Həmişə öndə olan ziyalı

 

Yüksək intellekti, ictimai-siyasi fəaliyyəti və imzası ilə elmi-ədəbi mühitə yaxşı məlum olan ziyalılarımızdan biri də fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərovdur. Təbiət elmləri sahəsində elmi məktəbi, dəyərli araşdırmaları, dəst-xəttilə seçilən Ş.Əsgərov eyni zamanda dövrünün sosial problemlərinə də özünəməxsus təhlil prizmasından yanaşan, mürəkkəb nəzəri məsələlərin elmi həllinə dair yeni modellər təklif edən novator alimlərdəndir.

1941-ci ildə Kəlbəcər rayonunda dünyaya göz açan Şahlar Əsgərov 1958-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. 1964-1967-ci illərdə ADU-nun aspirantı kimi Sankt-Peterburq Sabit Cərəyan İnstitutunda elmi-tədqiqat işi üzərində çalışıb. Aspiranturanı bitirdikdən sonra ömrünü doğma universitetə bağlayaraq burada müəllim, dosent, dekan müavini və prorektor vəzifələrində çalışıb.

Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra uğurlara imza ataraq, fiziki elektronika və bərk cisimlər elektronikasının inkişafına sanballı töhfələr verib. O, elmi yaradıcılığını 4 istiqamətdə inkişaf etdirib: alçaq enerjili ionlarla tozlanmanın öyrənilməsi; metal-yarımkeçirici kontaktın tədqiqi; ictimai elmlər və sosial fəlsəfə; təhsil və pedaqogika.

Elmdə yüksək pillələri qət etmək hər bir tədqiqatçının arzusudur. Bu prizmadan Şahlar Əsgərovun elmi yaradıcılığı özünün ictimai dəyəri, aktuallığı ilə diqqət çəkir. Ən maraqlısı odur ki, tanınmış alim hər hansı mövzu üzrə araşdırma apararkən ilk növbədə onun fəlsəfi-metodoloji sxemini işləyib hazırlayır, dünya miqyasında maraqla qarşılanan yeni elmi model təklif edir və konsepsiyalarını inandırıcı dəlil və sübutlarla əsaslandırır. Şahlar müəllim hazırda həm də milli düşüncə, pedaqogika və mentalitetlə bağlı müasir təmayüllü fəlsəfi araşdırmaları ilə tanınır, dünya fundamental və ictimai elmlərinin mütərəqqi təcrübəsindən layiqincə bəhrələnir. İxtisasca təbiətşünas-fizik olan alimin sosial fəlsəfəyə dair maraqlı tədqiqatları, çoxsaylı nəşr və məqalələri onun təkcə vətəndaş və ziyalı mövqeyini deyil, həm də yüksək erudisiyasını, dərin analitik qabiliyyətini, dünyagörüşünü təcəssum etdirir.

Ş.Əsgərov alçaq enerji səthində metal və metal xəlitələrin katod tozlanmasını öyrənmişdir. Qeyd edək ki, alçaq enerji səthində tozlanma əmsalının (bir ionun çıxardığı atomların sayı) qiyməti çox kiçik olduğundan tozlanma prosesini öyrənmək çətin idi. 1960-cı ilin ortalarına kimi bir çox elmi mərkəzlər bu problemi araşdırmış, ancaq qənaətbəxş nəticələr əldə edilməmişdir. Həmin çətinliyi aradan qaldırmaq üçün aspirant Ş.Əsgərov rekord cərəyan sıxlığına malik ion mənbəyi yaratmış və tozlanma əmsalının çox kiçik qiymətini (104 ionun çıxara bildiyi bir atomu) qeyd edə bilmişdir. Nəticədə tozlanma əmsalı ilə ionların enerjisi arasında ilk dəfə kubik asılılıq müəyyənləşmiş və bir çox metallar üçün astana enerjisinin (astana enerjisi o enerjidir ki, ondan kiçik enerjilərdə tozlanma prosesi baş vermir) təcrübi qiymətini təyin edə bilmişdir. Bu nəticələr etibarlı olduğu üçün son 40 ildir ki, nəzəriyyəçilər öz ideyalarını, təcrübəçilər öz nəticələrini Ş.Əsgərovun nəticələri ilə tutuşdururlar. O, səthin mikrostrukturunun tozlanmaya təsirini öyrənmiş və tozlanma əmsalı ilə plastik deformasiya arasında asılılıq müəyyən etmişdir. Astana ətrafı enerjidə tozlanmanın energetik asılılığını izah etmək üçün tozlanmanın həndəsi mexanizmi təklif etmiş və göstərmişdir ki, polikristallar üçün tozlanmanın energetik asılılığının kubik olması fiziki proseslərin deyil, səth effektinin nəticəsidir.

