ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə bağlı mətbuat konfransı keçirmişdir

 

İyunun 14-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə bağlı mətbuat konfransı keçirmişdir.

AzərTAc xəbər verir ki, ölkəmizdə işləməkdən məmnunluğunu bildirən diplomat fəaliyyəti dövründə Azərbaycan hökuməti, QHT-lərin və siyasi partiyaların nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini vurğulamışdır.

İki il ərzində rəhbərlik etdiyi ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycanda 120 layihənin həyata keçirildiyini deyən səfir qeyd etmişdir ki, Azərbaycanın bütün rayonlarında reallaşdırılmış layihələr çox səmərəli olmuşdur.

Uğurlu layihələrdən danışan diplomat keçən il qəbul olunmuş "Məişət zorakılığı haqqında" qanunun hazırlanmasında ATƏT-in Bakı ofisinin Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etdiyini bildirmişdir.

Siyasi partiyalar arasında dialoqun davam etdirilməsi istiqamətində ofisin səylərini qeyd edən Ə.Cankorel demişdir ki, parlament seçkilərindən əvvəl siyasi partiyaların iştirakı ilə mühüm tədbirlər təşkil olunmuşdur. ATƏT-in Bakı ofisi tərəfindən 2009-cu ildə bələdiyyə, 2010-cu ildə parlament seçkiləri zamanı bölgələrdə, eləcə də Naxçıvanda icra hakimiyyəti orqanları, seçki komissiyalarının əməkdaşları və müşahidəçilərlə məlumatlandırıcı görüşlər keçirilmişdir.

Mətbuat sahəsində görülən işlərə də toxunan ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan Mətbuat Şurası ilə birgə reallaşdırdıqları uğurlu layihələrdən danışmışdır.

Hüquq sahəsindəki fəaliyyətlərinə toxunan Ə.B.Cankorel bu istiqamətdə Daxili İşlər, Ədliyyə nazirlikləri, Məhkəmə-Hüquq Şurası və Ombudsman Aparatı ilə yaxından əməkdaşlıq etdiklərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, məhkəmələrin monitorinqi zamanı 2500 işə baxılmış, cəzaçəkmə müəssisələrinə 30-dan çox səfər edilmiş, hüquqşünaslarla və vəkillərlə məlumatlandırıcı görüşlər keçirilmişdir. Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə vətəndaşlara pulsuz hüquqi yardım göstərən hüquq resurs mərkəzləri yaradılmışdır. Bu mərkəzlərə indiyədək 2 mindən çox şəxs müraciət etmişdir.

Diplomat korrupsiya ilə mübarizə, şəffaflığın təmin edilməsi ilə bağlı Azərbaycanın yürütdüyü siyasəti təqdir etdiklərini, bu sahədə ofis ilə hökumət arasında yaxından işbirliyinə əmin olduğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 12.