Oğullar ataların yolu ilə gedir

 

Ötən əsrin 90-cı illərinə - Qarabağ savaşı başlayana kimi istefada olan mayor Rafiq Bayramovun yaşadığı ömür yolu bir çoxunun yaşadığından o qədər də fərqlənmir - orta məktəbi qurtarıb, hərbi xidmətdə olub, sonra ali təhsil alıb. Evlənib, uşaqları olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Aldığı təhsilin və oxuduğu kitabların nəticəsi olaraq xarakterində həm əzmkarlıq, həm yumşaqlıq, bir az da romantiklik var. Bu da sonrakı həyatında ona müəyyən maneələr yaratsa da, bəzi vaxtlarda dadına da çatıb, kömək də olub.

 

Vətəni müdafiəyə könüllülər gedir

 

Ali məktəbi qurtarıb hamı kimi kəndinə - Cəbrayıl rayonunun Daşkəsən kəndinə qayıtdı. Hamı kimi dərsinə gedib gəlirdi ki, Qarabağ savaşı başladı. Müharibə Bakıdan uzaqda, onların isə lap yanında idi. Torpaq iddiasında olanların da çoxunu tanıyırdılar. İllərdi pis-yaxşı qonşu idilər. Həm də buranın camaatı heç vaxt kimdənsə şikayətə öyrəşməmişdi, məsələni yerindəcə araşdırmağa, haqla-ədalətlə həll etməyə alışmışdı, əsrlər boyu dostla dost olmuşdu, düşmənlə düşmən.

Ona görə 1992-ci ildə məktəbi, dərsi buraxıb könüllü olaraq orduya yazıldı. Ona baxıb şagirdlərindən bir neçəsi oxumaq üçün köhnə sovetlərin hərbi məktəblərinə təhsil dalınca getdilər. Onlardan müharibə gedən müddətdə təhsilini başa vurub özünü döyüşə yetirib şəhid olan da var, bu gün də hərbi xidməti uğurla davam etdirən, tərxis olunan da...

 

İnsan təslim olmur

 

Sonrakı hadisələri isə onun dilindən eşidək:

- 10 oktyabr 1993-cü il idi. Həmin gün Prezident Heydər Əlyevin Bakıda andiçmə mərasimi keçirilirdi. Biz isə Quycaq kəndi uğrunda ermənilərə qarşı davamızı aparırdıq. Vəziyyət çətin, qüvvəmiz az idi. Komandir gərək ürəkli ola, qorxmaya. O, başını itirsə, əsgər onun qorxduğunu, narahatlıq keçirdiyini hiss etsə, döyüşü idarə etmək çox çətin olar...

Axır ki əsgərlərimizi ermənilərin atəş zonasından tələfatsız ötürə bildik. Özüm isə iki zabitlə ağır yaralandım. Nə qədər qəribə olsa da, mərmi partlayanda burnuma yanmış ət, kabab iyi gəldi. Sonra bildim ki, ayağımın biri parça-parça olub. Ermənilər yaxınlaşırdı və əsgərlərmiz bizi müəyyən qədər aparıb sonra: "Qayıdarıq, gedək köməyə adam çağıraq!" - adı ilə aralandılar. Çox cavandılar, nə deyəsən?..

"Komandir, mütləq gələcəyik!" - desələr də, daha heç kəsə ümidimiz və inamımız qalmamışdı. Birdən-birə məni ağlamaq tutdu. Mən həyatımda ikinci dəfə o cür Bakıda hərbi hospitalda ağladım...

- İki yoldaş - Azərlə mən bütün gücümüzü toplayıb sürünürdük, daha doğrusu, sürünməyə çalışırdıq. Gündüz saat 3-dən gecə saat 11-ə kimi cəmi 100-150 metr sürünə bilmişdik. Yatmaq istəyirdim, Azər imkan vermirdi:

- Gedək - deyirdi. - Mahmudluya qədər getsək, bizimkilərə çatarıq. Mahmudluya isə 10-12 km-lik bir məsafə vardı. Cek Londonun "Həyat eşqi" əsəri, oradakı qəhrəmanın əzmkarlığı yadıma düşdü. Mən bir anlığa da olsa, onun kimi olmaq, ölümə, erməniyə boyun əymək istəmirdim.

Sonra uşaqlarımı yadıma saldım, beş addım-beş metr qızıma, beş addım isə oğluma görə sürünmək qərarına gəldim. Ağrıya, əziyyətə, məsafəyə belə qalib gəlmək istəyirdim...

