Savab iş

 

Təsəvvür edin ki, təxminən yüz il bundan əvvəl bir təhsil ocağına münasib yer lazımdır. Hamı ölçür-biçir, arayıb-axtarır. Arzu var, imkan isə yox. EVə bu zaman hündürboylu, qarabığlı, ortayaşlı bir kişi irəli çıxaraq özünün şəxsi binasını göstərib deyir:

- Buyurun, götürün, - sizə qurbandır.

Baxdılar, bina nə bina! İkimərtəbəli, on yeddi otaqlı. Həyəti də ki, azı, bir hektar.

Bu səxavətli insan Kosalar kənd sakini Məşədi İbrahimdir. Söhbət Qazax seminariyasının açılışından gedirdi.

1918-ci ildə Qori seminariyası bağlananda Azərbaycan şöbəsi "sahibsiz" qaldı. Onu ölkəmizə köçürmək maarifçilərin çoxdankı arzusu idi. 1918-ci ildə Firudin bəy Köçərli Qafqaz təlim dairəsindən bu barədə icazə alır. Bəs harada yerləşdirilsin? Bu məsələni yalnız Firudin bəy Köçərli həll edə bilərdi. Azərbaycan şöbəsinin sonuncu inspektoru kimi seminariyanın bütün avadanlığı, təhsil ləvazimatı onun ixtiyarında idi.

F.Köçərli xeyli götür-qoydan sonra seminariyanın əmlakını qatara yükləyib Azərbaycana aparmaq qərarına gəlir. Bundan xəbər tutan gürcü canişini göstəriş verir ki, qatarı saxlasınlar. Qatar artıq Ağstafaya çatırdı. F.Köçərlinin həyat yoldaşı Badisəba xanımın qohumları, Qori seminariyasının məzunları və digər ziyalılar F.Köçərli ilə görüşmək üçün qatarın qarşısına çıxırlar. Badisəba xanımın qohumları və Salahlı kəndinin bəyləri ilə tanışlığı gürcü canişini fikrindən dönməyə vadar edir. Seminariyanın məzunları bütün ləvazimatı boşaldıb tələsik Qazaxa aparırlar.

Bina məsələsi də konkret olaraq onda meydana çıxmışdı. Həmin gərgin günlərdə Məşədi İbrahimin ağayana hərəkəti, şahanə səxavəti, əvəzsiz savab işi hamının ürəyindən xəbər verdi. Məşədi İbrahimin adı tezliklə dillərə düşdü. Bütün Qazax mahalında hörmətlə, ehtiramla çəkilməyə başladı.

Məşədi İbrahim el arasında xüsusi nüfuzu olan Hacı İsmayılın oğludur. Belə bir atanın yetirməsi işgüzar, ədalətli gənc kimi tanınırdı. Əvvəlcə Xanzadə adlı bir qızla ailə qurur. Övladı olmadığına görə sonralar Zeynəblə evlənir. Bu xanımdan dörd oğlan və üç qız dünyaya gəlir: Müseyib, Teymur, Nəsrəddin, Ənvər, Afitab, Mövrəstə və Pünhan.

Məşədi İbrahim yüksək vəzifə sahibi deyildi. Publisist Sadıq Qara yazır ki, ömrü boyu mirab, yəni su ağası işləyib. Qazaxdan Şəmkirədək bütün Kürqırağı obalarının əkin suyu ilə təmin olunmasına nəzarət edirdi. İşgüzar adam olub. Deyilənlərə görə, kənddəki bir neçə torpaq sahəsindən, dəyirman və fermasından savayı, Qazaxda üç mülkü, bir neçə dükanı və bir karvansarası var imiş.

Məşədi İbrahimin kəndin mərkəzində ikimərtəbəli evi, bağı-bağçası olub. Ağsaqqallar deyirlər ki, indi də qismən salamat qalan kənd məscidini də o tikdirib.

