ATƏT-in sədri Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün yekunlarına dair açıqlama yaymışdır

 

İyunun 25-də ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün yekunları ilə bağlı açıqlama yaymışdır.

AzərTAc ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, A.Ajubalis açıqlamasında Dağlıq Qarabağ münaqişəsi üzrə hərtərəfli sülhə nail olmaq üçün davamlı səylərin vacibliyini vurğulamışdır.

"Mən bir sıra məsələlər üzrə razılıq əldə olunmasını alqışlayıram. Çünki bunlar əsas prinsipləri təsdiq etmək üçün şərait yaradacaqdır. Ümidvaram ki, qalan məsələlərin həlli üzrə iş davam etdiriləcək və bu, münaqişənin həlli üçün yol açacaqdır", - deyə ATƏT-in sədri qeyd etmişdir.

A.Ajubalis bildirmişdir ki, ATƏT üçtərəfli səviyyədə, Minsk qrupu və təşkilatın sədrinin şəxsi nümayəndəsi tərəfindən göstərilən səyləri dəstəkləməyə hazırdır. Bu səylər Cənubi Qafqazda qeyri-sabitliyə və qarşıdurmaya son qoyacaqdır.

Atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini vurğulayan ATƏT-in sədri tərəfləri görüşlərdə əldə olunan razılaşmalara riayət etməyə, həmçinin təmas xəttində mümkün insidentləri araşdırmağa, güc tətbiq etməkdən imtina etməyə çağırmışdır.

 

 

Azərbaycan.- 2011.-26 iyun.- S.  5.