Azərbaycan EPPO-nun fəal üzvüdür

 

İyunun 21-də Bakıda Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) fitosanitar qaydaları üzrə işçi qrupunun 49-cu konfransı öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransda 21 dövlətdən, o cümlədən Almaniya, Böyük Britaniya, Fransa, Avstriya, Belçika, İsveçrə, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna və başqalarından 31 nümayəndə iştirak edir.

Tədbiri açan kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan əhalisinin 48 faizi rayonlarda, kəndlərdə yaşayır. Aqrar sahədə 1,5 milyon nəfər çalışır. Bu da iqtisadiyyat sahəsində çalışanların 39 faizi deməkdir. Azərbaycanda aqrar sahənin inkişafı üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılmışdır.

Nazir diqqətə çatdırmışdır ki, hazırda dünyada ən vacib məsələlərdən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bu məsələyə lokal, regional və qlobal formada yanaşmaq lazımdır. Azərbaycan fitosanitariya sahəsində bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən 2007-ci ildən EPPO-nun üzvüdür. Ötən il Fransada keçirilmiş 51 üzv dövlətin təmsil olunduğu EPPO-nun növbəti payız sessiyasında ölkəmiz təşkilatın İcraiyyə Komitəsinə üzv seçilmişdir. EPPO-nun konfransının Bakıda keçirilməsi ölkəmizlə beynəlxalq nüfuzlu təşkilatlar arasında fitosanitariya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

EPPO-nun baş direktoru Arnitis Ringolds bildirmişdir ki, Azərbaycana ikinci dəfədir gəlirəm. Bakıda olmağımdan çox məmnunam. Ölkənizdə fitosanitariya sahəsinin inkişafı üçün mühüm işlər görülür. Azərbaycan EPPO-nun fəal üzvüdür. Azərbaycanın fitosanitariya sahəsində təcrübəsinin öyrənilməsində maraqlıyıq. O, konfransın məhsuldar və uğurlu olacağına əminliyini bildirmişdir.

Tədbirdə bitki mühafizəsi və karantini sahəsində qəbul edilmiş standartlar, EPPO-ya üzv olan ölkələrin karantin zərərli orqanizmlərin siyahısının təkmilləşdirilməsi, əkin və səpin materiallarının risk analizlərinin aparılması, MDB və Şərq ölkələrində fitosanitar nəzarət və nümunələrin seçilməsi, meşə təsərrüfatında fitosanitar standartların tətbiqi və digər gündəlikdə duran məsələlər müzakirə edilmişdir.

Beynəlxalq konfrans iyunun 24-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-22 iyun.- S.3.