Şəmkirçay dəryaçası iqtisadi tərəqqi, yeni həyat rəmzidir

 

 Şəmkir çayı həmişə ruzi-bərəkət təknəsi olub. Kiçik Qafqazın qoynunda yerləşən ən ucqar dağ kəndi Mehrilidən, Altıbarmaqdan, Qaraqocalıdan, Mansırlıdan tutmuş ta Kürə qovuşanacan bu çaydan irili-xırdalı neçə-neçə kəndin əhalisi həm içməli, həm də suvarma suyu kimi istifadə edir. Üç il əvvəl - 2008-ci ilin iyun ayında, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəmkir çayı üzərində su anbarının yaradılmasını və kiçik su elektrik stansiyasının tikintisinə başlanılmasını əhali böyük sevinclə qarşıladı. Bu dəryaçanın yaradılması qərb bölgəsində indiyədək su üzü görməyən 75 min hektar sahənin əkilib-becərilməsinə, Şəmkir və Gəncə şəhərlərinin içməli su probleminin həllinə səbəb olacaqdır. İqtisadçı mütəxəssislərin fikrincə, bu dəryaça sayəsində rayonun iqtisadiyyatına, insanların sosial həyat tərzinə, ümumilikdə, bölgənin inkişafına yeniliklər, uğurlar gətiriləcəkdir.

Sifarişçisi respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti olan Şəmkir dəryaçasının yaradılması, tikinti-quraşdırma və inşaat işləri ilk gündən Türkiyənin "Çengiz" İnşaat Sənaye və Ticarət Anonim Şirkəti tərəfindən həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il mayın 25-də dəryaçanın təməlqoyma mərasimində demişdir: "Bölgədə ən böyük su anbarının tikintisinə başlanılmışdır. Şəmkirçay su anbarının təməl daşı qoyulmuşdur. Sırf dövlət tərəfindən maliyyələşdiriləcək bu layihə əminəm ki, 3-4 ilə tamamlanacaqdır. İlkin hesablamalara görə, qoyulacaq vəsaitin həcmi 400 milyon manatdır və bu illər ərzində minlərlə yeni iş yeri açılacaqdır. Şəmkirçay su anbarı və elektrik stansiyası istifadəyə veriləndən sonra ucuz elektrik enerjisi əldə ediləcək, eyni zamanda, on min hektarlarla suvarılmayan yeni torpaqlara su veriləcək, Şəmkir, Göygöl, Samux və Gədəbəy rayonlarının ərazisində suvarma məsələləri öz həllini tapacaqdır. Bu da özlüyündə yeni əkin sahələrindən istifadəyə gətirib çıxaracaq, kənd təsərrüfatı istehsalı artacaq, beləliklə, biz öz ərzaq təhlükəsizliyimizi daha çox təmin edəcəyik, daha çox kənd təsərrüfatı məhsulları ixrac edəcəyik".

Ölkə başçısının təməlqoyma mərasimində iştirakından ötən müddət ərzində burada xeyli iş görülüb. Dağların döşündəki kiçik təpələr dərələrə endirilib, dəryaçanın yatağı hamarlanıb, yan sahil divarlarında quraşdırma-bərkitmə işləri yüksək səviyyədə başa çatdırılıb. Mis rənginə çalan nəhəng qayalar elə çapılıb, elə yarılıb, elə cilalanıb ki, bu işi görənlərin məharətinə heyran qalırsan.

 Ümumilikdə, tikintidə 400 nəfərədək işçi çalışır ki, onların da 300-ü azərbaycanlıdır. Əsası Seyfəlidən olmaqla, ətraf kənd və qəsəbələrdən tikintidə 99 nəfər - sürücü, çilingər, betonçu, qəlibləyici və digər peşələrdən olan sənətkarlar çalışırlar. Nəhəng inşaat meydançasını xatırladan ərazini Bakı-Qazax magistralına birləşdirən 21 kilometr təzə, rahat asfalt yol çəkilib. İşçilər daim yaşadıqları ərazilərdən xüsusi avtobuslarla tikintiyə gətirilir və onların işdən sonra evə aparılması təmin edilir.