Hər ikimizin üstündə silah adına yalnız iki qumbara vardı. Sənədlərimizi əvvəlcədən qazıb basdırdıq ki, bir şey olsa, düşmən əlinə keçməsin... Azər dedi ki, ermənilər bizi tapsa, özümüzü partladaq, mən isə başqa fikirdə idim - özümüzlə birlikdə onları da məhv etmək... Heç birimiz əsir düşmək, erməni qabağında alçalmaq istəmirdik. Bütün bu söhbətlər, əzab-əziyyətlər və sürünmələr gecə saat 11-ə qədər davam etdi. Saat 11-də bizimkilər gəlib çıxdılar. Bizi əvvəlcə Horadizə, oradan da Bakıya apardılar...

İndi də hər il həmin günü - 10 oktyabrı Azərlə birlikdə ad günümüz-doğum günümüz kimi ailəlikcə yığışıb qeyd edirik. Bir il bizdə, bir il onlarda...

 

Torpaq yeyən əsgər və 80 yaşlı qoca

 

- Bizim cavanlar torpağı da, qələbəni də çox sevirlər. Müharibənin qaydası belədir, döyüş meydanında öləni də, yaralananı da birinci görən onların əsgər yoldaşları olur. Onlara ilk köməyə çatan, onları ilk ağlayan da elə əsgərlər özləri olur. O döyüşlər vaxtı çox ağlamışam. Yadımdadır, bir kəndi ermənilərdən geri aldıq. Əsgərlərimizdən biri sevindiyindən torpağı götürüb yedi. Elə bil, bütün dünyanı ona vermişdilər. Sonra onu da itirdik.

Bir də heç yadımdan çıxmır - bu hadisələrdə kəndimizdən Bakıya 80 yaşında bir qoca gəlmişdi. Hər gün oyanıb yerindən duran kimi soruşurdu: "Kəndi qaytardılarmı?" Eləcə də soruşa-soruşa ölüb getdi...

 

Bugünkü orduya qədər gəldiyimiz yol

 

Onda könüllülər vardı, amma peşəkar ordu yox idi. Əsgər adı ilə topladığımız gənclər axşamlar evlərinə gedir, səngərlər, demək olar, boş qalırdı. Qapı-qapı düşüb əsgərləri toplayırdıq. Komandir heyəti, əsasən, orta təhsillilərdən ibarət idi. Vuruşurdular, amma bu, o demək deyildi ki, hərbi bilirlər, nizam-intizamı bilirlər. Amma istənilən halda hər bir orduya kömək etmək lazımdır. Ona görə mən də hərbi hospitalda 4 ay müalicə olunduqdan sonra hərbi xidmətimi davam etdirmək qərarına gəldim. Ta 2007-ci ilin payızına kimi. Ordudakı dəyişikliklər, demək olar, mənim gözlərimin qarşısında keçib. Əvvəlki illərlə müqayisədə indi ordudakı fərq göylə yer qədərdir. Ən başlıcası, nizam-intizam var, Mübariz kimi, Fərid kimi fədakar oğullar, gözəl vətənpərvərlik nümunələri mövcuddur. Bunlar ordu üçün, əsgər üçün, elə cəmiyyət üçün də olduqca vacibdir, əhəmiyyətlidir. Eləcə də müəyyən tarixi günlərdə, bayramlarda hərbi paradların təşkilinin, keçirilməsinin bizim əsgər üçün, eləcə də qarşıda duran erməni üçün nə demək olduğunu təsəvvür etmək belə çətindir...

 

"Mən Bakıda yaşamaq istəmirəm..."

 

- Hər il 26 iyunda döyüş dostlarımızla Şəhidlər xiyabanında görüşüb şəhidlərimizi yad edirik. Bu, artıq bizim üçün bir ənənədir. Necə ki 10 oktyabrı hər il doğum günümüz kimi qeyd edirik. Mən də, dostlarım da Bakıda yaşamaq istəmirik. Öz torpaqlarımızı, öz kəndimizi istəyirik. Ondan ötrü indi də vuruşmağa, döyüşə geyməyə hazırıq. Azərin də oğlu, mənim də oğlum hərbi xidmətdədir. Bizim yolumuzu davam etdirirlər, özü də qürurla, mərdliklə. Bircə arzumuz var: onlar heç vaxt bizim kimi ağlamasınlar.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-26  iyun.- S.  4.