Dinamik sosial-iqtisadi inkişafa xidmət edən mükəmməl strategiya

 

Bəşər tarixində mövcud olmuş bütün xalqlar üçün ən böyük milli sərvət olaraq dəyərləndirilən müstəqillik siyasi, iqtisadi, sosial, mədəni və digər vacib sahələr üzrə ümumi inkişafın istiqamət və mahiyyətini müəyyən edən önəmli faktordur. Dünyanın mövcud siyasi xəritəsinə nəzər yetirməklə müstəqil və qeyri-müstəqil dövlətlər arasında tərəqqi səviyyəsinin nə dərəcədə fərqli olduğunu aydın görmək mümkündür. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, ötən əsrin son onilliyində olduqca mürəkkəb ictimai-siyasi şəraitdə yenidən müstəqilliyini əldə etməklə demokratik, hüquqi və dünyəvi dövlət quraraq möhtəşəm tarixi nailiyyətə imza atmışdır. Xalqımızın hüquqlarını suveren şəkildə reallışdırmaq imkanı Azərbaycanı ictimai-iqtisadi formasiya baxımından tamamilə yeni inkişaf yoluna çıxarmış, ölkəmizin beynəlxalq hüquq məkanında artıq müstəqil subyekt olaraq öz mövqeyini müəyyən etməsilə nəticələnmişdir.

Dünya miqyasında da qəbul edilmiş həqiqətdir ki, Azərbaycanın yeni müstəqillik tarixi elə böyük zaman kəsiyini əhatə etməsə də, bu müddət ərzində ölkəmiz böyük tərəqqi yolunu qət etməyi bacarmış, qazandığı müvəffəqiyyətlərlə beynəlxalq aləmdə lider mövqelərdən birinə yüksəlmişdir. Eyni zamanda sosial-iqtisadi sferada özünəməxsus səciyyəvi cəhətləri ilə seçilən inkişafın Azərbaycan modelini yaratmaqla ölkəmiz dünya iqtisadiyyatına yeni töhfələr vermişdir. Bu gün də Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri sosial-iqtisadi sahədə yaşanan tərəqqinin dinamik və davamlı xarakter daşıması, kifayət qədər möhkəm özüllər üzərində bərqərar olmasıdır. Buna paralel olaraq yaşanan siyasi və demokratik inkişaf Azərbaycanı daha qüdrətli dövlət halına gətirməkdədir. Prezident İlham Əliyevin bu kontekstdə aşağıdakı fikirləri müasir Azərbaycanın əsas cizgilərini özündə çox böyük dəqiqliklə ehtiva etmişdir: "Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir".

Azərbaycanın yüksək templərə malik tərəqqisini, o cümlədən sosial-iqtisadi inkişafını əks etdirən strategiyanın hazırlanaraq həyata keçirilməsi isə yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu öndərin gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın zamanın çağırışlarına adekvat olan yeni inkişaf yolu ölkəmizin milli maraqları, potensial imkanları, geosiyasi reallıqlar, qloballaşmanın diktə etdiyi şərtlər nəzərə alınmaqla müəyyən edilmişdir. Ən böyük hakim olan zaman Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının kifayət qədər böyük uzaqgörənliklə düşünüldüyünü, hələ neçə-neçə onillik ərzində ölkənin tərəqqisinə xidmət edən mayak rolunu oynayacağını aydın göstərmişdir.

Hadisələrin inkişaf axarını əvvəlcədən görən, onun gedişinə təsir göstərə bilən ulu öndər hakimiyyətə gəldiyi ilk gündən gələcəyə hesablanan strateji proqramında ölkənin hərtərəfli qüdrətlənməsi, cəmiyyətin, onun fərd halında götürülmüş üzvlərinin rifah halının davamlı yüksəlişini çoxşaxəli fəaliyyətində başlıca istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü, ardıcıl siyasət 1990-cı illərin əvvəllərində müstəqillik havasını yenicə ciyərlərinə çəkən Azərbaycanı üzləşdiyi sosial-iqtisadi böhrandan xilas edərək onun sürətli tərəqqi yolunda irəliləməsini təmin etmişdir. Heydər Əliyev qətiyyəti və prinsipiallığı ölkədə o dövr üçün mövcud olan anarxiyaya son qoymuş, vətəndaş təhlükəsizliyi təmin olunmuş, əlverişli investisiya mühiti yaradılmış, beləliklə, çoxmilyardlı xarici sərmayənin Azərbaycana yönəldilməsini stimullaşdırmışdır. Yeni tariximizə "Əsrin müqaviləsi" adı altında daxil olan möhtəşəm transmilli saziş imzalanmış, üçüncü minilliyin ən nəhəng mühəndis layihələrindən sayılan, Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxaran əsas marşrut olan Bakı-Tbilisi-Ceyhanın təməli atılmışdır. Neft satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi iqtisadiyyatın diversifikasiyasına yol açmışdır.