Sututumu 170 milyon kubmetr olacaq dəryaçanın özülü və yan qoruyucu qaya divarlarında tamamlama işləri qurtarıb. Layihəyə əsasən, dağların altından keçən üç nəhəng tunel - diametri 6, uzunluğu 765,65 metr olan sunəqledici tunel - diametri 4,5, uzunluğu 583,38 metr olan enerji tuneli və diametri 4,5, uzunluğu 884,85 metr, sututumu saniyədə 165 kubmetr olan tikinti sunəqledici tunel istismara tam hazırdır. Hər üç tunelin giriş və çıxışlarında işlər vaxtında və keyfiyyətlə başa çatdırılıb, axar suyun məcrası dəyişdirilib. Çayın ən dar yerindən bənd atılır. Eni 90, hündürlüyu 195 metr olacaq bəndin özülü 30 metrədək yerin altına işləyib. Hazırda bəndin ön və arxa hissəsində qayabərkitmə işləri gedir. Bununla bərabər, bəndin orta hissəsində 8-10 metr enində giltökmə və bərkitmə işləri görülür. Bənddə hər hansı adi sızmanın qarşısını alacaq xüsusi tərkibli gil-torpaq tikintidən xeyli aralı - Nərimanlı kəndindən gətirilir. Bunun üçün Nərimanlıya dağların döşü ilə 11 kilometr xüsusi asfalt yol çəkilib. Gil-torpaq daşıyan "Kamaz"lar ərazidə işləyən buldozerlər və digər texnika qaş qaralanadək yaxınlıqdakı dağlara, dərələrə səs salır.

Bu mühüm obyektdə çalışmaqdan fərəh duyan işçilərdən biri türk qardaşımız, iş icraçısının köməkçisi Ramazan Perk Türkiyənin Şanlı Urfa vilayətindəndir. Onun babası Alı Abdulqafuroğlu Nuru Paşanın əsgərlərindən olub, 1918-ci ildə Gəncəyə gəlib, sonra Bakının erməni və rus silahlı birləşmələrindən azad edilməsində igidliklər göstərib. Bakını işğalçılardan azad etdikdən sonra Qubada, Qusarda, Şamaxıda və Dərbənd ətrafında azərbaycanlıları, dinc əhalini kütləvi şəkildə qırıb, var-dövlətini talayan ermənilərlə vuruşmada ağır yaralanıb.

Ramazan Perk deyir ki, o vaxt babamla bir yerdə vuruşub geri qayıdan əsgərlərdən bir neçəsi evimizə gəlib bildirdilər ki, babam Dərbənd ətrafında vuruşmada ermənilər tərəfindən ağır yaralanır və müalicə üçün birbaşa Gəncəyə gətirilir. Təəssüf ki, onu ölümün pəncəsindən qurtarmaq mümkün olmur. Deyilənə görə, bir gündən sonra onu Gəncə ətrafında müsəlman qaydasınca dəfn ediblər. Mən babamın ruhu dolaşan, məzarı uyuyan Gəncəbasar bölgəsində, Şəmkirçay dəryaçasının yaradılmasında əməyimdən ikiqat məmnunam. Elə bilirəm ki, babamın arzularını davam etdirirəm.

Gördükləri işlərdən, dəryaçanın gələcək uğurlarından fərəhlə söhbət açan iş icraçısı Məhmət Səlahəttin Yazıcı bildirdi ki, dəryaçada tikinti-quraşdırma işlərinin aparılması üçün hər cür şərait yaradılıb, rayon icra hakimiyyəti tərəfindən lazımi kömək göstərilir. İşçilərimiz arasında əzmkarlıq, mütəşəkkillik güclüdür. Bənddə 6 ədəd hidroturbin olacaq. Bəndin tikintisi tam başa çatdıqdan sonra 61 kilometr uzunluğunda kanal çəkiləcək. Kanallar üzərində Yeni Həyat və Seyfəli su elektrik stansiyaları quraşdırılacaq. Biz çalışırıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevə söz verdiyimiz kimi, Şəmkirçay dəryaçasını nəzərdə tutulduğundan əvvəl - 2013-cü ilin sonunadək istismara verək. Şəmkirçay dəryaçası iqtisadi tərəqqi, yeni həyat rəmzidir. Bu vacib işi nə qədər tez başa çadırsaq, o qədər yaxşı olar.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.-19 iyun.- S.1.