Heydər Əliyev yeni Azərbaycan yaratdı

 

Hər bir xalqın, ölkənin tarixində tərəqqi dövrləri də olur, tənəzzül dövrləri də. İstiqamətindən asılı olmayaraq bu dönüş dövrləri mövcud tarixin, ictimai-siyasi reallıqlardan irəli gələn hadisələr kimi qəbul edilsə də, tarixi şəxsiyyətlərin adları ilə daha çox bağlıdır. Azərbaycanın da istər qədim, istərsə də yeni tarixində bu cür dönüş zamanları çox olmuşdur. Amma onların arasında çağdaş Azərbaycanın inkişafının ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan iki mühüm dövrü özəlliklə seçilir. Həmin dövrlər bütün siyasi, ictimai, iqtisadi xüsusiyyətlərinə görə bir-birlərindən köklü surətdə fərqlənsələr də, mahiyyət və məram baxımından eyni məqsədə - Azərbaycanın inkişafına və Azərbaycan xalqının xoşbəxtliyinə xidmət etmişdir.

Tarix üçün çox qısa zaman kəsiyi olan bu dövrləri birləşdirən ikinci bir məqam da var. Bunlar Heydər Əliyevin sələflərindən təhvil götürdüyü Azərbaycanın bütün sahələrdə tənəzzülə uğraması idi. Hər iki dəfədə də ümummilli lider tarixin onun üzərinə qoyduğu məsul missiyanın öhdəsindən bacarıqla gəlmək iqtidarında olduğunu sübut etdi. Sübut etdi ki, xalqa və Vətənə olan sevginin qarşısında hətta ən ciddi problemlər və çətinliklər də acizdir. Bu problem və çətinliklər isə az deyildi.

 

Miras

 

Ötən əsrin 90-cı illərinin başlanğıcında Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, yenicə müstəqilliyə qovuşmuş Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını iflic vəziyyətə salmışdı. Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın görünür. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye məhsulları istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər aşağı düşmüşdü. İstehsal potensialının isə, demək olar ki, üçdə ikisi itirilmişdi. Eyni zamanda, istehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. Bunlardan əlavə, 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5 faizə çatmışdı.

Bunlar da hələ hamısı deyildi. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank (indiki Mərkəzi Bank) tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Əslində, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

Təbii ki, bütün bunlar ölkədə əhalinin həyat səviyyəsinə təsir etməyə bilməzdi. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı 5,7 dəfə azalmışdı.

 

Xalq seçimində yanılmır

 

Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün geriləmələrə son qoyuldu. Qısa zamanda ulu öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkədə siyasi sabitlik bərqərar oldu, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

 

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması isə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin təməlini qoydu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkədir.

 

İqtisadiyyatın lokomotivi

 

Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Son 10 ildə ölkəmizə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti malik olduğumuz təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi sosial-iqtisadi inkişafla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Heydər Əliyevin təməlini qoyduğu yeni neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönələn siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli situasiyanın formalaşdırılmasına xidmət edir. Məhz bu strategiya sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi isə böyük tarixi hadisə olmaqla Azərbaycana daha böyük siyasi-iqtisadi dividendlər gətirir.

Azərbaycanın təbii sərvətlərinə əzmlə sahib çıxaraq müasir dünyanın enerji təhlükəsizliyində mühüm rol oynaması ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş əsaslı təmələ söykənir. Ümummilli liderin hələ respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü neft sənayesi 90-cı illərin əvvəllərində müstəqillik qazanmış Azərbaycanın inkişafında mühüm rol oynamışdır. 1994-cü ildən Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni neft strategiyası respublikamızın sosial-iqtisadi tərəqqisi və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli zəmin formalaşdırmışdır. Neft gəlirlərinin artımı nəticəsində iqtisadiyyatın davamlı inkişafı təmin olunmuş, iqtisadi potensialın formalaşmasında həlledici rol oynayan sahibkarlar ordusunun mövqeləri möhkəmlənmiş, onun inkişafında əhəmiyyətli uğurlar qazanılmış, habelə əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır.