Ş.Q.Əsgərov 1970-ci ildə "Alçaq enerjili civə ionları ilə metalların tozlanmasının tədqiqi" mövzusunda dissertasiya müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

Professorun hələ 40 il öncə çap etdirdiyi məqalələr (Ş.Q.Askerov, L.A.Sena, İssledovanie katodnoqo raspıleniə metallov medlennımi ionami, 1951,1968; Ş.Q.Askerov, O xaraktere zavisimosti kogffiüienta, raspıleniə ot gnerqii ionov v poroqovoy oblasti gnerqiy, 1970) bu gün də "NASA"nın elmi-tədqiqat mərkəzləri və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) öz kosmik tədqiqatlarında geniş istifadə edirlər. Məlumdur ki, orijinal elmi nəticələrin "orta ömrü", adətən, qısa olur. Çünki elm sürətlə inkişaf etdiyindən, sonrakı illərin nəticələri, əvvəlkilərin elmi nəticələri üzərinə yığılır, köhnələri tez "yaddan" çıxarır. Çox nadir hallarda elmi nəticələr uzunömürlü olur və klassik elmi iş statusu qazanır. Ş.Əsgərovun bir neçə elmi işi uzun ömürlü olmuşdur.

Professorun elmi nəticələrinin uzun ömürlülüyü, bir tərəfdən təcrübi nəticələrin dəqiqliyi, digər tərəfdən bu nəticələrin tətbiq olunduğu sahələrin aktuallığı ilə bağlıdır. Keçən əsrdə kosmik raketlər kimyəvi yanacaqla işləyirdisə, bu əsrdə onları ion mühərrikləri əvəz edəcək. Katod tozlanması hadisəsi ion mühərriklərinin işinə güclü təsir edən amildir. Digər tərəfdən bu hadisənin öyrənilməsi həm də termonüvə qurğularının işi üçün də müstəsna əhəmiyyət kəsb edir. ABŞ-ın Klivlend şəhərində yerləşən Levis Araşdırmalar Mərkəzinin mütəxəssisi M.A.Mantenieks "Ağır ionlarla tozlanmanın astana enerjisi" memorandumunda Ş.Əsgərovun tədqiqatlarına böyük yer ayıraraq qeyd edir ki, bu problemin araşdırılmasına hələ ötən əsrin 70-ci illərində Ş.Əsgərov və L.Sena tərəfindən başlanılıb: "Şahlar Əsgərovun və L.Senanın apardığı araşdırmaların nəticələri sonradan bu sahədə böyük nailiyyətlərin əldə olunmasına geniş yol açıb". Məruzənin müəllifi məqalənin bir səhifəsində 9 yerdə Ş.Əsgərov və L.Senanın elmi araşdırmalarının nəticələrindən istifadə edib. Bu gün də Kaltexdə (Kaliforniya Texnologiyalar İnstitutunda) ion mühərriklərinin eroziyası üzrə müdafiə olunan dissertasiya işlərində Ş.Əsgərovun araşdırmalarının nəticələrindən geniş şəkildə istifadə olunur.

Qeyd edək ki, Şahlar Əsgərovun tozlanma ilə bağlı iki işi 2001-ci il iyunun 3-dən Office of Scientific and Technical İnformation (OSTİ-nin) Energy Citations Database (ECD) məlumat bazasında ingilis dilində saxlanılır. Bununla da Şahlar Əsgərov bu elmi işləri ilə dünya alimləri sırasında layiqli yerini tutmuşdur.

Ş.Əsgərov Danimarka Texniki Universitetindən birillik ezamiyyətdən qayıtdıqdan sonra (1974) ölkəmizdə ilk dəfə olaraq metal-yarımkeçirici kontaktını tədqiq etməyə başlayıb. Bu problemlə bağlı birinci məqaləni 1976 - ci ildə Bakıda, 1977-ci ildə Moskvada çap etdirmişdir.

Adətən, real kontaktlar bircins yox, qeyri-bircins olurlar. Metal səthinin emissiya qeyri-bircinsliyini nəzərə alaraq, Ş.Əsgərov real metal-yarımkeçirici kontaktı üçün qeyri-bircins model təklif etmişdir.

