Yeni Suvagil müasir kəndin uğurlu nümunəsinə çevrilir

 

Zaqatalanın kəndlərinin bir ayrı gözəlliyi var. Rayon mərkəzindən Muxax yoluna dönəndə yaşıllıqlar daha da artır. Yola isə söz ola bilməz. Bu yaxınlarda Muxax-Çobankol-Suvagil avtomobil yolu tamamilə asfaltlaşdırılıb. Bu isə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, yerli sakinlərin dolanışığına da müsbət təsir edir. Yol boyu gözlərimizə rahatlıq gətirən meyvə bağları, səliqəli əkin sahələri, həmçinin yaraşıqlı kənd evləri xeyir-bərəkətdən, abadlıqdan soraq verir.  Yol yoldaşım Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizami Abdullayev keçib getdiyimiz kəndlərin məşğuliyyətindən, insanların çalışqanlığından, torpağa bağlılığından danışır. Nizami müəllimin dediklərini gördüyümüz mənzərələr də təsdiqləyir. Daş hasarlı həyətlər, abad görünüşlü evlər, bir də işgüzarcasına harasa tələsən kənd sakinləri…

Nəhayət, Yeni Suvagil kəndinə çatırıq. Bizi rayon icra hakimiyyəti başçısının Suvagil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Soltanəli Soltanov qarşılayır. Qonaq olduğumuzu görüb yaxınlıqdakı sakinlər də gəlib görüşür, hal-əhval tuturlar. Ayaqüstü söhbətləşirik. Gün-güzəranlarından razılıq etməklə yanaşı, bir-iki xırda çətinliklərinin olduğunu, yəqin ki, tezliklə onların da aradan qaldırılacağını bildirirlər. Öyrənirik ki, gənc ailələrin ev tikməsi üçün həyətyanı torpaq sahələri azdır. Başqa bir çətinlik isə maldarlıq və qoyunçuluqla məşğul olanların son vaxtlar qışlaq çətinlikləri ilə üzləşməsidir. Başqa sözlə, əvvəllər qışlaq kimi istifadə etdikləri Qax, Şəki ərazilərində getdikcə o qədər də xoş qarşılanmırlar.

Suvagillilər dədə-babadan maldarlıq və qoyunçuluqla məşğul olublar. Yaşadıqları dağlardan ötən əsrin ortalarında enib bu ərazidə kənd salıb məskunlaşıblar. Ona görə də kənd Yeni Suvagil adlandırılıb.

 Suvagildə təhsilə və maariflənməyə ta qədimdən ciddi fikir verilib. Suvagil kənd 1 nömrəli orta məktəbin direktoru Abdurahman Soltanov, kənd bələdiyyəsinin sədri Xalid Məmmədov ötənlərdən, kəndin keçmişindən maraqla danışırlar.

Suvagildə ilk məktəb 1924-cü ildə fəaliyyətə başlayıb. Bu məktəbin açılmasının təşəbbüskarı Şıxəmir Əminov olub. İlk dəfə 6 şagirdin təhsil aldığı bu ibtidai məktəbdə ilk müəllimlər Şıxəmir Əminov və Məmmədrəsud Camalov olub.

1932-ci ildə ibtidai məktəb yeddillik, 1939-cu ildə isə onillik təhsil ocağı kimi fəaliyyətini davam etdirib.

1941-ci ildə alman faşizminə qarşı müharibə başlayandan müəllimlərin də bir qismi cəbhəyə getdiyinə görə, kadr çatışmazlığı yaranıb və məktəb yenidən yeddiillik məktəbə çevrilib. Müharibəyə gedən müəllimlərdən 17 nəfərin "qara kağızı" gəlib.

1951-ci ildən orta məktəb kimi fəaliyyət göstərən Suvagil məktəbi həmişə onun başını uca edən məzunları ilə fəxr edib. Onlardan elmin müxtəlif sahələri üzrə alimlik dərəcəsinə yüksəlmiş Osmat Əminovun, Məmməd Çobanzadənin, Xalıq Vahidovun, Arif Məmmədovun, Rasim Mirzəyevin, İsmayıl Yusibovun, Bəhram Mehdiyevin, SSRİ DTK-sında çalışmış podpolkovnik Məmməd Məmmədovun və digərlərinin adı indi də hörmətlə çəkilir. Fatma Əminova isə kəndin ilk ali təhsilli qadın müəlliməsi olub.

