Cenevrədə Beynəlxalq Əmək Konfransının 100-cü yubiley sessiyası keçirilir

 

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının "Layiqli əmək vasitəsilə gələcəyin qurulması" mövzusunda 100-cü yubiley sessiyası keçirilir.

BƏT-in üzvü olan dövlətlərin üçtərəfli şəkildə iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Konfederasiyadan AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinə hökumət və işəgötürənlər konfederasiyasının üzvləri daxil idilər.

Tədbirin gündəliyinə BƏT-in baş direktorunun və İnzibati Şuranın sədrinin hesabatlarının, məşğulluqla bağlı ayrı-seçkiliyin aradan qaldırılması mövzusunu ehtiva edən əmək sahəsində fundamental prinsip və hüquqlar üzrə qlobal məruzələrin dinlənilməsi, evdə işləyən işçilər üçün layiqli əməyin təminatı və s. məsələlər daxil edilmişdir.

Konfransda AHİK sədri Səttar Mehbalıyev çıxış edərək Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun məruzəsinə münasibət bildirmişdir. Sədr qeyd etmişdir ki, Azərbaycanda bütün vətəndaşlar üçün ayrı-seçkiliyin aradan qaldırılması prinsipinin tətbiq edilməsinə yol açan müvafiq siyasət, qanunvericilik bazası və mexanizmlər mövcuddur. Azərbaycan BƏT-in 100 saylı "Əməyin bərabər ödənilməsi haqqında" və 111 saylı "Məşğulluq və peşələr sahəsində ayrı-seçkilik haqqında" konvensiyalarını 1992-ci ildə ratifikasiya etmişdir. 156 saylı "Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında" və 183 saylı "Analığın mühafizəsi haqqında" konvensiyalar isə 2010-cu ildə qəbul olunmuşdur.

BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması haqqında" Konvensiyasını 1995-ci ildə, "İrqi ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması haqqında" Beynəlxalq Konvensiyasını 1996-cı ildə və Avropa Sosial Xartiyasının 17 maddəsini 2004-cü ildə qəbul etmişdir.

Milli səviyyədə Azərbaycan Konstitusiyasında, Əmək Məcəlləsində, "Gender bərabərliyinin təminatları haqqında" Qanunda və digər tənzimləyici sənədlərdə bu məsələ ilə bağlı müddəalar mövcuddur.

Gender bərabərliyinə təminat verən bu qanunvericiliyin icrası nəticəsində gender məsələsi ölkənin ümumi inkişaf siyasətinə geniş inteqrasiya olunmuş, əhalinin rifah halının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsi sahəsində müsbət dəyişikliklərə imkan vermişdir.

S.Mehbalıyev bildirmişdir ki, Azərbaycan vətəndaşlarının iş yerlərində bərabər imkanlardan bəhrələnməsində AHİK də yaxından iştirak edir. 2010-2011-ci illər üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli Baş Kollektiv Saziş imzalanmışdır. Həmkarlar ittifaqlarının səyi nəticəsində sənəddə kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsini təmin etmək, iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitar-gigiyenik normaların işlənib hazırlanması, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara, yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işin gücləndirilməsi, ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrinin proqramlarına "Gender siyasətinin əsasları"nın tədrisinin daxil edilməsi və s. öhdəliklər öz əksini tapmışdır. Son 10 il ərzində həmkarlar ittifaqları sıralarına daxil olan qadınların sayı sürətlə artmışdır. 2000-ci ildə qadınlar üzvlərin ümumi sayının 38,9 faizini təşkil etdikləri halda, 2010-cu ildə bu rəqəm 51,1 faizə yüksəlmişdir.

Beləliklə, AHİK gender siyasəti konsepsiyasını həyata keçirməklə Azərbaycanda həmkarlar ittifaqları hərəkatında qadınların rolunun artırılmasını, sosial tərəfdaşlar arasında kollektiv danışıqlar prosesində gender bərabərliyi aspektlərini ön plana çəkməyi bacarmışdır.

AHİK nümayəndə heyətinin üzvləri konfrans çərçivəsində keçirilən müxtəlif komissiyaların iclaslarında iştirak etmişlər.

Sessiya iyunun 17-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-14 iyun.- S.11.