Xilaskarlıq missiyası

 

Ölkələrin və xalqların tarixində, taleyində elə məqamlar olur ki, həmin çətin dövrlərdə yaranmış ağır siyasi-hərbi vəziyyət, ictimai-iqtisadi və mənəvi böhran Şekspirvari "olum, ya ölüm" sualını sərt şəkildə meydana qoyur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir gerçək sual qarşısında idi. AXCP-Müsavat iqtidarı ölkəmizi cəmiyyət həyatının bütün sahələrini əhatə edən dərin böhran vəziyyətinə çatdırmışdı. Sual açıq və aydın idi: "Olum, ya ölüm!"

Heç şübhəsiz, hər hansı xalq həmin sual qarşısında qalarsa, mütləq "qalım" qərarını verərdi. Azərbaycan xalqı da varlığını, ölkənin bütövlüyünü, elan olunmuş müstəqilliyin qorunub saxlanılmasını arzu edirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Vətəndaş müharibəsi başlamışdı və 1993-cü ilin yazında bu müharibənin səngərləri artıq Bakı şəhərinə yaxın mövqelərdə də qurulmaqda idi. Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı və artıq separatçı "Talış-Muğan Respublikası" özünü elan etmişdi. Əsgəri xidmətdə də olmamış şəxs tərəfindən idarə edilən ordu dövlətin deyil, hərəsi bir xarici ölkəyə xidmət edən ayrı-ayrı siyasi qüvvələrin əlində cəmləşmişdi. İqtisadi böhran çox dərinləşmişdi, çörək növbələri ölkənin hər yerində adi hala çevrilmişdi. Xaricə ziyalı axını da genişlənirdi. Artıq AXCP-Musavat liderlərinin populist çıxışları, boş vədləri xalq tərəfindən qəbul olunmurdu. Bir sözlə, qurtuluş zərurəti Azərbaycanda qaçılmaz bir problem kimi gündəmə gəlmişdi.

Belə bir tarixi məqamda ölkəni və xalqı yaranmış dərin və genişmiqyaslı böhrandan xilas etmək vəzifəsini üzərinə götürmək çox çətin və ağır bir iş idi. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tarixin bu cür məsuliyyətli məqamında ölkənin və dövlətin milli qurtuluşu vəzifəsini yerinə yetirmək, həyata keçirmək zərurəti ilə üz-üzə qalmışdı. Böyük təcrübəyə, yüksək liderlik qabiliyyətinə malik olan bu qüdrətli dövlət xadiminin yenidən siyasi cəbhəyə qayıdışını təkcə xalq deyil, həm də zaman tələb edirdi. Böyük dövlət rəhbəri Heydər Əliyev Azərbaycan xalqı qarşısında həmin tarixi vəzifənin məsuliyyətini qəbul etdi və xilaskarlıq missiyasını qətiyyətlə həyata keçirdi.

Məlum olduğu kimi, Heydər Əlirza oğlu Əliyev keçmiş Sovetlər İttifaqı kimi dünyanın ən böyük iki dövlətindən birinin əsas rəhbərlərinin sırasında öndə dayanırdı. Dünya ictimaiyyəti onu təcrübəli siyasi xadim və böyük dövlət rəhbəri kimi qəbul etmişdi. Kreml zirvəsini fəth etməyi bacarmış Heydər Əliyev beynəlxalq aləmdə geniş nüfuz sahibi idi. Siyasi Büroda da onunla hesablaşmalı olurdular. Beləliklə, Heydər Əliyev XX əsrin görkəmli dövlət xadimlərindən biri kimi şöhrət qazanmışdı.

Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını ulu öndər sovet hakimiyyəti illərində formalaşdırmışdı. Zəngin dövlətçilik təcrübəsi, milli düşüncəyə malik dövlət xadimi olması, cəsarətli ideyaları, böyük təşkilatçılıq qabiliyyəti hələ Azərbaycan Respublikasına rəhbərliyinin birinci dövründə Heydər Əliyevin siyasi liderlik istedadını cəmiyyətə təqdim etmişdi. Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində Azərbaycan adlı dövlət yaratmış nadir siyasi şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycan Sovetlər İttifaqının inkişaf etmiş respublikalarından birinə çevrilmişdi. Bütün bunlara görə XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevi qüdrətli xilaskar kimi siyasi mühitin ön mövqeyinə çəkmişdi.

Xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin və kəşməkəşli tərcümeyi-halında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövr (3 sentyabr 1991- 14 iyun 1993-cü il) mühüm əhəmiyyətə malikdir. Bu dövrdə o, çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmışdır. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında yaşadığı və Ali Məclisin sədri vəzifəsində çalışdığı illərdə Naxçıvan ölkəmizdə müstəqil dövlətçiliyin böyük laboratoriyası funksiyasını həyata keçirmişdir. Hələ Sovetlər İttifaqı dağılmamış və Azərbaycanda dövlət müstəqilliyi elan olunmamış üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul edilməsi səviyyəsində nadir hadisə (17 noyabr 1990-cı il) məhz cəsarətli və uzaqgörən dövlət xadimi Heydər Əliyev tərəfindən Naxçıvanda həyata keçirilmişdi. Dünyada bundan başqa, müstəqil dövlətlər yaranmamış onun milli bayrağının qəbul edilməsi hadisəsinə təsadüf edilməyib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması hadisəsi də məhz Heydər Əliyev tərəfindən Sovetlər İttifaqının mövcudluğu şəraitində həyata keçirilmişdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi formatı da Heydər Əliyevin kamil siyasi düşüncəsinin hadisəsidir.

Naxçıvanda Dünya Azərbaycanlılarının həmrəylik gününün müəyyən olunması ilə (16 dekabr 1991-ci il) dünyada azərbaycanlılar anlayışı meydana çıxmış və geniş bir hərəkatın əsası qoyulmuşdur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasının işğal olunmaqdan xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da Heydər Əliyev tərəfindən Naxçıvanda yaradılması (21 noyabr 1992-ci il) ölkəmizin milli istiqlalında böyük öndərin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu aşkar şəkildə nəzərə çarpdırır.

XX əsrin doxsanıncı illərinin əvvəllərinin Azərbaycan hakimiyyətini təmsil edən AXCP-Musavat hökuməti böhran içində çabalayanda üç tərəfdən Ermənistan sərhədi ilə əhatə olunan Naxçıvanda həyat inkişaf edir, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını arzu və tələb edirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının böyük ümidlərinin dalğasında ikinci dəfə yenidən hakimiyyətə gəldi və ölkəmizdə milli qurtuluş hərəkatının bünövrəsi qoyuldu. Beləliklə, 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırmaqla və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirməklə genişmiqyaslı böhranı aradan qaldırdı. Dünyanın aparıcı dövlətləri ilə imzalanan neft müqavilələri tarixə "Əsrin müqaviləsi" kimi daxil oldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin çəkilişinə verilən qərarlar Azərbaycan xalqının iqtisadi böhrandan xilas edilməsində əhəmiyyətli hadisələrə çevrildi. Dövlət hakimiyyəti, ordu quruculuğu möhkəmləndirildi.

Qətiyyətlə demək olar ki, Heydər Əliyev müstəqillik dövründə Azərbaycan dövlətçilik təsisatlarının milli əsaslar üzərində yaradılmasının böyük memarı idi. Müstəqillik dövrünün Azərbaycan Konstitusiyası tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuşdur. Azərbaycanda təcrübəli mütəxəssislərdən, ziyalı-siyasətçilərdən, tanınmış şəxsiyyətlərdən ibarət milli parlamentarizmin formalaşdırılması da Heydər Əliyevin xidmətləri sırasında mühüm yer tutur. Heydər Əliyevin siyasi iradəsi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi cəmiyyət həyatının inkişaf ritmlərinin ahəngdarlığının təmin edilməsində böyük rola malik hadisə idi. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə normal əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Geniş mənada Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda müstəqil dövlətçiliyin möhkəm əsaslarının yaradılması milli qurtuluşun məntiqi yekunu və qanunauyğun nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi Milli Qurtuluşdan yeni İntibaha çatdıran görkəmli dövlət xadimidir. Respublikamızda ulu öndər tərəfindən müəyyən olunmuş dövlətçilik kursunun qorunub saxlanılmasının, möhkəmləndirilməsinin və yaradıcılıqla daim inkişaf etdirilməsinin təmin olunması dövlət başçısı İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Məhz bu proses əvvəlki on il ərzində əsası qoyulmuş, möhkəm təməlləri atılmış böyük layihələrin tamamlanmasına, həmin zəmində yeni və daha möhtəşəm quruculuq proqramlarının hazırlanıb həyata keçirilməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionlarının inkişafı, qeyri-neft sektorunun, turizmin inkişaf etdirilməsi və Bakı ətrafı qəsəbələrin yenidən qurulması proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi ölkəmizin simasını tanınmaz dərəcədə dəyişdirmişdir. Aparılan məqsədyönlü və möhtəşəm quruculuq prosesi paytaxtımız Bakını dünyanın müasir şəhərləri sırasına çıxarmışdır.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da genişlənmiş və möhkəmləndirilmiş, ölkəmizin tərəfdaşları və dostları çoxalmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya dəmir ipək yolu ünvanı qazanmışdır. Azərbaycanın böyük intibah prosesləri üçün zəruri olan tranzit ölkəyə çevrilməsi bu qədim və həmişəcavan diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirmişdir. Ölkəmizdə azərbaycançılıq məfkurəsi dərinləşmiş, milli ideologiya formalaşdırılmışdır. Milli mədəniyyətimiz, elmimiz və ədəbiyyatımız dünyada tanınmış və geniş təbliğ edilmişdir. Ölkə Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının, muzeylərin, teatrların və məktəblərin, səhiyyə müəssisələrinin yenidən qurulması, inkişaf etdirilməsi istiqamətindəki ardıcıl fəaliyyəti xalqın mənəvi varlığı və milli kimliyi ilə sıx bağlı olan bu sahələrin sıçrayışlı yüksəlişinə təkan vermişdir. Ölkədə milli və bəşəri dəyərləri özündə cəmləşdirən yeni ziyalı nəsli yetişib ərsəyə gəlmişdir.

Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev coğrafi ərazi etibarilə kiçik, strateji əhəmiyyətinə və iqtisadi imkanlarına görə güclü ölkənin böyük lideri, yeni dünya siyasətinin cəlbedici simalarından biri kimi dünyanın diqqət mərkəzində dayanır. Geniş dünyagörüşü, analitik təfəkkür, problemlərin həllinə çoxaspektli yanaşma, Azərbaycan idealına dərin sədaqət, inteqrasiya proseslərinin tənzimlənməsinə milli mövqedən baxış ölkə Prezidentini xalqına və dünyaya sevdirən əsas xarakterik xüsusiyyətlərdir. Azərbaycan dövləti milli istiqlalını bu böyük enerjinin və ilhamın gücü ilə inkişaf etdirmək yollarında ciddi uğurlara imza atır.

Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçməkdədir. Ölkə rəhbərliyinin müəyyən etdiyi siyasətin zəminində Ali Məclisin sədri Vasif Talıbovun məqsədyönlü rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı layihələr əsasında davamlı milli ənənələrin qorunub saxlanılması şərti ilə Naxçıvan Muxtar Respublikası əsaslı şəkildə yenidən qurulmuşdur. Naxçıvan Muxtar Respublikasını Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əlaqələndirən yollar dünya standartlarının yeni örnəkləridir. Qədimlik və müasirliyin işığında qurulub tikilmiş Naxçıvan şəhəri XXI əsrin intibah şəhərinin bənzərsiz simasını özündə cəmləşdirir. Ucqar dağ kəndlərindən rayon mərkəzlərinədək hər yerdə gedən genişmiqyaslı quruculuq prosesləri məmləkətimizin müasir tipli abad bir regionunun yaradılması ilə nəticələnmişdir. Naxçıvan Muxtar Respublikası ölkəmizin yeni tipli məktəblərə, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş regionudur.

Milli-tarixi ənənələrin yaşadılmasına və inkişaf etdirilməsinə də Naxçıvan özünün töhfələrini verməkdə davam edir. Naxçıvanda Ali Məclis sədrinin xüsusi sərəncamları ilə keçirilən beynəlxalq simpoziumlarda Nuh dövrünün ilk insan məskənlərindən, ilkin şəhərsalmadan sonrakı dövrlərin tarixi nailiyyətlərinə, siyasi-ədəbi və maarifçi şəxsiyyətlərinə qədər ümummilli məsələləri əhatə edən problemlərin müzakirəsi geniş mənada ölkəmizin tarixinin, mədəni inkişafının öyrənilməsinə qiymətli əlavələrdir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin sürətlə inkişaf etdirilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikanın Azərbaycanın əsas ziyalı mərkəzlərindən biri səviyyəsində inkişaf etdirilməsinə münbit şərait yaradır. Qonşu dövlətlərlə əlaqələr sahəsində qazanılmış nailiyyətlər Naxçıvanın respublikamızın beynəlxalq əlaqələrinin genişləndirilməsinə və daha da möhkəmləndirilməsinə xidmətinin əməli ifadəsidir.

 

Bütövlükdə Azərbaycan Respublikası ulu öndər, görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək böyük sabahlara doğru qətiyyətlə addımlayır. Milli qurtuluşdan başlanan yollar böyüyür, genişlənir və inkişaf edir. Milli Qurtuluş - milli dirçəlişin möhkəm və etibarlı bünövrəsi kimi böyük gələcəyə işıq salır. Bu mənada Milli qurtuluş - müstəqil Azərbaycanın milli oyanışının doğan günəşidir! İnkişaf etmiş müstəqil Azərbaycan milli dirçəlişin parlaq nümunəsidir!

 

 

İSA HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin rektoru,

Milli Məclisin deputatı, akademik

 

Azərbaycan.- 2011.- 15 iyun.- S.  7.