğulandı. Xüsusən də təşkilatın xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın insanlığın nicatına və tərəqqisinə xidmət edən nəcib təşəbbüsləri yüksək dəyərləndirildi. Qeyd olundu ki, məhz bu təşəbbüslərin nəticəsi kimi Azərbaycan YUNESKO-nun müxtəlif səviyyəli tədbirlərinə ev sahibliyi edir.

Ümumiyyətlə, müasir dövrdə bioetika elminin inkişafı hər bir dövlət üçün vacibdir. Bu zərurət onunla şərtlənir ki, hazırda tibb və biologiya sahələrində əsaslı keyfiyyət dəyişiklikləri baş verir, səhiyyədə etik normalara riayət edilməsi mühüm amilə çevrilir. Lakin son illər yeni texnologiyaların, bio və nanotexnologiyaların, gen mühəndisliyinin, atom energetikasının və tibbin sürətli inkişafı nəticəsində çoxsaylı etik və hüquqi boşluqlar da yaranıb. Xüsusən də tibbi etikanın sosial məsələlərlə bağlı problemləri onilliklər boyu həllini tapmayıb. Bir çox ölkələrdə cəmiyyətin aztəminatlı təbəqəsi ixtisaslaşmış və keyfiyyətli tibbi xidmətdən məhrumdur. Bəzi ölkələrdə çoxlu sayda uşaq beş yaşına çatmamış asanlıqla müalicə olunan xəstəliklərdən vəfat edir. Belə problemlərin öyrənilməsi baxımından müxtəlif konfrans, forum və "dəyirmi masa"ların keçirilməsi təqdir olunmalıdır.

Qloballaşma prosesi dünya dövlətləri arasında sərhədləri sürətlə aradan qaldırır. Getdikcə ümumiləşən coğrafiyada insanlar, dövlətlər, xalqlar arasında dialoq məhz etik normalar, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. Təəssüflə vurğulamaq lazımdır ki, elmi yeniliklərin sonradan insanların həyatı üçün hansı fəsadlar törədəcəyini bir çox alimlər əvvəlcədən proqnozlaşdıra bilmirlər. Bunun nəticəsidir ki, bütövlükdə insan hüquqlarının müasir elmin, yeni texnologiyaların inkişafından mühafizəsi obyektiv zərurətə çevrilib. İnsanın sürətli elmi-texniki tərəqqinin mənfi nəticələrindən müdafiəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi də vacibdir.

Bioetika məhz təbiət elmlərində və tibbi praktikada meydana çıxan etik problemlərin həllinə mənəvi mühakimələr və əxlaq nöqteyi-nəzərindən yanaşmaqla nail olur. Bakıda keçirilən beynəlxalq konfransda da deyildiyi kimi, hələ əsrlər boyu bundan əvvəl fantastik mövzuda yazan yazıçılar ərzaq qıtlığının genetik modifikasiya olunmuş məhsullar hesabına aradan qaldırılmasının, həyatın donor orqanların köçürülməsi nəticəsində uzadılmasının, eləcə də klonlaşdırma yolu ilə "əbədiliyin" təmin olunmasının, süni intellektin yaradılmasının, surroqat analığın və s. mümkünlüyü haqqında danışırdılar. Son onilliklərdə isə gen mühəndisliyinin, biotexnologiyaların və tibbi innovasiyaların inkişafı nəticəsində insan cəmiyyətinin bu yeniliklərə uyğunlaşması prosesi bir çox etik və hüquqi problemlərlə müşayiət olunur. Bitki, həşərat və heyvan genlərinin cütləşdirilməsi yolu ilə genetik modifikasiya olunmuş, yüksək məhsuldarlığa malik bitki məhsullarının insan orqanizminə və ətraf mühitə mənfi təsirləri artıq tam sübuta yetirilib. Biologiyada, təbabətdə və əczaçılıqda nanotexnologiyalardan istifadənin neqativ təsirləri xüsusilə qabarıq nəzərə çarpır. Mütəxəssislər bütün bu problemlərin təkcə elmi və etik deyil, hüquqi tənzimlənməsini son dərəcə vacib sayırlar.

