Böyük ürəkli - böyük Azərbaycanım!

 

Mən tarixçi deyiləm. Amma, tariximiz qanımda qaynayır...

Neçə vaxtdır düşüncələr axtarışındayam. Rahatlığın nə olduğunun yolundayam - yolçusuyam...

Azərbaycanımın səsinin "Eurovision"dan, nəinki Avropaya, dünyaya "meydan oxuduğunu" eşidəndə, fikirlər dünyasına qərq oldum - hardandır, hansı qərinələrdən gəlirdi dünyaya oxunan bu səs, bu ucalıq?..

Qərinələr səsi...

Dədə Qorqud sazlı-söhbətli çaldığı deyildimi mənim bu səsim? Nizamilər, Füzulilər şeiriyyəti oxunmurdumu hamının başa düşəcəyi, dərk olunacağı millətimin bu səsi? "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" - deyə yerə, göyə meydan oxuyan, sərpa soyulan Nəsiminin, "Mənəm Allah" - deyə şaqqalanan Babəkimin hayqırtısı deyildimi Azərbaycanımın bu səsində?

Hər necə olsa da, eşitdiklərim yeni dünyanın - Yeni Azərbaycanın qərinələrdən gələn, cavanlaşan, gəncləşən səsiydi. Qədim muğamatımızın üstündə köklənib işıqlığa göz açan yeni bir doğuluşuydu.

Bəli, meydan oxuyurdu dünyaya Azərbaycanın səsi! Düşünürəm, meydan oxumaq qərinələrdən gəldiyi kimi, bu günlərimizdə də davam etdirilməsi təsadüfdən deyil...

Heç bir azərbaycanlı unutmamalıdır ki, Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk günlərdən də sovet imperiyasına meydan oxumağa başladı. Bu da onunla nəticələndi ki, lap cavanlığından, 24 yaşından, sovetlər imperiyasının repressiyasına məruz qalıb iki dəfə ölüm kamerasına salınan millətçi, təhlükəli insan kimi adı daim KQB-nin nəzarətində olan el ağsaqqalına sovetlər imperiyasının da ən yüksək mükafatının təqdim edilməsinə nail oldu və sanki dünyaya bəyan etdi, mənim Azərbaycanım daha arxasız, sahibsiz deyil! Heç bir respublika rəhbəri cəsarət etmədiyi halda, Heydər Əliyev, siyasi karyerasını Azərbaycan naminə təhlükə altına qoymaqdan belə çəkinmədən millətçi insana arxa durmaqla birbaşa imperiyaya meydan oxudu.

Millət yolunda, millət naminə hər mürəkkəbliyə gedən insanlara xalq arasında "Allah adamı" deyilməsi də təsadüfdən yaranmayıb. Dərk edənə də, etməyənə də bu o deməkdir ki, Allah özü bu şəxsiyyəti Azərbaycana göndərib. Süleyman Rəhimovun da sinəsində parlayan ulduzu bu, "Heydər ulduzu"dur kimi dəyərləndirməsi də təsadüfdən meydana gəlməyib.

Bəli, heç də təsadüfi deyildi, tanınmış ziyalılarımızın təbirincə desəm, şir ürəkli, fil dözümlü Süleyman Rəhimov Heydər Əliyevin respublika rəhbərliyinə yüksəlişini böyük ürəklə qarşıladı. İlk olaraq da hələ 1969-cu ildə, Mərdəkanda Yeseninin abidəsinin açılışı zamanı, daha sonralar, 1978-ci ildə Ali Sovetin sessiyasında Heydər Əliyevə qarşı hazırlanan siyasi sui-qəsd zamanı, nəinki Heydər Əliyevi, Azərbaycan varlığını müdafiəyə qalxan Süleyman Rəhimovun çıxışı tarixi həqiqətdir: "Nəhayət, Azərbaycan xalqının lideri gəldi. Nəhayət, bu xalq rahatlıqla nəfəs ala bilər. Əgər Allaha inanırıqsa, demək olar ki, Allah özü qarşımızdadır?.. Allah özü bizim xalqımıza Heydər Əliyev kimi müdrik bir insanı göndərib" (Stenoqramdan).

