"Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək" tvinninq layihəsi təqdim olunmuşdur

 

İyunun 17-də Dövlət Baytarlıq Xidmətində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək" tvinninq layihəsinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək bildirmişdir ki, ölkədə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də köklü dəyişikliklər və islahatlar həyata keçirilir. Azərbaycanın ərzaq təhlükəsizliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək, ölkədə məhsuldar heyvan cinsi və keyfiyyətli heyvandarlıq məhsullarının istehsal edilməsini stimullaşdırmaq məqsədilə tvinninq layihəsi zəruri sayılmışdır. Bu layihə Azərbaycandakı heyvanların, dövlət baytarlıq nəzarəti obyektlərinin qeydiyyata alınmasına, hər bir heyvan haqqında lazım olan bütün məlumatların toplanmasına xidmət edir. Heyvanların sağlam olması sağlam qida, əhalinin sağlam yaşaması deməkdir. Layihə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Nazir onu da qeyd etmişdir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı dinamik olaraq artır. Bu ilin 5 ayında artım 5,3 faiz olmuşdur. Hava şəraiti imkan verərsə, bu ilin sonuna həmin rəqəm daha da artacaqdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia, Polşanın Azərbaycandakı səfiri Mixail Labenda və digərləri çıxış edərək layihə haqqında məlumat vermiş, onun əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən bu layihə çox vacibdir. Layihənin Azərbaycanda tətbiqi Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığının bariz nümunəsidir. Aİ ilə əməkdaşlıq özünü bütün sahələrdə göstərir. Aİ Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Dəyəri 1 milyon avro olan layihə 1 il ərzində həyata keçiriləcəkdir. Layihəni İspaniya-Polşa konsorsiumu icra edir.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S. 4.