Mətbuat xidmətlərinin informasiya əldə edilməsindəki roluna dair birgə layihəyə start verilmişdir

 

Azərbaycan Mətbuat Şurası və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi mətbuat xidmətlərinin informasiya əldə edilməsindəki roluna dair birgə layihəyə start vermişlər.

Şuradan AzərTAc-a bildirmişlər ki, layihə çərçivəsində Quba və Tərtər rayonlarında mətbuat xidmətlərinin təmsilçiləri üçün ikigünlük treninq-məşğələlər keçiriləcəkdir. Tədbirlərdə həmçinin, ətraf bölgələrin yerli və mərkəzi hakimiyyət orqanlarının mətbuat xidmətləri təmsilçilərinin iştirakı nəzərdə tutulmuşdur. İlk treninq iyulun 8-dən 9-dək, digəri isə iyulun sonunda keçiriləcəkdir. Təlimlərin aparılması üçün Avropadan iki tanınmış ekspert layihəyə cəlb edilmişdir.

Layihədən məqsəd mətbuat xidməti institutunun, ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaq, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirmək, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdir.

 

 

Azərbaycan.- 2011.-21 iyun.- S.3.