Azərbaycanda QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsi Avropanın ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev "QHT-hökumət əməkdaşlığının effektiv modeli" mövzusunda Budapeşt şəhərində keçirilən regional konfransda iştirak edir.

Şuradan AzərTAc-a bildirmişlər ki, Avropa İttifaqı və ECNL təşkilatı tərəfindən keçirilən konfransda A.Quliyev "Azərbaycanda QHT-hökumət əməkdaşlığı" mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda Azərbaycanda QHT sektorunun inkişaf dinamikası, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri, QHT qanunvericiliyi, QHT-lərin dövlət proqramlarında iştirakı və onların maliyyələşdirilməsi mexanizmləri, qaydaları, layihələrin qiymətləndirmə proseduru haqqında geniş məlumat verilmişdir.

Təqdimatdan sonra Şura sədri konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.

Konfransda QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsinin Azərbaycan modeli iştirakçıların böyük marağına səbəb olmuş və Avropanın ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, QHT-lərin maliyyələşdirilməsinin Azərbaycan modeli bir sıra Avropa ölkələri ilə müqayisədə daha səmərəli və üstün xüsusiyyətlərə malikdir. Şuranın müsabiqə qaydaları, seçim meyarları, layihə qiymətləndirməsinin mərhələləri, layihələrin və ekspertlərin kodlaşdırılması, apelyasiya komissiyasının fəaliyyəti Avropanın analoji qurumlarının təmsilçiləri tərəfindən əsl örnək kimi qəbul edilmişdir.

Tədbirdə Monteneqro, Ukrayna, Gürcüstan və Bolqarıstan təmsilçiləri Azərbaycan təcrübəsinin yaxından öyrənilməsi və gələcək əməkdaşlıq əlaqələrinin yaradılması üçün ölkəmizə səfər etmək istədiklərini bildirmişlər.

 

 

Azərbaycan.- 2011.-26  iyun.- S.  6.