1993-cü ildən etibarən bioetika BMT-nin elm, təhsil və mədəniyyət məsələləri ilə məşğul olan strukturlarının, habelə YUNESKO-nun fəaliyyətinin prioritet istiqamətinə çevrilib. Son 20 il ərzində qəbul edilən çoxsaylı beynəlxalq sənədlərdə, BMT konvensiyalarında da göstərilir ki, biologiya elmlərinin nailiyyətlərinin tətbiqi şəxsiyyətin və bütövlükdə bəşəriyyətin sağlamlığının qorunmasına xidmət etməlidir. Biologiya elmləri sahəsində elmi-texniki tərəqqinin genişləndirilməsi insan hüquqlarını pozmamalı, cəmiyyətin ümumi rifah halına mənfi təsir göstərməməlidir. Bundan başqa, insan ləyaqətinə zidd olan gen mühəndisliyi metodlarından istifadəni qadağan edən tədbirlər görülməlidir.

Təcrübə göstərir ki, bu gün daha çox inkişafdan geri qalmış dövlətlər genetik modifikasiya olunmuş məhsulların idxal məkanına çevriliblər. Təəssüflə vurğulamaq lazımdır ki, bu problemin mahiyyəti barədə hələ Azərbaycan ictimaiyyəti də geniş bilgiyə malik deyil. Bir çox Qərb dövlətlərindən fərqli olaraq, ölkəmizdə bioetika elminin öyrənilməsinə yalnız son illərdə başlanılıb. Respublikamıza xaricdən təkcə hazır qida məhsulları deyil, həm də heyvanlar üçün yem, genetik modifikasiya edilmiş komponentlərlə zəngin qida əlavələri gətirilir. Nəticədə həm də yerli məhsullar təhlükə altına düşür. Halbuki Azərbaycanın iqlim şəraiti, coğrafi mövqeyi onun özünün yüksək səviyyəli qida məhsulları, meyvə-tərəvəz istehsal etməsinə imkan verir. Təbii, keyfiyyətli və təhlükəsiz olması həmin məhsullara bütün dünyada da tələbatı artırır. Bu mənada, Azərbaycan bazarına eksperimental genetik modifikasiya edilmiş məhsulların idxalının qarşısının alınması sosial tələbatdır. Bu, həm ərzaq təhlükəsizliyi, həm də ümumən milli genefondun qorunması baxımından zəruridir.

Bütün bunlar deməyə əsas verir ki, bioetika əsas insan hüquqlarının - yaşamaq və sağlamlıq hüququnun müdafiəsi məqsədi ilə öz həllini tələb edən etik və hüquqi xarakterli problemləri araşdıran mühüm elm sahələrindəndir. Azərbaycanda belə bir mövzuda beynəlxalq konfransın keçirilməsi təşəbbüsü isə həm də respublikamızın iqtisadi cəhətdən sürətli inkişaf yolunda olması ilə şərtlənir. Hazırkı inkişaf tempi respublikamıza bu sahədə prinsipial tədbirlər həyata keçirmək, insan həyatına mənfi təsir göstərən, milli genofondumuza zərbə olan "elmi ixtiralara" qarşı hüquqi müstəvidə mübarizə aparmaq imkanı verir. Mütəxəssislər bu baxımdan "Bioetika və insan hüquqları haqqında" qanun layihəsinin hazırlanmasını və qəbulunu son dərəcə vacib sayırlar. Konfransda bütün bunlarla yanaşı, bioetika elminin inkişafı, onun tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı da maraqlı fikir və təkliflər səslənib.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciət də xüsusi maraq doğurur: "...Sabahı düşünürüksə, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Şübhəsiz ki, bu, uzunmüddətli prosesdir. Əminəm ki, humanizm və ədalət əsasında konstruktiv əməkdaşlığın qurulması məhz bu halda mümkün olacaq. Ümidvaram ki, bugünkü sessiyanın yekunları bioetikanın həm dünyada, həm bölgədə, həm də ölkəmizdə inkişafına xidmət edən önəmli bir addım olacaq. Tədbirin təşkilində əməyi olan hər bir kəsə, xüsusilə onun Bakıda keçirilməsini dəstəkləyən YUNESKO-nun baş direktoru xanım İrina Bokovaya dərin minnətdarlığımı bildirir, sessiyanın işinə uğurlar arzulayıram", - deyə Azərbaycanın birinci xanımı təbrik məktubunda bildirib.

Ümumilikdə, YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilmiş 18-ci sessiyasında müzakirə edilmiş məsələlər müasir qlobal inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Respublikamız artıq bioetikanın əsası olan tibb, biologiya, fəlsəfə və humanitar elmləri əhatə edən problemlərin müzakirəsində fəal iştirak edir. Tədbirdə əcnəbi qonaqların bildirdiyi kimi, bu, həm də respublikada həllini gözləyən məsələlərin aradan qaldırılması baxımından vacibdir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2011.- 14 iyun.- S. 7.