Minskdə VI Belarus Beynəlxalq media forumu öz işini davam etdirir

 

Minskdə VI Belarus Beynəlxalq media forumu öz işini davam etdirir. Forumda 21 ölkədən olan jurnalistlər və media ekspertləri iştirak edirlər.

Bu tədbirdə Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

İyunun 22-də nümayəndələr Qələbə meydanındakı abidənin önünə əklil qoymuş, sonra Minsklə tanışlıq ekskursiyası keçirilmişdir. Elə həmin gün media forumun nümayəndələri "Xoroşki" Belarus Dövlət xoreoqrafiya ansamblının "Qəlbin yaddaşı" adlı yeni proqramı ilə tanış olmuşlar.

Bu gün Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutunun bazasında Yay Jurnalistika Məktəbi təşkil ediləcəkdir. Məktəbin proqramına Belarusun və xarici ölkələrin aparıcı jurnalistlərinin ustad dərsləri daxildir. Yay Jurnalistika Məktəbi son illərdə keçirilən analoji forumların fərqləndirici xüsusiyyətinə və özünəməxsus cövhərinə çevrilmişlər.

Forumda ən mühüm hadisə iyunun 24-də Milli Kitabxanada 500-dən çox jurnalistin iştirakı ilə keçiriləcək plenar iclas olacaqdır. Bu iclas çərçivəsində "Belarus Respublikası müasir geosiyasi proseslər kontekstində", "Sivil vəhdət Birlik dövlətlərinin suveren inkişafının əsasıdır", "Siyasi reallıqların formalaşmasında kütləvi informasiya vasitələrinin yeni rolu" mövzularında diskussiyalar təşkil ediləcəkdir.

İyunun 25-də media forumun iştirakçıları Mir şəhərindəki qəsr kompleksin və Nesvijsk saray-park ansamblı ilə tanış olacaqlar. Elə həmin gün jurnalistlər dövlətlərin həyatında KİV-lərin xüsusi roluna həsr olunmuş qətnamə qəbul edəcəklər.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Minsk

 

Azərbaycan.- 2011.-24 iyun.- S. 5.