Azərbaycan ilə Fransa arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunmuşdur

 

İyunun 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Fransanın dövlət və xarici işlər və Avropa məsələləri üzrə naziri yanında beynəlxalq əməkdaşlıq naziri Anri dö Rənkurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış və bildirilmişdir ki, Fransa nümayəndə heyətinin səfəri əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəkdir. Qeyd olunmuşdur ki, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasına istiqamətlənmiş xəttin davam etdirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilir. Bu baxımdan hər iki ölkənin iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması səmərəli hesab olunmuş, xüsusən orta və kiçik biznes sahəsində çalışan iş adamlarının əməkdaşlığının böyük fayda verəcəyi vurğulanmışdır.

Daha sonra tərəflər Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ problemi ətrafında söhbət apararkən bildirilmişdir ki, Fransa Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipinin qorunması şərti ilə həllinə tərəfdardır və münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün hər cür kömək göstərməyə hazırdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Fransanın ölkəmizdəki səfiri Qabriel Köller görüşdə iştirak etmişdir.

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 1.