Professor "Qeyri-bircins metal-yarımkeçirici kontaktın fizikasının" yaradıçılarından biri olduğu üçün onun əməyi xarici həmkarları tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Moldova və Ukrayna Elmlər Akademiyası alimlərinin birgə yazdıqları monoqrafiyada (E.F.Venqer, R.V.Konakova, Q.S.Korotçenkov, V.V.Milenin, G.V.Russu, İ.V.Prokopenko, "Mejfaznıe vzaimodeystviə i mexanizmı deqradaüii v strukturax metall- İnP i metall-GaAs) bu elmin formalaşmasına və inkişafına töhfə vermiş S.M.Zi (ABŞ), E.Roderik (Böyük Britaniya), A.B.Rjanov (RF) kimi dünya şöhrətli alimlər sırasında Şahlar Əsgərovun da adı çəkilir.

Görkəmli alim istənilən emiterin çıxış işinin geniş intervalda dəyişməsinin səbəbini izah etmiş və göstərmişdir ki, səthin emission xarakteristikası kimi potensial çəpərin hündürlüyünün (və ya çıxış işinin) qiyməti zəruridi, ancaq kafi deyildi. O, yeni emissiya resursu (Ş)-parametr daxil edərək xüsusi vurğulamışdır ki, səthi ya Ai və Fi parametrləri ilə birlikdə, ya da tək Ş-parametri ilə xarakterizə etmək lazımdır. Ş.Əsgərov müxtəlif emiterlər üçün Ş-parametrin qiymətini hesablamışdır. Bu tədqiqatlar eyni bir metal üçün çıxış işinin müxtəlif alimlər tərəfindən təcrübədə alınmış yüzlərlə nəticələrdən gerçək olanı seçməyə imkan verir. Bu deyilənlər metal - yarımkeçirici kontaktı üçün də doğrudur.

1979-cu ildə Helsinki Universitetində bir neçə aylıq elmi ezamiyyətdə olarkən professor M.Luukalla ilə "Fotoakustik mikroskopla mikrostruktur deffektlərin qeyd edilməsi" problemi üzərində işləmiş və maraqlı nəticələr almışdır. Bu nəticələrə Nobel mükafatı laureatı Alen Kormax tərəfindən böyük maraq göstərilmiş və həmin səbəbdən də Böyük Britaniyanın "Elektron Letters" jurnalında çox qısa müddətdə (29 gün) çap edilmişdir.

Mikroelektronikanın inkişafı ilə bağlı Sov.İKP və SSRİ Nazirlər Sovetinin 30 iyun 1980-ci il tarixli qərarına əsasən SSRİ Ali və orta ixtisas təhsili naziri V.P.Elyutinin 109 cc ¹-li (cc - çox məxfi deməkdir) əmri ilə Azərbaycan Dövlət Universiteti Ş.Q.Əsgərovun işləri bazasında "Çox böyük inteqral sxemlərin (ÇBİS) ion-plazma texnologiyası əsasında istehsalının elmi əsaslarını hazırlamaq" probleminin həllinə baş müəssisə kimi cəlb edilmişdi. Universitet əməkdaşları Zelneqradda yerləşən "Elmi Mərkəzlə" və "İdarəetmə Problemləri İnstitutu" (Moskva) ilə əlaqəsini qurmuş mikroelektronikanın və onun texnoloji problemlərinin həllində yaxından iştirak etmişdir.

Ş.Əsgərov "Qeyri-bircins metal-yarımkeçirici kontaktın fizikası"nın yaradılmasına 100-dən çox məqalələr həsr etmiş və onların bir qismini sanballı jurnallarda çap etdirmişdir.

1992-ci ildə "Toxunma sərhədlərinin qeyri-bircinslik dərəcəsinin metal-vakuum, metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. Şahlar müəllim elmi-pedaqoji kadrların hazırlanmasında fəal iştirak edir. Ş.Q.Əsgərov 20-yə yaxın namizədlik və doktorluq işinə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında fiziki elektronikanın müxtəlif sahələri üzrə onlarla gənc dissertasiyalar, yüzlərlə tələbə diplom işləri və maqistr dissertasiyaları müdafiə etmişlər. 1970-ci ildən Ş.Əsgərov universitetdə "Fizika", "Emissiya elektronikası", "Vakuum texnikasının fiziki əsasları", "Mikroelektronika", "Radioelektronika" və digər fənlərdən mühazirələr oxuyur. Qeyd etmək lazımdır ki, o, "Mikroelektronika" fənninin proqramını tərtib edərək ilk dəfə onun BDU-da tədrisinə nail olmuş və həmin fənn üzrə ilk mühazirələri özü oxumuşdur.

