Layihənin yekunları faydalı olmuşdur

 

İyunun 7-də Azərbaycan və İsveçrə hökumətləri tərəfindən maliyyələşdirilən, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan "Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkün və qaçqınlar üçün Bacarıqların Artırılması Naminə İnkişaf Laiyhəsi"nin təqdimat mərasimi keçirilmişdir.

Layihə barədə FAO-nun baş texniki məsləhətçisi Volter de Oliveira məlumat verərək bildirdi ki, layihə Ağdamın 14 qəsəbə və 7 kəndində həyata keçirilərək 3100 nəfərdən çox ailəni əhatə etmişdir. Bu layihə çərçivəsində məcburi köçkünlər mənfəət əldə etmək üçün yüksək gəlir gətirən keyfiyyətli tərəvəz məhsullarının becərilməsində lazım olan texniki dəstək, adaptasiya olunmuş texnologiya ilə təmin olunmuşlar.

"Məcburi köçkünlər və fermerlər bazar yönümlü kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaları üçün böyük maneələrlə üzləşirlər. Bura əkin üçün yararlı torpaq sahələrinə, xüsusilə də, suvarılan torpaqlara çıxışın məhdud olması, təsərrüfat sahələrinə və müasir istehsal texnologiyalarına dair texniki biliklərin çatışmazlığı daxildir. Bundan başqa, bazara çıxışın çətin olması, münasib şərtli kreditlərin əldə edilməsində yaranan problemlər, eləcə də istehsal və marketinq fəaliyyətinin təkmilləşdirilməsi üçün məsləhət xidmətlərinin olmaması bu kateqoriyaya aid insanlar üçün xeyli çətinliklər törədir" - deyən Volter de Oliveira konfrans iştirakçılarının diqqətinə layihənin digər məqamlarını çatdırdı. Baş texniki məsləhətçi layihənin nəticələrinin çox uğurlu olduğunu vurğulayaraq bildirdi ki, bu layihə çərçivəsində 45 aparıcı fermer seçilmiş və 68 Fermer Əsaslı Təşkilat yaradılmışdır. Nəticədə Ağdam rayonunun layihənin əhatə dairəsində məskunlaşmış ailələrinin təxminən 57 faizi birbaşa və ya dolayı yolla bundan faydalanmışlar.

Kənd Təsərrüfatı Nazirliyi Ağdamda tətbiq olunan layihənin müsbət nəticələrini əsas tutaraq belə layihələrin ölkəmizin digər regionlarında da həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Konfransda çıxış edən beynəlxalq təşkilatların nümayəndələri bu təşəbbüsə müsbət yanaşaraq qeyd etdilər ki, hər bölgənin öz yerli xüsusiyyətlərini nəzərə alaraq belə layihələrin həyata keçirilməsi mümkündür.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd etdi ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin bütün problemlərini təkbaşına həll etmək iqtidarındadır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başa çatmadığı üçün belə layihələrin həyata keçirilməsi vacibdir. Bu, ilk növbədə, dünya ictimaiyyətinin diqqətini konfliktin hələ başa çatmadığına, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına hələ də dönmədiklərinə diqqəti cəlb etmək üçün lazımdır. İkinci bir tərəfdən, bu layihənin icrası beynəlxalq təşkilatların Azərbaycanı daha yaxından tanıması, problemin mahiyyətini başa düşməsi üçün də zəruridir.

Əli Həsənov həmçinin bunun köçkünlərə yenidən əmək vərdişlərini qazanmaları üçün çox vacib olduğunu vurğuladı. Qaçqın və məcburi köçkünlərin əksəriyyətinin uzun müddət çadır şəhərciklərində, dəmir yol vaqonlarında və digər dözülməz şəraitdə yaşayaraq yalnız humanitar yardımlardan faydalandığını deyən Ə.Həsənov bu layihənin onlara yenidən öz əvvəlki fəaliyyətləri ilə məşğul olmağa geniş imkan yaratdığını söylədi.

Mərasimdə çıxış edən İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabin Ulman Şaban isə qeyd etdi ki, layihənin icrası müddətində yerlərdə bir neçə dəfə olaraq müşahidələr aparmışlar. Onun diqqətini ən çox cəlb edən məcburi köçkünlərlə beynəlxalq təşkilatların nümayəndələrinin bir-birlərinə olan mehriban münasibətləri olub. Səfir qeyd etdi ki, bundan sonra da belə xeyirxah missiya beynəlxalq donor təşkilatları tərəfindən davam etdirilməlidir.

Tədbirdə çıxış edən kənd təsərrüfatı və iqtisadi inkişaf nazirlərinin müavinləri Bəhram Əliyev və Niyazi Səfərov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov vurğuladılar ki, bu layihənin icrası çox uğurlu olmuşdur. Odur ki, gələcəkdə belə layihələr Azərbaycanın digər bölgələrində də həyata keçirilməlidir.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 4.