 

Sükan etibarlı əllərdədir

 

Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadiyyatını bu gün Prezident İlham Əliyev yeni dövrün tələblərinə uyğun inkişaf etdirir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və bu sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.

Dünyada baş verən son qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut etdi.

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, ökədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, insan kapitalının formalaşmasına xidmət göstərməlidir.

"İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də, əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir" deyən dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. "Neft tükənən, bərpa olunmayan təbii sərvətdir" deyən Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.

 

Regionların inkişafı diqqət mərkəzindədir

 

Ölkədə müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin nisbətən ləng getməsi nəticəsində regional tarazlığın pozulması cənab İlham Əliyevi prezidentliyinin ilk günlərindən qayğılandıran başlıca məsələlərdən biri idi. Məhz bu səbəbdən cənab İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" olmuşdur. Proqramın əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə və oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın dinamik inkişafına, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarət idi. Dövlət proqramının icrası çərçivəsində Azərbaycan hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına xüsusi yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çox sayda yeni iş yerlərinin açılmasını təmin etmişdir. Aqrar təsərrüfatların inkişafı, fermerlərə uzunmüddətli kreditlərin verilməsi, habelə yerlərdə infrastrukturun yeniləşməsi, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələləri də diqqət mərkəzində olmuşdur.

Regional inkişafa olduqca vacib məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev birinci Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji sənədin hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Prezident belə bir sənədin hazırlanması barədə hələ 2007-ci ildə - regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının imzalanmasının dördüncü ilinə həsr olunmuş müşavirədə məlumat verərək bildirmişdir ki, qarşıda duran vacib vəzifələrdən biri də məhz Azərbaycanın bölgələrində formalaşdırılan infrastrukturun Avropa İttifaqı meyarlarına çatdırılmasıdır.

Ölkə rəhbərinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın da başlıca məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu proqramın icrasını da şəxsi nəzarətinə götürən Prezident təkcə ötən il regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, verilən tapşırıqların icrası ilə tanış olmuşdur. Müntəzəm surətdə həyata keçirilən belə səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir. Belə səfərlərdən sonra dövlət başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, regionların inkişafına 2004-cü ildən 2011-ci ilin əvvəlinədək bütün maliyyə mənbələri hesabına 15,5 milyard, o cümlədən ötən il 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.

Artıq regionlar elektrik enerjisi ilə tam təchiz olunurlar. Təkcə 2010-cu ildə Ordubadda Biləv SES, Qəbələdə, Salyanda və Bakıda yeni yarımstansiyalar və yüksəkgərginlikli xətlər istifadəyə verilmiş, 4 kiçik SES-in təməli qoyulmuş, 5 elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, əvvəllər enerji problemləri yaşamış Naxçıvan MR bir neçə ildir ki, elektrik enerjisi ixrac edir. Keçən il həmçinin dövlət proqramı çərçivəsində regionlarda 3770 kilometr yeni qaz kəmərləri çəkilmiş, 500 kilometr qaz xətti təmir və bərpa edilmiş, 49 yaşayış məntəqəsi "mavi yanacaq"la təchiz olunmuşdur. Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması üçün isə Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılmışdır ki, bu da 300 min nəfərdən artıq əhalinin içməli su problemini həll etmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini də bu tədbirlər sırasına əlavə etmək olar. Paytaxta gələn yeni su xətti təkcə bakılıların yox, eyni zamanda ətraf qəsəbə və kəndlərdə yaşayanların keyfiyyətli su ilə təmin olunmasına xidmət edir. Bunlardən əlavə, suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir. Hazırda bölgələrdə müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ Qış-Yay turizm kompleksinin tikintisinin aparılması buna sübutdur.

