Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı

 

İyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı olmuşdur.

Yeji Buzek və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

Avropa Parlamentinin sədri bu yaxınlarda Azərbaycana etdiyi səfərin əhəmiyyətinə toxunaraq ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, viza rejiminin sadələşdirilməsi, regional təhlükəsizlik, "Şərq tərəfdaşlığı" Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıqla bağlı səmərəli müzakirələrin aparıldığını dedi.

Y.Buzek enerji sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Avropa Parlamentinin məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini vurğuladı.

Prezident İlham Əliyev Y.Buzekin Bakıya səfərinin Azərbaycan ilə Avropa Parlamenti arasında tərəfdaşlığın inkişafına töhfə verəcəyini dedi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan öz siyasətini Avropa İttifaqı ölkələrinin siyasəti ilə mümkün qədər çox uzlaşdırmağa çalışır. Əcnəbi şirkətlər üçün Azərbaycanda yaradılmış şəraitə toxunan Prezident İlham Əliyev ölkəmizə yatırılan xarici sərmayələrin həcminin artdığını bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının da müzakirə olunduğunu deyən Prezident İlham Əliyev əlavə etdi ki, yalnız Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də Avropa Komissiyasının sədri Xose Manuel Barrozu status-kvonun davam etdirilməsinin yolverilməz olduğunu bəyan etmişlər.

Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu qeyd edən dövlətimizin başçısı bu işğala son qoyulduqdan sonra Cənubi Qafqaz regionunun inkişafının təmin olunacağını vurğuladı.

Azərbaycan ilə Avropa İttifaqı arasında geniş əməkdaşlığın olduğunu qeyd edən Prezident İlham Əliyev "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində münasibətlərin, xüsusilə də Avronest Parlament Assambleyasının təsis edilməsinin əhəmiyyətini vurğuladı.

Sonra jurnalistlərin sualları cavablandırıldı.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 iyun.- S. 2.