Təhsilə töhfə verilən bu yaraşıqlı binanın isə maraqlı bir tarixi var imiş. Tədqiqatçı-jurnalist Şəmistan Nəzərli deyir ki, Qazaxda müşə - yəni günəmuzd fəhlə işləyən iranlı Məmmədəli karvansara kimi işlətmək məqsədilə şəhərin mərkəzində iri bir imarət tikdirir. Arada nə olursa, doğma vətəni İrana köçüb getmək istəyən tat Məmmədəli həmin mülkü hərraca - satışa qoyur. Məlum məsələdir ki, belə bir əzəmətli mülkü heç də hər adam ala bilməzdi. Qazaxda iki nəfər pullu-qızıllı kişi mülkə müştəri düşür... Qıraq Kəsəmənli İsrafil ağa və Kosalar sakini Məşədi İbrahim.

Alıcılar, ağsaqqallar yığışıb qiymət qoyurlar. Əvvəlcə İsrafil ağa yüz qızıl verir, mülk sahibi başını bulayır. Məşədi İbrahim yüz əlli, - deyir. İsrafil ağa - iki yüz! Mülk sahibi yenə razılaşmır... Nə isə, məzənnə belə-belə qalxır. Məşədi İbrahim beş yüz qızıl, - deyib dayanır. İsrafil ağa dinmir. Məşədi İbrahim böyük oğlu Müseyibi yanına çağırıb deyir:

Qaç evə, anana de, xalça gönünün arasında nə qədər qızıl varsa, versin, götür gəl.

Müseyib gedir, qızılı götürüb qayıdır. İsrafil ağa səmimi-qəlbdən xeyir-dua verir:

- Məndən keçdi, - deyir - Məşədi İbrahim, sağlığına qismət olsun.

Hərracın söz-söhbəti tədricən səngiyir. Bir müddət keçəndən sonra Məşədi İbrahimin mərdanə əməlinin sədası bütün Qazaxa yayılır.

- Binanı bağışladım. Firudin bəy xalq üçün yanan oğuldur, xeyirxah iş görür, halal olsun!

Nə yaxşı, Məşədi İbrahim belə bir binanı Firudin bəyə bağışlayır? Həmsöhbətim Məhəmməd Orucov deyir ki, bunun bir səbəbi var idi. 1914-cü ildə Məşədi İbrahim Qoriyə gedib Firudun bəylə görüşür. Oğlu Müseyibi seminariyaya qəbul etdirir. O vaxtdan Firudun bəy Köçərli ilə dost olur. Təəssüf ki, ipə-sapa yatmayan, dəliqanlı gənc Müseyib ilyarım oxuduqdan sonra seminariyanı atıb Qazaxa qayıdır.

Oğlundan bir şey çıxmayacağını görən Məşədi İbrahim kasıblara əl tutmaqla, kimsəsizləri oxutmaqla təsəlli tapırdı. Seminariya üçün binanı bağışlamaq isə onun daxili aləminin zənginliyindən, duyumlu-duyğulu qəlbindən xəbər verirdi.

Hər şey nizamlanandan sonra seminariyanın açılışı oldu. Bu yerlərin tanınan ziyalıları, ağsaqqallar, habelə Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, türk qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi Şıxlinski açılışda iştirak edirdi. Qısqıvraq geyinmiş Məşədi İbrahim də bir kənarda dayanaraq iftixarla baxırdı.

Qazax seminariyası 1918-ci ildən 1959-cu ilə kimi burada fəaliyyət göstərib. Minlərlə müəllim yetişdirib. Məşədi İbrahimin xalqı və milləti qarşısında xidmətləri çox böyük olub. Əgər o öz mülkünü bağışlamasaydı, bəlkə də Qazaxda seminariya söhbəti baş tutmaz, zəmanəmizin görkəmli şairləri - Səməd Vurğun, Osman Sarıvəlli, yazıçı Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, professor Mehdixan Vəkilov və Azərbaycan təhsilinin "qızıl fondu" sayılan maarifçilərinin böyük bir dəstəsi yetişməzdi.