 

Aqrar sektorun yeni tələblərə cavab verməsi üçün tədbirlər görülür

 

Yaradılmış infrastruktur, həmçinin dövlət dəstəyi regionlarda kənd təsərrüfatının, sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir. Yalnız ötən il bölgələrdə 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonlarda tikinti materialları istehsal edən zavodların və digər müəssisələrin tikintisi davam etdirilmişdir.

Həmin müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir. Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə 20 min ton quş əti, 60 milyon damazlıq, 17 milyon əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.

Sahibkarlara, o cümlədən kiçik fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində keçən il 20 milyon manat güzəştli kreditlər verilmişdir. Eyni zamanda, regionlarda istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir. Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması üçün isə bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı kompleksləri inşa olunur. Onların tikintisinə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyə dəstəyi göstərilir. Bundan əlavə, Gəncədə 60 min tonluq elevatorun tikintisi davam edir. Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları isə istismara verilmişdir və bununla da sözügedən sahədə tələbat əsasən təmin edilmişdir. Həmçinin fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədilə 2010-cu ildə 4 rayonda yeni aqroservis filialları yaradılmış, 5 rayonda isə belə filiallar təşkil olunmaqdadır.

Bundan əvvəlki mövsümdə əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri sayəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmiş və ölkənin bir sıra əsas ərzaq məhsulları üzrə tələbatı yerli istehsal hesabına təmin olunmuşdur. Bu tədbirlər dünyada ərzaq təminatında problemlərin olduğu bir dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxaldan asılılığın azaldılmasını təmin etməklə yanaşı, ixracın şaxələndirilməsində, qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətli rol oynayır.

 

Sosial siyasət və struktur yeniləşir

 

Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi qayğı göstərilməsidir. Təkcə ötən il Bakıda 243 mənzilli 3, regionlarda 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagirdlik məktəb binası, Yevlaxda 612, Ağdamda 689 ailə üçün zəruri infrastruktura malik qəsəbələr inşa olunmuşdur.

2010-cu ildə həmçinin 25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb binası inşa və əsaslı təmir olunmuş, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilmişdir.

Ötən illərdə olduğu kimi, 2010-cu ildə də Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə regional inkişaf proqramının icrasına öz töhfəsini vermişdir. Məhz fondun təşəbbüsü ilə əhalinin daha çox ehiyac duyduğu bir çox obyektlər, o cümlədən 1100 şagirdlik 3 məktəb, Ağdaş şəhər musiqi məktəbi, Qəbələdə uşaq bağçası, məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi inşa olunmuş, bir sıra xeyriyyə tədbirləri həyata keçirilmişdir.

Bunlardan savayı, ötən il baş vermiş daşqınlarla bağlı əhaliyə dəyən ziyan aradan qaldırılmış, evləri dağılan insanlar üçün 1500-dən artıq yeni ev tikilmiş, 3000-dən artıq ev təmir edilmişdir. Ümumiyyətlə, yalnız 2010-cu ildə 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılmışdır. Ötən il xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər sayəsində yoxsulluğun səviyyəsi 9 faizə enmişdir. Təsadüfi deyil ki, 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.

Bütün bunlar Qurtuluşun Azərbaycan dövlətinə və xalqına bəxş etdiklərinin kiçik bir hissəsidir. Əslində, bugünün bəhrəsini, nəticəsini ölkənin yaşından asılı olmayaraq hər bir vətəndaşı, sakini öz gündəlik həyatında görür və hiss edir. Görür ki, Azərbaycan daha xaos və böhranlar içində çabalayan ölkə deyil. Bu gün Azərbaycan bütün sahələr üzrə nəinki regionda, hətta dünyada tanınan, söz və mövqe sahibi olan qüdrətli dövlətdir. Hiss edir ki, ətraf büsbütün dəyişir, dolanışığı, güzəranı yaxşılaşır, vətəndaşı olduğu ölkə yeniləşir, müasirləşir. Bir sözlə, Qurtuluşun bəhrəsini yaşayır.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 3.