Dövlətçiliyin əsaslarının tam qurulduğu və administartiv təsərrüfat idarəçiliyindən bazar iqtisadiyyatına keçid şəraitində xalqın sosial rifahının yüksəldilməsi, bu məsələnin praktik həlli məqsədilə sosialyönümlü milli iqtisadiyyatın formalaşması ulu öndərin xüsusi diqqət mərkəzində yer almışdır. Bununla yanaşı, bazar prinsipləri əsasında aqrar sektorun yenidən qurulması, sosial-iqtisadi tərəqqi xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramların qəbulu, sahibkarlığın, kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi iqtisadi yüksəlişi daha dinamik hala gətirdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, bununla bağlı müvafiq qanunvericilik bazasının yaradılması, iqtisadiyyatın bütün sahələrində islahatlar həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yaxşılaşması ilə müşayiət edilirdi. Yaradılan yeni infrastruktur, əvvəlkilərinin modernləşdirilməsi, təbii-iqtisadi, elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması həyata keçirilən iqtisadi siyasətin fərqləndirici cəhətlərindən idi. Ölkənin iqtisadi bazisinə əsaslanan və uğurla reallaşdırılan sosial siyasət mükəmməl xarakter daşımaqla qabaqcıl dünya təcrübəsinə söykənirdi.

Milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası Azərbaycanın yeni-yeni uğurlara imza atmasını şərtləndirməklə yanaşı, qloballaşma prosesindən irəli gələn reallıqların ölkənin milli mənafeləri ilə uzlaşdırılmasına səbəb oldu. Bütün bunların nəticəsində 1993-2003-cü illər ərzində ölkəmiz liberal bazar münasibətlərinin mövcudluğu şəraitində özünün sıçrayışlı iqtisadi tərəqqi mərhələsini yaşadı. Nəticədə 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. Həmçinin inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Bütün bunlar Heydər Əliyevin titanik əməyi, gərgin səyləri nəticəsində mümkün olmuş, ulu öndərin Azərbaycan, mənsub olduğu xalq qarşısında tarixi xidmətlərinin real təzahürü kimi çıxış etmişdir.

Ümummilli liderin siyasi irsinin ən görkəmli nümayəndəsi olan, onun müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən, yeni əlavələrlə daha zəngin hala gətirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın kompleks tərəqqisində yeni mərhələ başlanmışdır. Cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması və bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Makroiqtisadi sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan mütəhərrik tərəqqisi vətəndaşların maddi rifah halının yüksələn xətt üzrə inkişafını təmin etməklə yanaşı, beynəlxalq standartlara əsaslanan sosial müdafiə modelinin yaranmasına rəvac vermişdir. Eyni zamanda ulu öndər Heydər Əliyevin tərəqqi strategiyasının əsas istiqamətləri üzrə böyük nailiyyətlər əldə edilmiş, Azərbaycan nəinki mövcud olduğu regionda, həmçinin MDB və Şərqi Avropa məkanında siyasi və iqtisadi cəhətdən inkişaf edən öncül dövlətə çevrilmişdir. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə yaşanan iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir.

Təcrübə göstərir ki, müasir iqtisadi siyasətin qurulmasında ölkənin qısamüddətli və uzunmüddətli prioritetlərinə söykənən dövlət proqramlarının hazırlanması və uğurla icraya yönəldilməsi mühüm rol oynayır. Çünki sözügedən proqramlar iqtisadiyyatın real sektorunun inkişafında müstəsna əhəmiyyətə malikdir ki, bunun ən bariz nümunəsi kimi son 7 il ərzində Azərbaycanın keçdiyi tərəqqi yolu çıxış edir. Ölkə iqtisadiyyatının ən müxtəlif sahələrinin dövlət proqramı təminatı möhtəşəm nailiyyətlərin qazanılmasında böyük önəm daşımış, davamlı xarakterə malik iqtisadi yüksəlişin təminində əsas zəminlərdən olmuşdur. Nəticədə azad bazar münasibətlərinin mövcudluğu halında qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafına, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasına yol açmışdır. Qeyri-neft sektorunun daha da möhkəmlənməsi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, infrastrukturun yeniləşdirilməsi təmin edilmişdir. O da xüsusi qeyd edilməlidir ki, bir-birini tamamlayan kompleks proqramların icrası daim cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Bunu Prezidentin yerlərə müntəzəm səfərləri, ölkənin bütün bölgələrində sosial-iqtisadi vəziyyətlə şəxsən tanış olması, əhali ilə görüşləri də əyani surətdə nümayiş etdirir.

İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli şəkildə reallaşdırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramların icrası, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə əldə edilən nailiyyətlərin miqyasını daim genişləndirməkdədir. Sənaye, kənd təsərrüfatı, yaradılan yeni istehsal sahələrində tərəqqi tempi qeyri-neft sektorunun sıçrayışlı yüksəlişi ilə müşayiət olunmaqdadır. Təsadüfi deyil ki, son illərin statistikası neft sahəsilə müqayisədə qeyri-neft sektorunun inkişaf tempinin daha yüksək olduğunu göstərir.

