Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey mətbuata bəyanatlarla çıxış etmişlər

 

İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey görüşdən sonra mətbuata bəyanatlarla çıxış etmişlər.

Avropa İttifaqının prezidenti Herman Van ROMPEY Azərbaycan Prezidentini Brüsseldə salamladı. O, "Eurovision" mahnı müsabiqəsindəki qələbə münasibətilə təbriklərini çatdırdı. "Avropanın bütün dairələri gələn il Bakıya toplaşacaq və Azərbaycanı diqqət mərkəzinə çevirəcəkdir", - deyən Herman Van Rompey bildirdi ki, Avropa İttifaqı Azərbaycan ilə əlaqələrin gücləndirilməsinə sadiqdir. Bu, sentyabrda Varşavada keçiriləcək "Şərq tərəfdaşlığı" Sammitinə hazırlıq və gözləntilərdə də əks olunmuşdur.

Varşava sammitini həm Avropa İttifaqı, həm də onun tərəfdaşlarının məqsədlərinə sadiqliklərini yeniləmək üçün bir imkan olacağını deyən Avropa İttifaqının prezidenti buraya "Şərq tərəfdaşlığı"nı möhkəmləndirən dəyər və prinsiplərə birgə sadiqliyin, xüsusilə demokratik prinsiplər və təcrübələrin, insan hüquqlarına hörmətin, yaxşı idarəçiliyin və qanunun aliliyinin daxil olduğunu diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Herman Van Rompey Avropa İttifaqının öz qonşuluğunda uzun müddət davam edən bu münaqişənin sülh yolu ilə nizamlanmasına güclü dəstək verdiyini vurğuladı. "Əsas Prinsiplərə əsaslanan sənədi tamamlamaq üçün əlavə cəhdlər göstərməyin vaxtı çatmışdır", - deyən Avropa İttifaqının prezidenti münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəklədiyini diqqətə çatdırdı. Bildirdi ki, Aİ-Azərbaycan əlaqələrinin digər mərkəzi elementi enerji sahəsidir və təmsil etdiyi qurum əmindir ki, Azərbaycan Avropa bazarlarını gələcəkdə əhəmiyyətli həcmdə enerji ilə təmin etməyə davam edəcəkdir.

"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bizim bu əlaqələrimizin uzun tarixi var və bu gün bu münasibətlər yeni bir mərhələyə daxil olur", - deyən Prezident İlham ƏLİYEV "Şərq tərəfdaşlığı" Proqramının fəal dialoq üçün yeni imkanlar yaratdığını vurğuladı. Dövlətimizin başçısı İlham Əliyev dedi ki, üzərində işlənilən Assosiativ saziş bir çox sahələri əhatə edəcək və bizi Avropaya daha da yaxınlaşdıran uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaratmağa imkan verəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı bu yaxınlarda verdikləri bəyanatın həvəsləndirici olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir, münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktının sənədləri əsasında həll edilməlidir bəyanatı bizi olduqca həvəsləndirdi. "Ərazilərimiz işğaldan azad olunandan sonra yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarına qayıtmaları üçün biz münaqişənin tez bir zamanda həllini istəyirik", - deyən Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığının artıq yaxşı tarixinin olduğunu, bu gün Avropanın enerji resurslarımızın əsas istehlakçısına çevrildiyini diqqətə çatdırdı. Bu ilin yanvarında Bakıda Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun iştirakı ilə imzalanan "Cənub" qaz dəhlizi ilə bağlı bəyannamənin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu sənədin gələcəkdə Avropanın alternativ, etibarlı və böyük qaz resursları əldə edə bilməsinə imkan verəcəyini bildirdi.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla davam edəcəyinə əmin olduğunu dedi.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 iyun.- S.2.