O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik nümayiş etdirməmişdir. Məşhur 91-lərin biri kimi dövrünün ictimai-siyasi hadisələrinə laqeyd qalmayıb, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünmüşdür. Şahlar Əsgərov ulu öndərin siyasi kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə layiqli töhfəsini verməyə çalışıb. Ulu öndərin siyasi fəaliyyətinə YAP-ın fəallarından biri kimi daim dəstək verən, dövlətçilik maraqlarının keşiyində dayanan alim YAP İdarə Heyətinin üzvüdür.

Şahlar Əsgərov 200-dən çox elmi, 600-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifidir. Numuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlər almışdır.

Keçid dövrünü yaşayan ölkəmizdə ictimai-siyasi mühiti aydınlaşdırmağa kömək niyyəti ilə ulu öndərimiz Heydər Əliyevin söylədiyi müdrik kəlamları, fəlsəfi fikirləri toplayaraq 1997-ci ildə üç kitab - "Müstəqillik yolu", "Aforizmlər" və "Quotations, Aforizmı, Aforizmlər" çap etdirmişdir. Onun yazdığı "Keçid dövrünə fəlsəfi baxış" kitabı (Bakı, 1998) böyük oxucu rəğbəti qazanmışdır. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Toplantının fəlsəfəsi", "Rüşvətin fəlsəfəsi və dinamikası"(2005), "Heydər Əliyevin liberal-maarifçilik ideyaları", (2005), "Heydər Əliyevin fəlsəfəsi" (2004) "Tarixi şəxsiyyət" (2003), "Konfliktlərin qloballaşması", (2001)," Səkkizguşəli ulduz " (2003), "Birliyin mayası haqq-ədalətdir" (Bakı-1998), "Hamımızın bir vətəni var, bu da Azərbaycandır" (Bakı-2000) və s. əsərləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər əsərləri özünün yüksək ideya məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.

Son zamanlar Ş.Əsgərovun tədqiq etdiyi digər sahə sosial fəlsəfə və pedaqogikadır. Alimin "Biliyin qiymətləndirməsinin yeni şkalası", "Biliyin qiymətləndirməsinin yeni kriteriyası", "Pedaqogika üçün yeni paradiqma", və "Biliyin qiymətləndirməsinin fəlsəfəsi" kimi məqalələri 2009-2010-ci illərdə Rusiya Federasiyasının mötəbər jurnallarında çap olunub. Bu işlərdə biliyin qiymətləndirilməsinin yeni modeli və yeni qiymətləndirmə meyarı təklif edilir.

O, 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2000-ci ildə İkinci çağırış Milli Məclisin deputatı seçilmiş və 2005-ci ilə qədər parlamentin Elm və təhsil məsələləri daimi komissiyasına sədrlik etmişdir.

Professor Ş.Əsgərov elmi məktəbi olan alimlərimizdəndir. Bu səbəbdən də onun elmi fəaliyyəti haqqında məlumat Rusiya Federasiyasında çap olan "Rossiyskie nauçnıe şkolı" (t.3, str. 32, Moskva, 2010) kitabında verilmiş, elmi məktəbin banisi kimi "Nauçnaə şkola imeni Ş.Q.Askerova" sertifikatı ilə təltif edilmişdir. Həmçinin onun elmi fəaliyyəti və tərcümeyi-halı "Vıdaöhiysə uçenıe Rossii" ensiklopediyasının 6-cı cildinə daxil edilmişdir.

BDU-nin "Fiziki Elektronika" kafedrasının professoru Ş.Əsgərov bir neçə beynəlxalq akademiyaların ("Rossiyskaə Akademiə Estestvoznaniə", "Akademiə pedaqoqiçeskix i soüialğnıx nauk" "Beynəlxalq Elmi İnkişaf Şurasının Beynəlxalq Elmlər Akademiyası"nin (BEIŞ /BEA) üzvüdür. O, BEIŞ / BEA həqiqi üzvü olmaqla bərabər, həm də həmin akademiyanın qızıl medalının laureatıdır.

Amerika Bioqrafiya İnstitutu Ş.Q.Əsgərovun adını "The International Directory of Distinquished Leadership", ABI, Eleventh Edition, p.11 və İngiltərənin International Biographical Center tərəfindən çap olunan "2000 Outstanding Intellectuals of the 21st Century" "Cambridqe, 2002, p.103 birinci cildinə daxil etmişdir.

Respublikanın ictimai-siyasi həyatındakı fəaliyyətinə görə o, "Şöhrət" ordeni, elm və təhsil sahəsində xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

 

 

Rasim MƏMMƏDOV,

BDU-nun fizika fakültəsinin dekanı,

professor

 

Bəhram ƏSGƏROV,

Bərk cisimlər kafedrasının müdiri,

akademik

 

Azərbaycan.- 2011.- 14 iyun.- S.  10.