Azərbaycanın Daxili İşlər Nazirliyi Belçikanın müvafiq nazirliyi ilə əlaqələrin inkişafında maraqlıdır

 

Belçika Krallığının Azərbaycandakı səfiri Luc Truyens iyunun 16-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir yeni təyinat münasibətilə səfiri təbrik etmiş, fəaliyyəti müddətində Azərbaycan-Belçika münasibətlərinin daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Sonra belçikalı diplomata Daxili İşlər Nazirliyinin hüquq və vəzifələri, fəaliyyət istiqamətləri, eləcə də kriminogen durum barədə ətraflı məlumat verilmişdir. Demokratikləşmə və islahatlar prosesinin daxili işlər orqanlarından da yan keçmədiyini vurğulayan Ramil Usubov ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Bir çox Avropa dövlətlərinin daxili işlər nazirlikləri ilə səmərəli əməkdaşlıq etdiyimizi xatırladan Ramil Usubov Belçika Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın hələlik İnterpol çərçivəsində həyata keçirildiyini, gələcəkdə ikitərəfli əlaqələrin qurulmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırmışdır.

O da qeyd olunmuşdur ki, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə son 10 ildə daxili işlər orqanlarının mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da, Almaniya, Avstriya, Fransa, Macarıstan və s. Avropa dövlətlərində, Türkiyə, Çin və Misir Ərəb Respublikasında təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak etmişdir.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin əsas diqqət mərkəzində dayandığı vurğulanmışdır.

Səfir Luc Truyens səmimi qəbula və ətraflı məlumatla görə minnətdarlığını bildirmiş, ölkəmizdə vətəndaşların, həmçinin əcnəbilərin normal yaşayıb işləmələri üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini qeyd etmişdir. Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyini xatırladan səfir fəaliyyəti dövründə iki dövlət, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 3.