Gəncliyə Prezident qayğısı

 

Tarixən gənclik hər bir xalqın, dövlətin inkişafında mühüm rol oynayan təbəqə sayılıb, ictimai-siyasi, mədəni həyatın bütün sahələrində müşahidə olunan inkişaf və tərəqqi prosesinə layiqli töhfəsini verib. Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycanın ötən illərdə əldə etdiyi möhtəşəm uğurlarda gəncliyin rolu böyükdür. Respublikamızın dövlət müstəqilliyinin bərpası prosesində canı, qanı ilə iştirak edən, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi prosesində öncüllüyü ilə seçilən Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində layiqli mövqe tutur.

Respublikamızda gənclər və idman sahəsində qazanılan uğurlar dövlətimizin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan birinə çevrilib. Dövlət və xalq qarşısında məsuliyyətini dərk edən Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

Gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar daxilində hər zaman geniş meydan verməyin tərəfdarı kimi çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu həssas təbəqəyə daim yüksək diqqət və qayğı ilə yanaşıb. Dövlət başçısının bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulmuş gənclər və idman siyasətinin məntiqi davamı kimi diqqətəlayiqdir.

Son səkkiz ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında uğurla davam etdirilən gənclər siyasəti onların cəmiyyət həyatında fəal iştirakını təmin edir. Dövlət başçısı gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə hələ 30 avqust 2005-ci il tarixdə - "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər Dövlət Proqramında əksini tapıb. Ümumilikdə, proqram çərçivəsində həyata keçirilən tədbirlər gənclər siyasəti sahəsində mühüm irəliləyişlərə səbəb olub.

Azərbaycanda gənclər siyasətinin daha dolğun və hərtərəfli təşkili üçün Prezident İlham Əliyev 2006-cı ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından öz gücünü və potensialını səfərbər etməsi prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Gənc nəslə qayğı siyasətini davam etdirən dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" sərəncamı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sərəncam gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi daşıyır.

Həmin sərəncamın imzalanmasından cəmi bir neçə gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğur qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi də gəncliyə qayğı siyasətinin mühüm tərkib hissəsidir. Dövlət başçısı görüşdə son illər gənclər siyasəti sahəsində görülən işlərdən danışdı. Eyni zamanda, bu fəal sosial zümrənin qayğı və problemlərinin həlli üçün əlavə tədbirlərin həyata keçirilməsi vacibliyindən söz açaraq dedı: "Ümumiyyətlə, son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür və bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, bu, çox vacibdir. O ki qaldı proqrama, hesab edirəm ki, orada ilk növbədə, gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülmüşdür, yüz minlərlə yeni iş yeri, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir və elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq".

Dövlət başçısı gənclərlə görüşdə bu təbəqənin peşə hazırlığı məsələsinə də toxundu. Peşəkar kadr hazırlığı istiqamətində əlavə tədbirlərin həyata keçiriləcəyini bildirdi. Biz görürük ki, ölkə rəhbərinin gənclərin elmi-intellektual səviyyəsinin yüksəlməsinə, respublikanın gələcəyi baxımından vacib olan intellektual kadr potensialının formalaşdırılmasına xüsusi diqqətlə yanaşır. Qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük əhəmiyyət verir. Xüsusi proqram əsasında 2015-ci ilədək 5000 gəncin xarici ölkələrdə ali təhsil almağa göndərilməsi buna əyani sübutdur. Bu da yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etmək deməkdir.

Dövlət başçısı gənclərlə aprel ayında keçirdiyi görüşdə bu məsələyə bir daha toxundu, müasir menecerlər sinfinin formalaşması vacibliyini xüsusi vurğuladı: "Gənclərin peşə hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə ölkəmizin indiki inkişaf dinamikası bunu tələb edir. Bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, orada peşəkar kadrlar, menecerlər elə hazırlanır ki, onlar istənilən sahədə işləyə bilərlər. Bizdə də elə olmalıdır".

Ümumilikdə, Prezident İlham Əliyev gənclərlə görüşdə bu təbəqənin istedadlı nümayəndələrini maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdi, onlara dəyərli tapşırıq və tövsiyələr verdi. Ümumilikdə, belə görüşlərin keçirilməsi gənclərin ictimai həyatdakı rolunun artırılması, onların fəal sosial zümrə kimi təşkilatlanması baxımından mühüm əhəmiyyətə malikdir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidentinin məqsədi yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gəncliyin formalaşdırılmasıdır. Odur ki, gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Son illərdə Azərbaycanda idmanın kütləviləşməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Respublikanın bütün bölgələrində tikilən möhtəşəm Olimpiya idman kompleksləri, dünya standartlarına cavab verən qurğular, atıcılıq stendləri, otüstü xokkey meydançaları, tennis kortları da gənclərin məhz belə bir ovqatda köklənməsinə hesablanıb. Respublikamızda dünya və Avropa miqyaslı turnirlərin təşkili, gənc nəslin bədən tərbiyəsinə marağının artması dövlət başçısının həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət strategiyasına əsaslanır. İdman və bədən tərbiyəsinin inkişafı naminə həyata keçirilmiş kompleks tədbirlər respublikanın idman imicinin yüksəldilməsi ilə yanaşı, uşaq və gənclərin fiziki-mənəvi tərbiyəsində də mühüm rol oynayır. Dövlət başçısı gənclərlə görüşdə bu məsələyə də toxunub: "İlk növbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir. İkinci məsələ, əlbəttə ki, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün peşəkar idmançılar da hazırlamalıyıq. Bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Eyni zamanda, bu, gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət göstərir. Hər bir beynəlxalq yarışda, hər bir mötəbər yarışda Azərbaycan bayrağının qaldırılması bizdə haqlı olaraq qürur hissi doğurur və fəxr edirik ki, idmançılarımız, bizim yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar".

Sevindirici haldır ki, ölkəmizdə hərtərəfli biliyə, məsuliyyət hissinə, geniş dünyagörüşə, xalqın milli, əxlaqi, humanist, mədəni dəyərlərinə yiyələnən, millətini, Vətənini sevən, qoruyan, şərəfini uca tutan sağlam nəsil yetişməkdədir. Təhsil aldığım Bakı Dövlət Universitetinin çoxsaylı tələbə gəncləri üzərlərinə düşən məsuliyyətini yaxşı başa düşür, dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin həlli prosesində yaxından iştirak etməyə çalışırlar.

 

 

Orxan FİRDOVSİOĞLU,

BDU-nun beynəlxalq hüquq və

beynəlxalq münasibətlər fakültəsinin

III kurs tələbəsi

 

Azərbaycan.- 2011.-21 iyun.- S. 7.