Rusiyanın nəqliyyat naziri İqor Levitin AzTU-da olmuşdur

 

Bakıda keçirilən X yubiley Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində Rusiyanın nəqliyyat naziri İqor Levitin iyunun 17-də Azərbaycan Texniki Universitetində (AzTU) olmuşdur.

Qonaqlar əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan büstün önünə gül dəstələri düzmüşlər.

Professor-müəllim heyəti və ölkənin nəqliyyat sektoru nümayəndələri ilə keçirilən görüşdə çıxış edən

AzTU-nun rektoru professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil ocağı haqqında qonaqlara məlumat vermişdir. O bildirmişdir ki, iqtisadiyyatın ən aparıcı sahəsi olan nəqliyyat daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Son illər nəqliyyat sahəsində əldə olunan uğurlar isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran və Azərbaycan-Rusiya istiqamətində beynəlxalq avtomobil və dəmiryolu isə müasir texnologiyalar əsasında yenidən inşa edilmişdir. Sonra Rostov Dövlət Dəmiryol Universitetinin rektoru Vladimir Kolesnikov rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat vermiş, nəqliyyat sahəsində əldə olunan təcrübəsini bölüşmüşdür.

Tədbirdə çıxış edən İqor Levitin isə beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirmişdir. Rusiyalı nazir bu sahədə Azərbaycan nəqliyyatçılarının əməyini xüsusi qeyd etmişdir.

Rusiyada nəqliyyat sisteminin formalaşmasının 200 illiyi ilə əlaqədar hazırlanmış döş nişanları AzTU-nun müəllim-professor heyətinə və nəqliyyat sahəsində böyük xidmətləri olmuş azərbaycanlı mütəxəssislərə təqdim olunmuşdur.

AzTU-nun rektoru Havar Məmmədov İqor Levitinə və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədova xatirə medalı və diplom təqdim etmişdir.

 

 

Azərbaycan.- 2011.-18 iyun.- S.4.