Məktəbin tarixi ərzində məzunlardan 200-dən çox müəllim və xeyli kənd təsərrüfatı mütəxəssisi yetişib. Suvagildə fəaliyyət göstərən iki orta məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə yüzə yaxın müəllim məşğul olur.

Hazırda Suvagil kəndinin 4817 nəfər əhalisi, 1396 təsərrüfatı var. Evlərin sayı isə 887-dir. Kəndin 1525 hektarlıq ümumi torpaq sahəsinin 184 hektarı dövlət mülkiyyətində, 1024 hektarı bələdiyyə mülkiyyətində, 317 hektarı xüsusi mülkiyyətdədir. Kənddə bir 40 yerlik və bir 90 yerlik uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Müasir 550 yerlik mədəniyyət evi və kənd klubu, həmçinin kompüter və təzə avadanlıqlarla təchiz edilmiş kitabxana suvagillilərin ixtiyarındadır. 15 çarpayılıq kənd xəstəxanasında 4 həkim, 22 tibb işçisi, 14 kiçik tibb işçisi və 6 təsərrüfatçı çalışır.

Suvagildə maldarlıq və qoyunçuluqdan əlavə taxılçılıq, bostançılıq və bağçılıqla da məşğul olurlar. Kənddə arıçılığa, quşçuluğa, atçılığa maraq göstərən də az deyil. Ötən il 523 nəfər kənd sakininə 484,4 hektar sahənin becərilməsi üçün 19376 manat subsidiya verilib.

Kənddə abadlıq-quruculuq işlərinə də diqqət yetirilir. 1 nömrəli orta məktəb üçün 10 sinif otağı tikilib, 2 artezian quyusu qazılıb. Qonşu Gözbarax kənd artezianından Suvagilə əlavə su xətti çəkilib. Elektrik tipli ATS 100 nömrə artırılaraq abonentlərin sayı 400-ə çatdırılıb. Kəndin yolları asfaltlaşdırılıb. Muxax çayı üzərində körpü, çayın sol sahilində kəndin sel sularından mühafizəsi üçün 300 p/m həcmində beton bənd tikilib.

Suvagilin özünəməxsus qəhrəmanlıq və vətənpərvərlik ənənələri var. İkinci Dünya müharibəsində iştirak edən 283 suvagillidən 163-ü döyüşlərdə həlak olub. 80 nəfərə yaxın kənd sakini Qarabağ müharibəsi veteranıdır. Erməni işğalçılarına qarşı döyüşlərdə 8 şəhid verən Suvagil hələ də 4 itgin övladının həsrətini çəkir. Suvagillilər böyüməkdə olan nəsli qəhrəmanlıq, torpağa, vətənə sevgi ruhunda yetişdirməyə çalışırlar. Hazırda Suvagildən 40-a yaxın gənc Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdədir. Hər bir kənd sakininin ən böyük arzusu işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsidir.

Suvagildə əhalinin əksəriyyəti saxurdur. Kənddəki orta məktəblərin 1-4-cü siniflərində saxur dili də tədris olunur.

Yerli sakinlər qeyd edir ki, oğul evləndirib, qız köçürmək məsələsində heç bir milli-etnik maneə yoxdur. Gəlin azərbaycanlı da, avar da, rus da ola bilər və ya suvagilli qız hansı millətdən olmasına baxmayaraq, istədiyi oğlana ərə gedə bilər. Təki könüldən-könülə yollar görünsün.

Suvagildən ayrılanda kənd sakinləri bildirdilər ki, heç bir çətinliyimizlə bağlı ümidsiz deyilik, bilirik ki, dövlətimizin diqqəti və qayğısı sayəsində hər bir işimiz avand olacaq.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.-21 iyun.- S. 1.