Müasir dünya reallığına uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, Azərbaycanın tədricən kosmik sənaye ölkəsinə çevrilməsi, istehsalatda qabaqcıl elmi texnologiyadan istifadəyə xüsusi diqqət yetirilməsi iqtisadi inkişafda keyfiyyət amilinin önə çıxmasına rəvac vermişdir. Ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi nəticəsində özəl sektor ölkə iqtisadiyyatında hökmran mövqeyə yüksəlmişdir. Liberal bazar münasibətləri üçün səciyyəvi olan qanunvericilik bazasının daha təkmil hala gətirilməsi, müəssisələrin təsərrüfat fəaliyyətində sahibkarlıq subyektlərinə geniş imkanlar verilməsi, mülkiyyətin çoxnövlülüyünün təminatı, bütün bunlara xidmət edən institusional islahatlar Azərbaycana daha böyük uğurlar qazandırmışdır. Qeyd edilənlərin nəticəsidir ki, son 7 il ərzində Azərbaycan iqtisadiyyatı artım tempinə görə dünyada lider mövqenin sahibi kimi çıxış etmişdir.

O da nəzərə alınmalıdır ki, Azərbaycanın müəllifi olduğu bu uğurlar ölkəmizin müharibə şəraitində olması, bir milyon qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində əldə edilir. Qaçqın və məcburi köçkünlərin sayı baxımından Azərbaycan Avrasiya məkanında ilk sıralarda qərarlaşan dövlətlərdən olmasına baxmayaraq, həm bu kateqoriyadan olan insanların həyat şəraitlərinin yaxşılaşdırılması, həm də inkişaf tempinin davamı baxımından beynəlxalq miqyasda nümunəvi rola malikdir.

İqtisadi inkişaf sahəsində Azərbaycan modelinin uğurunu və yüksək səmərəlilik dərəcəsinə malik olmasını təsdiq edən mühüm amillərdən biri dünya iqtisadiyyatını silkələyən qlobal maliyyə böhranı oldu. Əvvəlcə qiymətli kağızlar bazarını əhatə edən, daha sonra iqtisadiyyatın real sektorunu çuğlayan böhran nəticəsində dünyanın əksər ölkələrində iqtisadi resessiya yaşanmağa başladı. Bu hal sözügedən böhranın zirvə nöqtəsinə çatdığı 2009-cu il ərzində özünü daha qabarıq formada büruzə verdi və hətta inkişaf etmiş dünya ölkələrinin bir çoxunda iqtisadi tənəzzülü daha da dərinləşdirdi. Lakin dünya iqtisadiyyatında yaşanan təlatümlərə rəğmən, Azərbaycan böhranın təsirlərinə ən az məruz qalan ölkə olmaqla bərabər, inkişaf tempini qoruyub saxlamağı da bacardı. Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etdi və ÜDM 9,3 faiz artdı. Ölkəmizin həmin ildə imza atdığı digər böyük uğur iqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurması oldu. Bu, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf siyasətinin, iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması məqsədilə atılan addımların, digər mühüm sahələrə verilən dəstəyin, ən nəhayət müəyyən olunmuş uğurlu tərəqqi strategiyasının möhtəşəm təntənəsi idi.

İqtisadi sahədə keçid dövrünün sona yetməsi inkişaf prosesində Azərbaycanın qarşısında yeni vəzifələr qoyur ki, onların uğurlu həllini tapacağı heç bir şübhə doğurmur. Hazırda ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri inkişaf etmiş dövlətlər sırasına daxil olmaqdır və bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyasət həyata keçirilir. Eyni zamanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər görülməsi davam etdirilir. İqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılığın minimuma endirilməsi iqtisadi siyasətin prioritet istiqamətləri sırasında yer alır. Biznes mühiti daha da təkmilləşdirilir, sahibkarlığa dövlət dəstəyi mütəmadi olaraq gücləndirilir. Ölkəmizdə maliyyə və kapitalın azad hərəkəti, qiymətli kağızlar, sığorta, lizinq, fond birjalarının inkişafı geniş vüsət alır. Həmçinin, idxal-ixrac əməliyyatlarının genişlənməsi, tədiyyə balansında bir qayda olaraq müsbət saldonun qeydə alınması, xarici iqtisadi fəaliyyət prosedurlarının sadələşdirilməsi, qlobal iqtisadiyyata milli mənafelərin qorunması ilə uğurlu inteqrasiya Azərbaycanın daha tez inkişaf etmiş ölkə statusu qazanmasına xidmət edən addımlardan sayılır.

İnsan kapitalının inkişafı, sosialyönümlü siyasətin həmişəki kimi prioritet istiqamət təşkil etməsi, çoxşaxəli milli iqtisadiyyatın formalaşdırılması prosesinin davamlı xarakteri, həyata keçirilən modernləşmə siyasəti və bu qəbildən olan digər hallar Azərbaycana bundan sonra da böyuk nailiyyətlər qazandıracaq. Bu, ulu öndər Heydər Əliyev siyasi kursunun və cənab İlham Əliyev missiyasının, eyni zamanda Azərbaycan xalqının şərəfli siyasi irsə sonsuz etimadının növbəti təzahürləridir.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 14.