Bu o dövr idi ki, Brejnevin ağır xəstəliyi ilə əlaqədar Sovet İttifaqının rəhbərliyi uğrunda gedən çarpışmalarda potensial rəqib kimi Heydər Əliyev şəxsiyyətinə qarşı edilən məkrli oyunların iştirakçılarından - Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Leninqrad vilayətinin birinci katibi Romanovun canfəşanlığı hamıya bəlli idi. Belə bir vaxtda xalq yazıçısının, daha çox imperiyaya ünvanlanan çıxışı o demək idi ki, xalq Allah adamını - Heydər Əliyevi bütün varlığı ilə müdafiə edir və edəcək də...

Heç bir azərbaycanlı unutmamalıdır ki, əvvəlki illərdə yazdığım kimi, hələ 1988-ci ildə hazırlanan, Azərbaycanın parçalanıb bir dövlət kimi Yer üzündən silinməsinin qarşısını məhz qüdrətli Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə alındı.

Bəli, "Heydər ulduzu"nun, bu günlərimizdə, yeni parıltısına beynəlxalq mahnı aləmindən gəlməsi də, dünyaya "meydan oxuması" da təsadüfi sayılmamalıdır.

Etiraf edilməlidir ki, Azərbaycan səsinin beynəlxalq mahnı yarışının dördüncü ilindəki qalibiyyəti haqqın səsi idi. Haqqına qalsa, əvvəlki üç ilin yarışında da qalibiyyət Azərbaycanın Tanrı qisməti kimi ölkəmizə təqdim edilməli idi. Bəlkə də münsiflərin heyranedici, tam yeni Azərbaycan musiqisini dərk etmək mümkünsüzlüyündən, bəlkə də düşdükləri sehrli-sirli aləmin ovsunluğunun nəticəsi idi ki, haqq öz yerini tuta bilmədi...

Nə gizlədim, mən özüm də gecəyarısı Azərbaycan gəncliyinin uğuruna istər-istəməz yerimdən qalxdım, bu ixtiyar yaşımda maşınıma əyləşib "Azneft" meydanından burulub Muzeylər Evinə çatanda səsli-küylü maşınlar meydanında, bu yeni Azərbaycan bayramına qovuşan, hər hadisəyə səbrlə diqqət yetirən polislərə iki kitabımı bəxş elədim - bu da mənim ilk bayram töhfəm oldu...

Mənə elə gəlirdi ki, hər hansı sənətkarımız, alimimiz dünya mükafatına - Nobel mükafatına layiq görüldüyündən aləm bir-birinə dəyib, hamı bir-birini təbrik edib "bayramımız mübarək" olsun deyirdi.

Qürurlanırdım...

Məmnunluğum bir daha o zaman artdı ki, dünya liderlərinin qəbul etdikləri, sözün əsl mənasında, Yeni Azərbaycanın müasir lideri İlham Heydər oğlu Əliyevin sərəncamı ilə növbəti beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda təntənəli keçirilməsi üçün xeyirxahlıq timsalı olan Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsi yaradıldı.

Mən əminəm ki, Bakımızda qeyd ediləcək bu mədəniyyət yarışı misli görünməyən təntənə şəraitində, dünyaya görk olan əfsanəvi günlər içində yaşanacaq - yaşadılacaq Azərbaycan mədəniyyəti!

Halallıq dünyamızın halallığı naminə, uğurlarımızın davamı kimi Azərbaycan torpaqlarını işğaldan azad etdiyimiz günlərdə "Heydər ulduzu" kimi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə də "Qarabağ ulduzu"nun təsis olunacaq gününü səbrsizliklə gözləyəcəyəm - böyük ürəkli, böyük Azərbaycan naminə...

 

 

Şamo ARİF

 

Azərbaycan.- 2011.-24 iyun.- S.6.