Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafından danışılmışdır

 

Mərakeş Krallığında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Krallığın keçmiş dövlət başçılarının - Kral V Məhəmmədin və Kral II Həsənin xatirəsini ehtiramla yad etmiş, dəfn olunduqları məqbərənin önünə əklil qoymuşdur.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, sonra QMİ-nin sədri ölkə parlamentinin Nümayəndələr Palatasının sədri Abdelvahed Radi, Müşavirlər Palatasının sədri Məhəmməd Şeyx Beydilla, Krallığın vəqflər və islam işləri naziri Əhməd Tofiq ilə görüşmüşdür.

Görüşlərdə hər iki ölkə müsəlmanlarının müştərək mənafelərinə xidmət edən məsələlər və xalqlarımız arasında mövcud tarixi, dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir. Nümayəndələr Palatasının sədri Abdelvahed Radi ilə görüşdə şeyxülislam A.Paşazadə Prezident İlham Əliyevin salamlarının və ölkəmizə səfər etmək üçün dəvətinin Mərakeş Kralı VI Məhəmmədə çatdırılmasını xahiş etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan QMİ-nin sədri bu məsələdə Mərakeşin ölkəmizə göstərdiyi daimi dəstəyə görə minnətdarlığını bildirmişdir.

A.Radi beynəlxalq təşkilatlar çərçivəsində Qərbi Səhra probleminin həlli istiqamətində Mərakeş Krallığının səylərinin və təkliflərinin ölkəmiz tərəfindən dəstəklənməsindən məmnunluğunu diqqətə çatdırmışdır. O, Kral VI Məhəmməd tərəfindən ölkənin yeni konstitusiya layihəsinin elan edilməsindən sonra və ümumxalq referendumu ərəfəsində Mərakeş xalqının yaşadığı tarixi dövrdə səfərin həyata keçirilməsindən məmnun olduğunu bildirmişdir.

A.Radinin Azərbaycana səfər etməsi ilə bağlı QMİ sədrinin dəvəti məmnunluqla qəbul olunmuşdur.

Səfər çərçivəsində nümayəndə heyətinin tərkibinə daxil olan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Cavanşir Paşazadə Mərakeş-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüş, ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə etmişlər.

Krallığın parlamenti Nümayəndələr Palatasının sədri A.Radinin dəvəti əsasında reallaşmış səfər çərçivəsində nümayəndə heyətinin Fes və Kasablanka şəhərlərinə səfəri nəzərdə tutulmuşdur. Səfər iyunun 24-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-24 iyun.- S. 5.