Azərbaycan beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilir

 

Müasir dövrdə hər hansı dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafelərini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi yeni dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən asılıdır. Təcrübə göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tarazlı xarici siyasət yeridən, qlobal məkanda cərəyan edən proseslərə çevik reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr qarşıya qoyduqları məqsədlərə yetişə bilirlər.

2011-ci ilin geridə qalan dövrü ümumilikdə Azərbaycanın xarici siyasətində fəallığın, intensivliyin və səmərəliliyin artması ilə səciyyəvidir. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilir.

Bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsində Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Bunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin yürütdüyü praqmatik xarici siyasətdir. Rəsmi Bakı son illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal proseslərə çevik reaksiya göstərmiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir. Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi yerindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından maksimum bəhrələnməklə konkret zaman və məkan çərçivəsində xarici siyasət prioritetlərini müəyyənləşdirir.

Hazırda hansısa dövlətin müstəqil xarici siyasət yeritməsi, milli maraqlarını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas götürülən ərazi və əhali amilləri o qədər də aktual səslənmir. Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, dünyanın zəngin karbohidrogen resurslarının cəmi bir faizinə malik olan Azərbaycan sırf praqmatik diplomatiya yeritməklə, bölgədə və ümumən Avropa subregional məkanında layiqli yerini təmin edir. Respublikamızın qısa müddətdə iqtisadi sahədə əldə etdiyi böyük uğurlar da beynəlxalq miqyasda maraqla qarşılanır. Azərbaycan bu gün təkcə investisiya imkanlarına görə deyil, həm də etnik-dini tolerantlığına görə əcnəbilər üçün cəlbedici görünür.

Bəzən Azərbaycanın bölgədə artan rolunu respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmamışdır. Bəzi Afrika və Şərqi Asiya dövlətlərinin timsalında bunu əminliklə demək olar. Azərbaycanın Avropa dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı xalqımızın sivil Qərb dəyərlərinə tolerant münasibəti, habelə respublikada demokratik proseslərin dönməzliyinə olan təminatla şərtlənir. Siyasi sistemin plüralist xarakteri, cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesi respublikamızın eyni zamanda beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsinə imkan yaradır.

Azərbaycanın daxili və xarici siyasətinin strateji yönümü indi dünya ictimaiyyətinə yaxşı məlumdur. Respublikamıza inamla rəhbərlik edən cənab İlham Əliyevin indiyə qədər aparılan siyasi kursun layiqli davamçısı olduğu da yaxşı başa düşülür. Bu, heç də Qərbin iqtisadi maraqlara görə demokratik prinsiplərdən geri çəkilməsi demək deyil. İqtisadi sahədə keçid dövrünü yeni başa vuran, ərazisinin 20 faizi işğala məruz qalan bir ölkədən Qərb mühitinə xas olan yüksək demokratiya gözləmək mümkün deyil və bunu Qərbdə də yaxşı bilirlər. Əsas budur ki, Azərbaycan demokratik dövlət quruculuğunu özünün prioritet inkişaf modeli kimi seçib. Ölkədə cərəyan edən proseslərin Qərb mühitində diqqətlə izlənilməsi də məhz bu kontekstdən şərh olunmalıdır. Cənab İlham Əliyevin Azərbaycanın bugünü və sabahı, siyasi idarəetmə forması, daxili və xarici siyasəti ilə bağlı mülahizələri də Avropa geosiyasi arealında müsbət qarşılanır. Ümumi fikir bundan ibarətdir ki, hazırda ölkədə uğurla həyata keçirilən siyasət Azərbaycanın Avratlantik məkana inteqrasiyasına, iqtisadi tərəqqi və demokratik inkişafa, neft strategiyasının dönməzliyinə xidmət edir. Azərbaycanla bağlı obyektiv təsəvvürlərin formalaşması isə əksər ölkələri və beynəlxalq təşkilatları respublikamızla əməkdaşlığa həvəsləndirir. Bunun nəticəsidir ki, mötəbər tədbirlərin keçirilməsi məkanı kimi Gürcüstana, Ermənistana və yaxud digər MDB respublikasına deyil, məhz Azərbaycana üstünlük verilir.

Son günlərdə Bakıda iki mühüm tədbirin keçirilməsi sürətlə inkişaf edən Azərbaycanın dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bunlardan birincisi, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının Bakıda keçirilməsi idi. Yüksək səviyyəli qonaqların iştirak etdiyi tədbirdə Azərbaycanda bioetika elminin inkişaf perspektivləri barədə son dərəcə faydalı müzakirələr aparıldı.

Digər beynəlxalq tədbirin - XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının da ənənəvi olaraq Bakıda təşkil olunması respublikamızın dünyadakı nüfuzunun bariz göstəricisidir. Bu konfrans bir daha təsdiqlədi ki, Azərbaycan neft-qaz sahəsində həyata keçirdiyi düşünülmüş strategiya əsasında son illər nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilmişdir. Respublikamızın bölgənin və qitənin enerji təhlükəsizliyində mühüm rol oynadığı hazırda istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Prezident İlham Əliyev konfransdakı nitqində demişdir: "Enerji təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində dayanan vacib məsələlərdən biridir. Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz üzərinə düşən vəzifələrini ardıcıllıqla və böyük iradə ilə icra edir. Mən hesab edirəm ki, hazırda istehlakçılar, tranzit ölkələr və istehsalçılar arasında yaranan əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxaracaqdır. Çünki məhz bu üç tərəfin birgə fəaliyyəti nəticəsində biz uğura nail ola biləcəyik".

Bu və digər mötəbər tədbirlərin təşkilatçısı olan Azərbaycan bir tərəfdən beynəlxalq nüfuz və mövqelərini möhkəmləndirir, digər tərəfdən öz həqiqətlərini, daxili və xarici siyasətini, sosial-iqtisadi uğurlarını geniş təbliğ etmək üçün əlverişli imkanlar qazanır. Paralel olaraq rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda psixoloji-siyasi üstünlüyə malik olmaq, bədnam erməni lobbisinə qarşı effektiv əks hücumu təşkil etmək fürsəti əldə edir.

Bütün bunlar göstərir ki, Azərbaycanın ictimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən sürətlə inkişaf edən, eyni zamanda beynəlxalq miqyasda maraq və mənafeyini layiqincə qoruyan ölkəyə çevrilməsində dövlət başçısı İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət kursu vacib əhəmiyyətə malikdir. Bu kursun prioritet məqsədi isə milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsi, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırması və təhlükəsizliyinin hərtərəfli təminatından ibarətdir.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2011.-19 iyun.- S. 2.