Soruşula bilər, bəs xeyriyyəçi Məşədi İbrahimin taleyi necə oldu? O genişqəlbli insan öz əcəli ilə ölüb. Əli ilə tikdirdiyi məscidin içərisində dəfn edilib. Sonralar sovet imperiyası dövründə kənd qəbiristanlığına köçürülüb. Var-dövləti müsadirə edilib. Oğlu Müseyib və Teymur otuzuncu illərdə "kulak balaları" olduqlarına görə güllələnib. Nəvəsi İsmayıl Hacıyev və bəzi qohumları təzyiqlərdən, təqiblərdən yaxa qurtarmaq üçün başqa yerə köçüblər.

Ötən əsrin ortalarında tarixi binanın özü də repressiyaya uğrayıb, bir növ kimsəsiz qalıb. Uzun müddət baxımsızlıq üzündən otaqların bir hissəsi yararsız hala düşüb. İndi burada 4 nömrəli şəhər orta ümumtəhsil məktəbi yerləşir. İkinci növbədə isə işğal olunmuş Aşağı Əskiparanın orta məktəbi fəaliyyət göstərir.

İkimərtəbəli binanın üzərində rəngi soluxmuş lövhədə bu sözlər oxunur: "Azərbaycan Mədəniyyət Nazirliyi. Yerli əhəmiyyətli memarlıq abidəsi". Fikir verirsinizmi, heç ölkəmiqyaslı da yox, yerli əhəmiyyətli. Xalqın təhsil-tərbiyəsində xüsusi xidmətləri olan bu tarixi binaya illər boyu münasibət bax bu cür - biganə olub. İndi də belədir.

Uçuq-sınıq otaqları gəzdikcə təəssüf hissi keçirirsən. Əvvəla, dövrün ən gərgin çağında öz əzəmətli mülkünü xalqın təhsili üçün bağışlamış savab sahibi Məşədi İbrahimin adına heç yanda rast gəlmədik. Otaqlardan birində Səməd Vurğunun adına düzəldilmiş muzey də toz-torpaq içində idi.

Belə bir nur çeşməsinin bərpası və xalqın ən nəcib ənənələrinin daşıyıcısı olan xeyriyyəçinin adının əbədiləşdirilməsi üçün nə etmək olar? Əvvəla, gərək bina öz əvvəlki görkəminə gətirilsin. Sonra da Qazaxda neçə-neçə belə xeyriyyəçi olub. Onların adları, əməlləri, həyat yolları araşdırılsın və burada xeyriyyə muzeyi yaradılsın. Başda da yüz il bundan əvvəl öz halal mülkünü təmənnasız olaraq xalqa bağışlayan Məşədi İbrahimin adı yazılsın.

Bu duyğularla rayon icra hakimiyyətində olduq. İcra başçısı Rauf Hüseynov "tamamilə haqlısınız, - dedi. -Qəlbimdən xəbər verdiniz". Sonra müxtəlif təşkilatlara ünvanlanmış məktubları göstərdi: "Çalışırıq ki, 4 nömrəli məktəb üçün münasib yerdə bir bina tikilsin. Qaldı qədim binanın bərpasına, Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlamışıq. Məktəbə müvafiq yer tapılan kimi biz burada əsl elm-təhsil ocağı kimi tanınan Qori seminariyası üçün adına, əməlinə layiq bir muzey yaratmaq istəyirik. Xeyriyyəçi Məşədi İbrahim, əlbəttə, çox dəyərli bir iş görüb. Onun adının əbədiləşdirilməsi üçün əlimizdən gələni edəcəyik".

Savab iş nəzər-diqqətdən niyə kənarda qalsın? Hər bir xeyirxah əmələ qədərincə qiymət verək ki, qoy hamıya və hər kəsə bir nümunə olsun.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-19 iyun.- S. 4.