Azərbaycanın xarici işlər naziri İspaniyada rəsmi səfərdədir

 

İyunun 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyaya rəsmi səfəri başlamışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində E.Məmmədyarov İspaniyanın nüfuzlu "El-Mundo" qəzetinə ölkələrimiz arasında əlaqələr və onların inkişaf perspektivləri barədə müsahibə vermişdir.

İyunun 16-da Azərbaycanın xarici işlər naziri İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri, bunun üçün mövcud olan potensial, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlıq və Azərbaycanda İspaniya səfirliyinin açılmasının vacibliyi barədə fikir mübadiləsi aparılmışdır.

E.Məmmədyarov son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər, neft və qaz siyasəti, o cümlədən ixrac həcmləri və bu sahənin şəffaflığı, neftdən gələn gəlirlərin paylaşdırılması, respublikada həyata keçirilən iri layihələr barədə həmsöhbətinə ətraflı məlumat vermişdir.

İspaniyanın xarici siyasəti, əsas ticarət tərəfdaşları barədə danışan, Latın Amerikasında sərmayələrin yatırılması üzrə ABŞ-dan sonra ölkəsinin ikinci yerdə olduğunu bildirən A.Bonet Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlarını, bu sahədə ispan şirkətlərinin fəal olmasının vacibliyini qeyd etmişdir.

E.Məmmədyarov iki ölkə arasında biznes forumun təşkilinin vacibliyini vurğulamışdır. Forumun Azərbaycanda keçirilməsinin, bu tədbirdə İspaniyanın yüksək vəzifəli rəsmilərin iştirakının əhəmiyyətini qeyd edən nazir bildirmişdir ki, həmin vaxt ölkələrimiz arasında iqtisadi sahədə müvafiq hüquqi sənədlərin imzalanması mümkündür.

Görüşdə iştirak edən İxrac Kreditlərinin Sığortalanması üzrə İspaniya şirkətinin baş menecerinin müavini, İspaniyanın xarici siyasət idarəsinin və "Tecnicas Reunidas" şirkətinin nümayəndələri biznes forumun keçirilməsinin vacibliyini dəstəkləyərək bu məqsədlə Azərbaycana səfər etməyə hazır olduqlarını demişlər.

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 1.