Avropa İttifaqı Avropa Komissiyasının miqrasiya missiyası məcburi köçkünlərlə görüşmüşdür

 

Azərbaycanda səfərdə olan Avropa İttifaqı Avropa Komissiyasının miqrasiya missiyası iyunun 16-da məcburi köçkünlərlə görüşmüşdür.

AzərTAc xəbər verir ki, missiya əvvəlcə Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olmuşdur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonaqlara məlumat vermişdir ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalmış, tarixi torpaqlarına təcavüz edilmişdir. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub Azərbaycana pənah gətirmiş, 750 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 60 rayonunda 1500 məntəqədə müvəqqəti məskunlaşmışlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min soydaşımızı itirmişik, 50 min nəfər əlil olub, 100 min nəfərdən artıq adam müxtəlif bədən xəsarəti alıb. Azərbaycana 60 milyard manat ziyan dəyib. Bütün bunlarla bərabər, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi 18 il keçsə də, kağız üzərində qalmışdır. Doğma yurdlarından didərgin düşmüş adamlar bu gün qaçqın və məcburi köçkün həyatı sürürlər. Məcburi köçkünlər Bakıda 1043 obyektdə, o cümlədən 262 belə yataqxanada yığcam məskunlaşmışlar. Yataqxanalarda 54 min ailə, başqa sözlə, 216 min nəfər yaşayır. Yataqxanalardan bir çoxu təhsil ocaqlarına məxsusdur. Hazırda 40 ali və orta ixtisas təhsili müəssisəsinin yataqxanalarında 6010 ailə (25 mindən çox adam) ağır şəraitdə yaşayır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı", 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr, "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2011-ci il 21 fevral tarixli Sərəncam uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 20 min ailə, yəni 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır. Oraya ilk növbədə yataqxanalarda yaşayanları köçürəcəyik. Bu işə Bakı Dövlət Universitetinin 2 yataqxanasından başlayacağıq. Artıq torpaq sahəsi ayrılmış, layihələndirmə işləri başa çatmışdır.

Sədr müavini köçürülmə ilə bağlı bir problemə də toxunmuşdur: "Yataqxanalarda yaşayanlar yaxınlıqdakı ərazidə özlərinə iş tapıb ailələrini dolandırırlar. Ona görə də bu adamları imkan daxilində yaxınlıqda salınmış yeni məhəllələrə köçürməyə çalışırıq".

Səfir Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Rolan Kobia demişdir ki, missiya üzvləri yüksək vəzifəli rəsmilərdir. Burada həm Macarıstanın, həm də Avropa Komissiyasının təmsilçiləri vardır. Məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmaq səfər proqramımızın bir hissəsidir. Missiyanın qarşısında iki vəzifə qoyulmuşdur. Birincisi, bayaq dediyim kimi, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraiti ilə yaxından tanış olmaqdır. Avropa İttifaqının üzvü olan ölkələrin nümayəndələrinin səfəri o deməkdir ki, qurum əhalinin bu kateqoriyasının taleyi ilə maraqlanır, bu məsələyə böyük həssaslıqla yanaşır. Şəxsən mən ikinci dəfədir ki, buraya gəlirəm. Azərbaycan hökuməti qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün konkret və təcili tədbirlər görür. İkinci məsələ xalq və ölkə üçün çox vacib olan viza rejiminin yüngülləşdirilməsi ilə bağlıdır. Əlaqədar qurumlarda məmurlarla bu sahədəki mövcud problemləri, görüləcək vacib işləri müzakirə edirik. Azərbaycan tərəfi də viza rejiminin yüngülləşdirilməsində çox maraqlıdır.

Qonaqlar yataqxanada şəraitlə tanış olmuşlar. Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində onlara məlumat verilmişdir ki, 16 kvadratmetrlik bu otaqda 5 nəfər yaşayır. Ev sahibi vurğulamışdır ki, yeganə arzumuz doğma torpaqlara qayıtmaqdır. Ermənilərlə də dinc yanaşı yaşamağa hazırıq. Bizi düşmən edən başqa qüvvələrdir. Tale bizi qonşuluğa məhkum etmişdir. Təəssüf ki, ermənilər bunu anlamaq istəmirlər. Bu gün Azərbaycanın beynəlxalq dəstəyə ehtiyacı vardır. Xahiş edirik ədalətli tələbimizi, haqq işimizi dünya ictimaiyyətinə çatdırasınız.

Ağdamdan məcburi köçkün, 5 şəhid anası Qəndab Səmədova bildirmişdir ki, bir oğlu qalıb, onun da üç övladı vardır. Arzum geri qayıdıb doğmalarımın məzarını ziyarət etməkdir.

Füzulidən məcburi köçkün Bəyiş İsmayılov da həmyerlilərinin doğma torpaqlara qayıtmaq istəyini ifadə etmişdir.

Avropalı qonaqlar buradan Binəqədinin 7-ci mikrorayonunda, 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəlləyə gəlmişlər. Gəray Fərhadov məlumat vermişdir ki, burada hər biri 9 mərtəbədən ibarət 6 binada 369 ailə müvəqqəti məskunlaşmışdır. Ərazidə hər cür infrastruktur yaradılmışdır. Məhəllənin sakinləri doğma yurdlarına qayıdandan sonra bu binalar dövlət fondunda qalacaqdır. Bakıda təxminən 2 min ailə bu şəraitdə yaşayır. 2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcəkdir.

Qonaqlar burada zəngilanlı Manya İsmayılovanın üçotaqlı mənzilində olmuşlar. Avropalılara məlumat verilmişdir ki, Zəngilanın Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Onun işğalı Ermənistanın Azərbaycana ərazi iddiasının məntiqi nəticəsidir.

Ağbirçək bildirmişdir ki, bizim üçün hər cür şərait yaradıldığına görə dövlətimizə minnətdarıq. Ancaq heç bir şey doğma yurdu əvəz edə bilməz. Biz torpaqlarımıza qayıtmaq istəyirik. Bilirik ki, geri də qayıdacağıq, evlərimiz də bərpa olunacaq, amma aldığımız mənəvi yara sağalacaqmı?! Bu gün doğma yurdumuzda yaşamaqdan başqa bütün insan hüquqlarından istifadə edirik, doğma yurdumuzdan başqa bütün dünyanın qapıları üzümüzə açıqdır.

Qonaqlar məhəllədəki Zəngilan rayon 4 nömrəli orta məktəbdə olmuş, burada rayonun ermənilər tərəfindən dağıdılmış tarixi abidələrinin şəkillərindən ibarət guşəyə baxmışlar. Onlara bu rayonda nadir Şərq çinarının qorunub saxlanılması məqsədi ilə 1974-cü ildə 107 hektar ərazidə yaradılmış Bəsitçay Dövlət Təbiət Qoruğu haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, çinarlıq qoruq ərazisinin 93,5 faizini təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin burada əsl nəhəng - yaşı 1200-1500 il, hündürlüyü 50 metr və diametri 4 metrə qədər olan ağaclara da rast gəlmək olar. Ermənilər bu nadir ağacları da qırıb məhv etmişlər.

Missiya üzvləri məktəbin direktoru Cəbrayıl Şıxəliyevin kabinetindəki kompüterdə onun Zəngilandakı evinin əvvəlki və indiki vəziyyətini əks etdirən şəkillərə də baxmışlar.

Gəray Fərhadov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edən disklər vermişdir.

 

 

Azərbaycan.- 2011.-11 iyun.- S. 3.