AMEA Rəyasət Heyətinin iclası keçirilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası "Palçıq vulkanizmi sisteminin seysmogeoloji modeli" mövzusunun müzakirəsinə həsr edilmişdir.

Akademiyadan AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat vermişdir.

Elmi məruzə ilə çıxış edən geologiya-mineralogiya elmləri doktoru Namaz Yusubov bildirmişdir ki, son illər əldə edilmiş yüksək keyfiyyətli 2D və 3D seysmik məlumatların geoloji interpretasiyası üzrə tədqiqatlara QGT və SK-ŞSP işlərinin nəticələri əlavə edilərək palçıq vulkanlarının morfoloji quruluşu, əmələgəlmə prosesi və onların mənşəyinin yerləşdikləri dərinliklər haqqında müfəssəl məlumatlar əldə etmək mümkündür. Aparılmış elmi-tədqiqat işlərindən danışan alim əldə edilmiş nəticələrə əsasən Yer təkində yaranmış karbohidrogen ehtiyatlarının fəza və məkanda paylanması, kiçik qiymətli hiposentrə malik zəlzələlərin yaranma mexanizminin tədqiqi kimi mühüm elmi və xalq təsərrüfatı əhəmiyyətli məsələlərin həll ediləcəyini qeyd etmişdir.

YUNESKO-nun Təbiət Elmləri sektorunun Elm, Texnologiya və İnnovasiya Araşdırmaları seksiyasının rəhbəri Eduardo Martinez və seksiyanın müşaviri Vəfa Mustafayev çıxış edərək YUNESKO tərəfindən Azərbaycanda elmi siyasət, texnologiya və innovasiya strategiyasının inkişafına göstərilən dəstəkdən, elmin idarə olunması və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışmışlar.

Tədbirdə texnika elmləri doktoru O.Nüsrətovun 70, akademik M.Abasovun 85 illik yubileylərinin keçirilməsi, AMEA-nın müxbir üzvü R.Qasımovun, kimya elmləri namizədi V.Quliyevin, kimya elmləri doktoru M.Qurbanovun, fizika-riyaziyyat elmləri doktoru S.Mehdiyeva və S.Kərimovanın AMEA-nın fəxri fərmanı ilə təltif olunması məsələsinə baxılmış və təsdiq edilmişdir.

İclasda akademik T.Nağıyevin AMEA Kimya elmləri bölməsi bürosunun üzvlüyünə təsdiq edilməsi və AMEA Geologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyası arasında imzalanan əməkdaşlıq protokolu haqqında məsələlər də müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-25 iyun.- S. 5.